Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan əhalisi Paşinyanın qeyri-real vədlərinə inanmır

Ermənistan əhalisi Paşinyanın qeyri-real vədlərinə inanmır

Ermənistanda sosial-iqtisadi vəziyyətin, işsizlik və yoxsulluğun ­acınacaqlı həddə olması artıq ölkə KİV-i tərəfindən də təsdiqlənir. Xüsusən baş ­nazir Nikol Paşinyanın hakimiyyəti zəbt etməsindən sonra vəziyyət daha da pisləşməkdədir. Paşinyan küçə və meydanlarda xalqa bolluca vədlər vermişdi. Təxminən bir il ərzində erməni xalqı onun bütün vədlərinin blef olduğunu gördü və artıq ondan üz döndərməkdədir.

Qeyd etməliyik ki, bu gün Ermənistanın iqtisadi durumu  ağırdır, maliyyə çatışmazlığı yüksək həddədir, işsizliyin həcmi artmaqdadır. Müstəqilliyin ilk illərində işsizlik səviyyəsi tək rəqəmli ədədlə ifadə olunsa da, sonrakı dövrdə artmış, 2018-ci ildə 17,71 faiz olmuşdur. Amma real rəqəmlər, təbii ki, daha böyükdür. 2016-cı ildə ölkə parlamentində qeyri-rəsmi işsizlik səviyyəsinin 35 faiz olduğunu və 1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı həddə yaşadığı bildirilmişdi. Hazırda Ermənistanda rəsmi statistikaya əsasən, əhalinin dörddə biri yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşamaqdadır. Ölkənin ümumi dövlət borcu və maliyyə resurslarına ehtiyacı sürətlə artmaqdadır. Miqrasiya dalğası günü-gündən genişlənir. Asiya İnkişaf Bankı Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Beynəlxalq Valyuta Fondu isə ölkənin dövlət borcunun artacağını proqnozlaşdırır. 
Belə ağır bir durumda Nikol Paşinyan xalqa növbəti yalanını – “Ermənistan 2050 – Strateji İnkişaf Sənədi”ni sırımağa çalışır. Hazırda sənəd ölkədə ciddi müzakirə olunmaqdadır. Mütəxəssislər “strateji sənəd”də verilən vədlərin yenə də reallıqdan uzaq olduğunu qeyd edirlər. Elə beynəlxalq təşkilatlar tərəfindən verilən proqnozlar da bu cürdür. Ümumi fikir belədir ki, “Ermənistan 2050 – Strateji İnkişaf Sənədi”ndə ölkənin maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunmuşdur. Bütövlükdə, sənəd qeyri-real hesablamalara əsasən tərtib edilmişdir.
İqtisadçılar bəyan edirlər ki, hər il beynəlxalq ictimaiyyətdən maliyyə dəstəyi uman, bu məqsədlə xarici ölkələrdə xeyriyyə marafonları keçirən bir dövlətin 30 ildən sonra məvacibləri 7 dəfədən çox artıracağı ilə bağlı verdiyi vədlər, əlbəttə, real vəziyyətlə əlaqəsi olmayan hədəflər kimi qiymətləndilir. Onların fikrincə, Ermənistan əhalisinin əsas yaşayış və maliyyə mənbəyi ölkə xaricində yaşayan ermənilərdir. Erməni lobbisinin bir əli daim ölkənin üzərindədir. Xarici ölkələrdə çalışan miqrantlarların Ermənistana yolladıqları maliyyə vəsaitləri onların ailələrinin yoxsulluq səviyyəsi ilə nisbi mübarizə aparmasına güclə bəs edir. 
Dünya Bankının hesabatına əsasən, 2000-2018-ci illər ərzində Ermənistana göndərilən maliyyə vəsaitləri artan xətt üzrə inkişaf edib. Vəsaitin böyük bir hissəsi (təxminən 70 faizi) Rusiyada işləyən ermənilər tərəfindən göndərilir. Məhz ona görədir ki, iqtisadçılar xarici ianələr, diaspor və miqrantların ölkəyə köçürdükləri maliyyə vəsaitləri üzərində qurulan primitiv iqtisadi modelin “Ermənistan 2050 - Strateji İnkişaf Sənədi”ndə göstərilən hədəflərə çatmaq potensialına malik olmadığını bildirirlər. 
Elə Ermənistanın “Yerkramas” informasiya agentliyi dünənki buraxılışında xalqa “Hökumətin ezamiyyət xərcləri üçün pulu yoxdur” sərlövhəli məlumatını təqdim edir. Məlumatda bildirilir ki, hökumət ezamiyyət üçün nəzərdə tutulmuş xərcləri artırmaq haqqında qərar qəbul edib. Hökumətin saytında dərc edilmiş layihəyə əsasən, illik ezamiyyət xərclərini 310 milyon dram (600 min dollardan çox) artırmaq nəzərdə tutulur. Bu vəsaitin 60 milyon dramı xarici nümayəndələrin qəbuluna, 250 milyon dramı isə rəsmi xarici ezamiyyətlərə ayrılacaq. 
Xəbərin sonunda informasiya agentliyi qeyd edir ki, 2019-cu ilin dövlət büdcəsində rəsmi xarici ezamiyyətlər üçün 350 milyon dram nəzərdə tutulur. Amma hökumətin bu məbləği haradan alacağı məlum deyil. 
Əlavə edək ki, işğal olunmuş Azərbaycan ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur. Azərbaycanın bu ölkəni beynəlxalq və regional layihələrdən təcridetmə siyasəti əvvəlki iqtidarlar kimi, Paşinyan hakimiyyətini də sərt reallıqlar qarşısında qoyur. Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ - Ermənistandır... Vəssalam!” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutaraq “miatsum” deməsi də Ermənistan vətəndaşlarını yenidən hərbi ritorika ilə, qondarma “Böyük Ermənistan” vədləri ilə aldatmaq niyyətindən irəli gəlir. Birmənalı şəkildə aydındır ki, Paşinyanın həm hərbi, həm siyasi, həm də iqtisadi proqramları reallığa deyil, populizmə, kütlənin emosiyalarını oxşamağa hesablanıb. Əhali artıq bu yalançı vədlərə qəti şəkildə inanmır. Ona görə də ölkədə narazılıq pik həddə çatıb.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

18 2019 23:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə