Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elm üçün döyünən ürək

Elm üçün döyünən ürək

Bu günlərdə 60 illik yubileyini qeyd etdiyimiz görkəmli filoloq alim, akademik Nizami Cəfərovun çoxsaylı yetirmələrindən biri kimi özümə mənəvi borc bildiyim fikirləri ifadə etməzdən əvvəl aforistik səciyyəli bir deyimi yada salmaq istəyirəm: “Bir xalqın böyüklüyü onun sayca çoxluğu ilə deyil, tarixdə yetirdiyi böyük dühaları, böyük simaları ilə müəyyən edilir.” Azərbaycan elmi sferasında geniş yayılmış bu aforizmin hikməti adı xalqımızın ən sanballı, sayılıb-seçilən alimləri ilə bir sırada çəkilən akademik Nizami Cəfərova da tam mənası ilə aid edilə bilər.

Böyük alimliklə bərabər həm də dəyərli şəxsiyyət olan Nizami müəllimin xarakterindəki ədalət hissi, həssaslıq, humanistlik, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər deyilən fikrin ona aid edilməsini bütün meyarlarla əsaslandırır. Bu mütəfəkkir şəxsin dünyagörüşünün inkişafı və zənginləşməsində, onun insan və vətəndaş kimi yetkinləşməsində, eləcə də elmi potensialının formalaşmasında, şübhəsiz, doğulub böyüdüyü mühitin də rolu az olmamışdır. Bunu akademik minnətdarlıq hissi ilə belə qeyd edir: “Mən həmin kənddə -- Qazax (indiki Ağstafa) rayonunun Zəlimxan kəndində “yerli” və “gəlmə”lərin “ziddiyyətli dil-ünsiyyət mühiti”ndə boya-başa çatdım”, ona görə də düşünürəm ki, mənim dil təfəkkürümdə müxtəlif türk tayfa (və xalq) dillərinin təbii (və tarixi) diferensiasiyası əks olunur.”
Orta məktəbin yuxarı siniflərində oxuyarkən jurnalistikaya coşqun həvəs göstərsə də, bu arzuya qovuşmaq ona nəsib olmadı. Tanrı xeyir-duası gələcəyin qüdrətli dilçi alimini filologiya istiqamətinə yönəltdi. Məhz həmin andan dilçilik elmimizin səmasında sanki yeni bir ulduz parladı. 
Tam cəsarətlə demək mümkündür ki, Nizami müəllimin bütün həyatı ana dilinə xidmət nümunəsidir. O, elmə gənc yaşlarından tükənməz yaradıcılıq enerjisi və həvəslə gəldi. Elmi yaradıcılığında, eləcə də insani keyfiyyətlərində hər an parlaq şəkildə təzahür edən bu təbii hiss və səmimiyyət bu gün də onun xarakterinin əsas cizgiləri kimi nəzərə çarpır. 
Akademikin yaradıcılığı tədqiqat obyekti baxımından son dərəcə zəngin və rəngarəngdir. Bu, alimin elmi maraq dairəsinin olduqca genişliyinə əsaslanır. O, dilçiliyin sintaksis, tarixi qrammatika, etimologiya, nitq mədəniyyəti və s. sahələrinə aid onlarca dəyərli elmi əsərin müəllifidir. Onun bütün bu sahələr üzrə tədqiqat işləri dilçiliyimizin qaranlıq məqamlarına bir mayak kimi işıq saçır, dilimizin tarixi yaddaşına səyahət üçün yol göstərir. N.Cəfərovun tədqiqatları problemin həllinə orijinal yanaşma, araşdırma üsullarının özünəməxsusluğu, faktlarının dolğunluğu və s. baxımından əvvəlki nümunələrdən müsbət mənada fərqlənir. Ana dilimizlə bağlı elə bir məsələ, elə bir problem yoxdur ki, bu görkəmli alimin dərin zəkası, yüksək intellekti ondan yan keçsin.
Professor Nizami Cəfərovun elmi maraq dairəsinin əsasını ilk növbədə türkologiyanın ümumi problemləri təşkil edir. Böyük fəxrlə deyə bilərik ki, onun adı yalnız ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda da türklük ideologiyasının əsas simalarından, türkologiya elminin ən görkəmli nümayəndələrindən biri kimi məşhurdur. Adının “türk dili tarixinin əvəzsiz araşdırıcısı” professor Əhməd Cəfəroğlu və Ziya Göyalp kimi dühalarla yanaşı çəkilməsi onun türk dünyası mühitində unikal bir şəxs olmasından xəbər verir.
Görkəmli alimin Azərbaycan dilinin ən aktual problemlərinə həsr olunmuş çoxlu sayda sanballı əsəri vardır. Ensiklopedik bilik sahibi olan Nizami müəllim özünəməxsus üslubu ilə fərqlənən elmi məktəb formalaşdırmışdır. Təvazökarlıqdan uzaq olsa da, böyük bir qürur hissi ilə deyə bilərəm ki, tale mənə də bu məktəbin nümayəndələrindən biri olmağı nəsib etmişdir.
Nizami Cəfərov görkəmli alim olmaqla yanaşı, həm də böyük müəllimdir. Elmi yaradıcılığında səmimi olduğu kimi, pedaqoji fəaliyyətində də eyni təbii hissərlə özünə dərin hüsn-rəğbət qazanmışdır. Elm ilə döyünən ürək sahibi olan Nizami müəllim xeyirxahlığı və humanistliyi özünə həyat idealı seçmişdir.
“Sizə edilən ən kiçik bir yaxşılığı heç vaxt unutmayın, etdiyiniz ən böyük yaxşılığı isə heç zaman xatırlamayın” prinsipini özünün həyat amalına çevirən bu böyük müəllim həmişə fəaliyyətini bu yolla davam etdirir. Nizami müəllim azacıq bir istedad sahibi olan hər bir yetirməsini həmişə ürək genişliyi ilə irəli çəkir, himayəsini ondan əsirgəmir. Bu məqamda Aristotelin məşhur bir deyimini xatırlamaq yerinə düşər: “Kamillik yalnız biliyin dərinliyində, hisslərin zənginliyində deyil, eyni zamanda iradənin qüvvəsindədir.” Onlarla gənc onun bilavasitə iradəsi, xeyirxahlığı və köməyi sayəsində elm aləminə qədəm qoymuş, dilçiliyimizin inkişafında xidmətləri olan alim kimi yetişmişdir. 
Təkcə Azərbaycan dilçiliyi deyil, bütövlükdə türkologiya üçün yüksək ixtisaslı kadrların hazırlanmasında Nizami müəllimin pedaqoji fəaliyyətinin xüsusi əhəmiyyəti vardır. BDU-nun filologiya fakültəsində dekan vəzifəsində işləyən, ümumi dilçilik kafedrasını yenidən yaradıb uzun illər ona rəhbərlik edən Nizami müəllim yüksək natiqlik məharəti olan ritorik alim kimi də yüksək qiymətləndirilir. İstər tələbə auditoriyası, istərsə də ictimai-kütləvi məclis olsun, Nizami müəllimin nitqi xüsusi intonasiyası, səs tonu, aydınlığı və rəvanlığı ilə həmişə seçilir. Fikrin səlis və düzgün, eyni zamanda, poetik üsluba yaxın bir tərzdə ifadə olunması onun nitqinə xüsusi gözəllik verir. Nəinki ixtisas-fənn tələbləri, hətta auditoriyanın önündən keçən tamam kənar adamlar da bu ecazkar nitqin təsiri ilə ayaq saxlayır, Nizami müəllimin maraqlı ritorikasını dinləmək həvəsinə düşürlər.
Milli Məclisin deputatı Nizami Cəfərov ölkəmizdə təkcə dəyərli alim və böyük müəllim kimi deyil, həm də görkəmli ictimai xadim olaraq tanınır. Azərbaycanda Atatürk Mərkəzinin direktoru vəzifəsində çalışan professor N.Cəfərov həm də Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin, Dövlət Dil Komissiyasının və Milli Məclisin mədəniyyət komissiyasının üzvüdür. O, müxtəlif illərdə dünyanın bir sıra ölkələrində keçirilmiş qurultay və konfranslarda iştirak edərək Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmişdir və həmin missiyasını bu gün də inamla davam etdirir.
Nizami müəllimin dilçiliklə bərabər həm də çox geniş və məhsuldar ədəbiyyatşünaslıq yaradıcılığı vardır. Klassik və müasir ədəbiyyatımızın müxtəlif problemlərinə həsr olunmuş dəyərli əsərləri ona bu sahədə də böyük nüfuz qazandırmışdır.
Akademik N.Cəfərovun elmi yaradıcılığı təkcə filologiya elminin hüdudları ilə qapanmır. Onun çox geniş spektri əhatə edən ictimai məzmunlu yazıları alimin bu sahədə də ciddi tədqiqatçı olduğunu təsdiq edir. Təsadüfi deyil ki, Nizami müəllim ölkəmizdə ən nüfuzlu azərbaycanşünaslardan biri kimi tanınmışdır. 
Görkəmli alimin xidmətləri yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə professor Nizami Cəfərov Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, AMEA-nın həqiqi üzvü seçilmiş və “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Başlanğıcda sevimli müəllimim haqqında yazmaq üçün söz tap-mağın çətin olacağını düşünərək nə qədər həyəcanlanırdımsa, yekunda öz mənəvi borcunu, bir damla da olsa, yerinə yetirmiş tələbə kimi ürəyim bir qədər sakitləşdi. Əminəm ki, üzvü olduğum Nizami Cəfərov elmi məktəbi dünya durduqca öz aktuallığını qoruyub saxlayacaq, xalqımızın mötəbər bilik məxəzi sayılacaqdır. 

 

Ədalət ABBASOV,
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

18 2019 23:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə