Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu

“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu

“Əsrin müqaviləsi”nin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər.
Heydər ƏLİYEV
Ümummilli lider


Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında 1994-cü ildə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə Hasilatın pay bölgüsü sazişinin imzalanması yenicə müstəqillik qazanmış ölkəmiz üçün tarixi hadisə idi. Bu müqavilə ümummilli lider Heydər Əliyevin gərgin zəhməti hesabına gerçəkləşdi. Ulu öndər həmin sazişə təkcə Azərbaycana firavanlıq, sosial rifah gətirəcək iqtisadi sənəd kimi baxmırdı. O, “Əsrin müqaviləsi”ni, həm də Azərbaycanın istiqlalını qoruyacaq saziş kimi dəyərləndirirdi. 

Dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşan 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş ötən müddətdə müasir Azərbaycanın tarixində mühüm rol oynayıb. Bu müqavilə ilə respublikamız özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan edib, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərib.
Qeyd etdiyimiz kimi, müqavilənin bağlanmasında ümummilli lider Heydər Əliyev misilsiz rol oynayıb. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın siyasi-iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoyub. “Əsrin müqaviləsi”nin bağlanması isə müstəqil dövlətimizin neft strategiyası və doktirinasının əsasına çevrilib, xalqımızın öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərib. 
Dahi şəxsiyyətin yeni neft strategiyasının reallaşdırılmasında onun ən böyük silahdaşı məhz o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti cənab İlham Əliyev olub. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan möhtərəm İlham Əliyev xalqımızın milli maraqlarına yönələn müqavilə şərtlərinin reallaşdırılması üçün gərgin əmək sərf edib. Prezident İlham Əliyev hələ o vaxt deyib: “Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaqdır. 

Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcəkdir. Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir. Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır. Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacaqdır. Azərbaycan neft satışından milyardlarla dollar götürəcəkdir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan verəcəkdir. Nəticədə, güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcəkdir”.
Beləliklə, “Əsrin müqaviləsi” ilə müstəqilliyini bir daha bütün dünyaya nümayiş etdirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu sübuta yetirdi. Sözügedən müqavilənin imzalanmasına həsr olunan təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev bu barədə deyib: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətinə sahib olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş ölkələri, onların ən böyük şirkətləri arasında əlaqələr yaratdıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdıq”.
Yeri gəlmişkən, Hasilatın pay bölgüsü haqqında Saziş (HPBS) keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulan ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.
“Azəri”-“Çıraq”-“Dərinsulu Günəşli” (AÇG) neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 metr dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir. Cari ilin birinci yarısının sonuna ümumi investisiya həcmi 36 milyard dollardan çox olub. İndiyədək AÇG yatağından ümumilikdə 3,6 milyard bareldən çox neft hasil edilib. 
Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: “Çıraq” yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri” Layihəsi Mərhələ 1 – “Mərkəzi Azəri” gəlir. Orada hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı 2-ci faza “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən “Çıraq Neft Layihəsi” davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə “Azəri Mərkəzi Şərqi” layihəsidir. Bu layihəyə 2019-cu ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. “Azəri Mərkəzi Şərqi” layihəsi hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.
Hazırda AÇG yatağından gündə təxminən 550 min barel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.
AÇG yatağının işlənməsinin böyük uğurunu nəzərə alaraq, Azərbaycan Hökuməti və AÇG tərəfdaşları düzəliş və yenidən təsdiq edilən sazişi 2017-ci il sentyabr ayının 14-də imzalayaraq sözügedən sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar. 
Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir. Saziş növbəti otuz ildə AÇG üzrə iştirakçı şirkətlərin AÇG yatağının uzunmüddətli işlənmə potensialını yeni investisiyalar, yeni texnologiyalar və yataqdan hasilatı maksimuma çatdırmaq üçün yeni birgə səylər hesabına açmaq üçün Azərbaycan Hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərinə zəmanət verir.
AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var. Bu vaxtadək AÇG-dən hasil edilən 3,6 milyard barreldən çox neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının artması ehtimalı var və yeni sazişin icrası müddətində bu rəqəm daha da artacaq.
Cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 272 milyon dollar əməliyyat və 657 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 542 min barrel və ya ümumilikdə təqribən 98 milyon barrel, yəni 13 milyon ton olub. İyun ayının sonunda AÇG-də ümumilikdə 124 neft hasilat, 44 su və 7 qaz injektor quyusu istismarda olub. İki rüb ərzində AÇG-də 7 neft hasilat quyusu qazılıb. Hazırda AÇG-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.
Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri AÇG layihəsinin həyata keçirilməsinin vacib və ayrılmaz tərkib hissəsidir. Hazırda AÇG yatağından hasil olunan həcmin böyük hissəsi dünya bazarlarına bu boru kəməri vasitəsilə çatdırılır. BTC, üç ölkənin ərazisindən keçərək 1 768 kilometr məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir. O, Azərbaycandan Gürcüstana keçərək Aralıq dənizinə çatır. Orada Türkiyənin Ceyhan şəhərində yeni bir dəniz terminalı inşa edilib. BTC kəməri beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən bir marşrutdur.
BTC boru kəməri tranzit əraziyə malik ölkələr üçün xeyli gəlir gətirib və Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə kömək edib. BTC kəmərinin ötürücülük qabiliyyəti gündə bir milyon barel təşkil edən layihə gücündən hazırda gündə 1,2 milyon barelə qədər artırılıb. Bu günə qədər həmin boru kəməri vasitəsilə təxminən 3,3 milyard barel (təxminən 440 milyon ton) xam neft Xəzərdən Aralıq dənizinə təhlükəsiz və etibarlı şəkildə nəql olunub. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

18 2019 23:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə