Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-da Bilik Günü qeyd olunub

ATU-da Bilik Günü qeyd olunub

Yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Tibb Universitetində Bilik Günü qeyd olunub. Mərasimdə universitetin rektoru professor Gəray Gəraybəyli ATU ailəsinə daxil olan yeni tələbələri təbrik edib, onlara təhsil müddətində uğurlar arzulayıb. G.Gəraybəyli ATU-da hər bir tələbəyə xüsusi qayğı ilə yanaşıldığını, universitetdə müəllimlər və tələbələr arasında səmimi münasibətin mövcud olduğunu qeyd edib.

Professor G.Gəraybəyli 2019/2020-ci tədris ilində Azərbaycan Tibb Universitetinin Prezident təqaüdçülərinin sayına görə bu il birinci yerdə olduğunu xüsusi vurğulayaraq bu faktın da ATU-nun nüfuzunun göstəricisi olduğunu bildirib.

ATU-nun əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva universitet kollektivi adından çıxış edərək yeni tədris ilində həm müəllimlərə, həm də tələbələrə uğurlar arzulayıb.

Qeyd edək ki, bu il 25 prezident təqaüdçüsü ATU-nu seçib. Onlar arasında qəbul imtahanında respublika üzrə ən yüksək bal – 695 bal toplayan Təhmin Muradovdur. T.Muradov çıxış edərək, Tibb Universitetində yüksək keyfiyyətli təhsil alıb Azərbaycan üçün peşəkar həkim kimi yetişəcəyinə, insanların sağlamlığının keşiyində duracağından əminliyini bildirib.

Bilik Gününə həsr olunmuş mərasimdə ATU-nun birinci kurs tələbələri – bu ilki qəbul imtahanında ən yüksək bal toplayan 3 gəncə notebook hədiyyə olundu. T.Muradovla yanaşı, Məhəmməd Ağamalıyev (694,3 bal), Samilə Qədəşova (693 bal) da ATU rəhbərliyi tərəfindən mükafatlandırılıblar.

2019/2020-cu tədris ilində Azərbaycan Tibb Universitetinə 770 tələbə qəbul olub. Qeyd edək ki, ötən illə müqayisədə, ATU-ya qəbul olanların sayı artıb. Belə ki, keçən tədris ilində 715 nəfər ATU tələbəsi adını qazanmışdı.

Bu il ATU-nun müalicə işi fakültəsinə 483 nəfər, (441 nəfər Azərbaycan, 42 nəfər rus bölməsi), Tibbi-profilaktika fakültəsinə 49 nəfər (35 nəfər Azərbaycan, 14 nəfər rus bölməsinə), Stomatologiya fakültəsinə 68 nəfər, (55 nəfər Azərbaycan, 13 nəfər rus bölməsinə), Əczaçılıq fakültəsinə 68 nəfər(54 nəfər Azərbaycan, 14 nəfər rus bölməsinə), Hərbi həkim fakültəsinə 65 nəfər qəbul olub.

Bununla yanaşı, Hərbi feldşer fakültəsinə də 24 nəfər qəbul olub. Bu il həm də 13 nəfər Magistraturaya qəbul olub. 2019/2020-cu tədris ilində hazırlıq şöbəsini 396 nəfər (keçən il - 576) xarici ölkə vətəndaşı müvəffəqiyyətlə başa vurub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 12:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə