Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir və icra hakimiyyətinin başçısı Aqrar universitetdə

Nazir və icra hakimiyyətinin başçısı Aqrar universitetdə

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni dərs ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində olublar.

Nazir İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir, fermerlərə subsidiyalar və güzəştli kreditlər verilir. İnam Kərimov deyib ki, aqrar sahənin ən əsas şərtlərindən biri də savadlı, müasir dünyagörüşlü mütəxəssislər yetişdirməkdir. Bu baxımdan zəngin tarixə və ənənələrə malik, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilir. Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı sektoruna, aqrar təhsil və elminə diqqəti və qayğısı sayəsində Universitetin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, müasir yataqxanalar inşa edilib, tədris korpusları əsaslı təmir olunub. Nəticədə Universitetdə aqrar sahədə çalışan yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün bütün şərait yaradılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində başlatdığı islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirildiyini  vurğulayıb. Məzunlara uğur arzulayan icra hakimiyyətinin başçısı vurğulayıb ki, aqrar sahənin inkişafı həm də ADAU-da hazırlanan kadrların yüksək təhsil alması ilə bağlıdır.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov son illərdə universitetdə kənd təsərrüfatı və dövlət sifarişli ixtisaslar üzrə təhsil alanların sayının əhəmiyyətli dərəcədə artmasını təqdirəlayiq hal kimi qiymətləndirib. İbrahim Cəfərov universitetin maddi-texniki bazasının müasirləşdirilməsi və rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi, eləcə də yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Rektor mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb.     

Daha sonra qəbul imtahanında yüksək nəticə əldə edən tələbələrə mükafatlar verilib. Tədbirdə çıxış edən tələbə və valideynlər aqrar təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Nazir İnam Kərimov ADAU-nun Mühəndislik fakültəsinin əsaslı təmir olunmuş mərtəbəsi, “Erasmus+” proqramı çərçivəsində Nizami layihəsi üzrə doktorant mərkəzi, Elektron Energetika Laboratoriyası, Təlim-Məsləhət Mərkəzi, Biotexnologiya və biokimya laboratoriyası, Bitkiçilik auditoriyası, Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsində elmi-tədqiqat, balıq yetişdirmə laboratoriyalarına baxış keçirib. Yeni fəaliyyətə başlayan ADAU TV internet televiziyasının studiyası ilə tanış olan nazir kollektivə uğur diləyib. Daha sonra nazir 1034 yerlik Tələbə Evində tələbələr üçün yaradılan şəraitlə tanış olub. Nazir İnam Kərimov  Aqrotexnologiya fakültəsinə, Magistr Hazırlığı Mərkəzinə, Aqrar İqtisadiyyat fakültəsinə,  eləcə də tədris-təcrübə təsərrüfatında heyvan kəsimi məntəqəsinə, tədris-təcrübə fermasına baş çəkib.  Təsərrüfatda görülən işlər, tələbələrin təcrübi biliklər əldə etməsi üçün yaradılan şərait barədə nazirə məlumat verilib. İnam Kərimov ADAU-nun tədris-təcrübə təsərrüfatının maddi-texniki bazasının təkmilləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını deyib. Kənd Təsərrüfatı naziri həmçinin ADAU-nun yeni tədris korpusunun tikinti işləri ilə maraqlanıb.   

Qeyd edək ki, 2017/2018-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə 1185, 2018/2019-cu tədris ilində 1292 tələbə qəbul olunub. Bu il universitet tarixində ilk dəfə olaraq tələbə qəbulu ən yüksək həddə - 1315 nəfərə çatıb. 2019/2020 tədris ilində bu ali təhsil ocağına tələbə qəbulu planı 92% yerinə yetirilib.

Ali məktəblərə qəbul imtahanlarında 400 baldan yuxarı bal toplamış və Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı ixtisaslarını seçmiş tələbələrə 100 manat, 500 baldan yuxarı toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

18 2019 11:59 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə