Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müəllim ixtisasının nüfuzu ildən-ilə yüksəlir

Müəllim ixtisasının nüfuzu ildən-ilə yüksəlir

Sentyabrın 15-də növbəti dərs ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan I tədris ilinin tələbələri ilə görüş keçirilib. Bu toplantıda məqsəd yeni qəbul olunan tələbələri ali məktəbin həyatı ilə tanış etmək, onlara tədris və imtahan prosesi barədə lazımi məlumat vermək olub. Görüşdə fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, müəllimlər, tələbələr və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

ADPU-nun İitimaiyyətlə əlaqələr və marketinq şöbəsindən aldığımız məlumatda bildirilir ki, böyük iclas salonunda keçirilən ümumi toplantıda ali məktəbin və fakültələrin rəhbərliyinin təmsilçiləri tələbə-gəncləri universitetə qəbul olunmaları və yeni tədris ili münasibətilə təbrik edərək onlara yeni uğurlar arzulayıblar. Yüksək balla universitetə qəbul olunmuş gənclərə hədiyyələr və tələbə biletləri təqdim edilib. Tələbələri və valideynləri maraqlandıran suallar cavablandırılıb.

Görüşdə vurğulanıb ki, peşə, ixtisas seçimi hər bir gəncin həyatında mühüm rol oynayır. Müəllimlik şərəfli, müqəddəs və eyni zamanda məsuliyyətli peşədir. Ölkə rəhbərliyi müəllim hazırlığına xüsusi diqqət yetirir. Azərbaycan cəmiyyətində müəllim peşəsinin ictimai nüfuzu durmadan yüksəlir. Bildirilib ki, son illər yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilən  ADPU-nu seçənlərin sayı artıb. Bu il  365 gənc 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.

Filologiya, riyaziyyat, kimya və biologiya, tarix və coğrafiya, məktəbəqədər təhsil, incəsənət və fiziki tərbiyə, fizika, ibtidai təhsil  fakültələrində davam edən tanışlıq görüşlərində tələbələrə dərsə davamiyyət, Boloniya prosesi, kredit sistemi, davranış qaydaları, tələbələrin hüquq və vəzifələri, kitabxanadan istifadə, tələbə ictimai təşkilatları və ictimai-mədəni tədbirlərdə iştirakları barədə ətraflı məlumat verilib.   

Görüşlərdə tələbələr təhsil alacaqları fakültənin dekanlığı, kafedraları, tədris auditoriyaları, dərs cədvəlləri və elmi-tədqiqat laboratoriyaları ilə tanış ediliblər.

 

R.TAHİR,
“Xalq qəzeti”

17 2019 15:07 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə