Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Azərbaycanda musiqi bayramı başlayır

Bu gün Azərbaycanda musiqi bayramı başlayır

18  sentyabr  Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsinin təşəbbüsçüsü Xalq artisti, maestro Niyazi olub. 1995-ci ildə isə ulu öndər  Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınıb.
Ü. Hacıbəyli  milli musiqi xəzinəsini yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını yazıb. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir.
 Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd edilib.
Budəfəki  Milli Musiqi   Günü  Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı  ilə  davam edəcək. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il sentyabrın 18-dən 30-dək  Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalına ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna  və Gürcüstanın tanınmış musiqi kollektivləri  və ifaçıları qatılacaqlar. Onların arasında   Çukurova Dövlət Simfonik Orkestri, Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, eləcə də  Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Georgi Çelidze, Ümid İsrailov... vardır.
 Azərbaycan sənətçilərindən  Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov da  festivala  qoşulacaqlar.  
Bütövlükdə  festival  günlərində 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Beynəlxalq Muğam Mərkəzində “Xəlqilik, millilik, beynəlmiləllik” adlı konsert proqramı festivalın ilk günü  təqdim olunacaq.
Festivalın təntənəli açılış mərasimi  Azərbaycan Dövlət Akademik Filarmoniyasında  keçiriləcək. Tədbirdə Xalq artisti, bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist kimi  Rusiyanın violin ifaçısı, P.Çaykovski adına XVI beynəlxalq müsabiqəsinin qalibi Sergey Doqadin çıxış edəcəklər. Proqramda Üzeyir Hacıbəylinin  “Koroğlu” operasından üvertüra, Yan Sibeliusun skripka və orkestr üçün konserti və görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 6-cı  simfoniyası səsləndiriləcək.   
Sonrakı  günlərdə Bəstəkarlar İttifaqında, Dövlət Akademik Opera və Balet  Teatrında, Beynəlxalq Muğam Mərkəzində, Heydər Əliyev Sarayında, Dövlət Mahnı Teatrında tədbirlər  davam etdiriləcəkdir.  Azərbaycan Bəstəkarlar İttifaqında Soltan Hacıbəyovun 100 və İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş “dəyirmi masa” və kamera musiqisi konsertinin keçirilməsi də nəzərdə tutulur.
Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor, professor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə konsert təşkil olunacaq.
Söz yox ki, Üzeyir Hacıbəyli XI  Beynəlxalq Musiqi Festivalının proqramı olduqca  zəngindir  və söz yox ki, bu, mədəni həyatımızda mühüm hadisəyə çevriləcəkdir.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

18 2019 10:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə