Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində Bilik Günü keçirilib

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində Bilik Günü keçirilib

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

Layihənin məqsədi xüsusi ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnun təmin edilməsi, həmçinin leykemiya xəstəsi olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların informasiya-kompüter texnologiyaları biliyinin artırılmasına nail olmaq və potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır.

Tədbirdə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru Zöhrə Əlimirzəyeva qeyd edib ki, leykemiyalı uşaqlar il ərzində bir neçə dəfə müalicə olunur və həmin dövrdə uşaqların təhsildən kənarda qalmaması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Təhsil və Səhiyyə nazirliklərinin dəstəyi ilə “Nobel-T” şirkətinin həyata keçirdiyi “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi həmin problemin aradan qaldırılmasına xidmət göstərir. Onun verdiyi məlumata görə, müalicə alan və distant təhsilə qoşulmaq istəyən şagirdlər üçün hər cür şərait yaradılıb, onlara təhsil verilməsi üçün müvafiq İKT avadanlıqları ilə təmin edilib, müəllim, şagird və valideynlər üçün təlimlər təşkil olunub. Dərslərdə ümumilikdə elektron resurslar, elektron dərsliklər və video dərslərdən istifadə edilir.

Tədbirdə təhsil nazirinin müşaviri Nigar Bağırlı, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Aynurə Zeynalova və başqaları çıxış edərək layihə çərçivəsində keçilən dərslərlə yanaşı musiqi, texnologiya və təsviri incəsənət dərslərinin də həm distant, həm də canlı keçirilməsinin uşaqlarda müsbətə dəyişikliklərə səbəb olduğunu bildiriblər. Qeyd olunub ki, stasionar xəstələrlə bərabər eyni fənlər ambulator xəstələrə də tədris edilir və bu, onların təhsillərinə müsbət təsir göstərir, analizlərinin cavabını gözləyərkən gərginlik, əsəb yaranmasının qarşısını alır və əhval-ruhiyyəni normal saxlayır.

Sonra təhsildə fərqlənənlərə tərifnamələr və müxtəlif hədiyyələr təqdim olunub.  Yeni dərs ilinin başlandığını bildirən zəng çalınıb.

Tədbir iştirakçıları leykemiyalı xəstələrin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 16:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə