Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dağlıq Qarabağ məsələsində Azərbaycanın ən etibarlı tərəfdaşlarından biri

Səudiyyə Ərəbistanı bizə görə Ermənistanla heç bir diplomatik əlaqə saxlamır

Dağlıq Qarabağ məsələsində Azərbaycanın ən etibarlı tərəfdaşlarından biri

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr mehriban dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına ilk səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi münasibətlər sonrakı illərdə durmadan inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində dövlət başçılarımız arasında, eləcə də digər səviyyələrdə keçirilmiş çoxsaylı görüşlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına təkan verib. Səudiyyə Ərəbistanı həmişə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyir, işğalçılıq siyasəti aparan Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edir. Həm Bakıda, həm də Ər-Riyadda hamı əmindir ki, ölkələrimiz arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcək.

Sevindirici haldır ki, bu əməkdaşlıq cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Bəzi məqamlara diqqət yönəltsək, həmin  arqumentin təsdiqini görəririk. Məsələn, bu il fevral ayının əvvəlində şahidi olduğumuz bir faktı yada salaq. Xatırladaq ki, Azərbaycanın  İslam və ərəb dünyası ilə ikitərəfli münasibətlərin inkişafında Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin xüsusi yeri vardır.  Bakı ilə Ər-Riyad müxtəlif, o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlıq edir. Bu ölkənin hüquqşünaslarından ibarət geniş nümayəndə heyətləri Azərbaycana səfərlər edib, məhkəmə-hüquq islahatlarımıza və müsbət təcrübəmizə maraq göstərilib, həmçinin Krallığın ədliyyə naziri müavininin  respublikamıza səfəri zamanı iki nazirlik arasında əməkdaşlıq haqqında hazırlanmış Anlaşma Memorandumunun layihəsi razılaşdırılıb.

Həmin sənədin imzalanması məqsədilə Səudiyyə Ərəbistanı Krallığı ədliyyə nazirinin dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri, Məhkəmə --Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərlik etdiyi Azərbaycan  nümayəndə heyəti bu günlərdə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

Səfər zamani İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan nümayəndə heyətini qəbul edib. Azərbaycanla əməkdaşlığın inkişafının Səudiyyə Ərəbistanı üçün prioritet olduğunu bildirən Kral, hökumətlərarası komissiyanın səmərəli fəaliyyətini məmnuniyyətlə qeyd edib, bu səfərin ikitərəfli əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyini, habelə ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini vurğulayaraq, regionda sülhün bərqərar olmasında maraqlı olduğunu bildirib.

Keçirilən bütün görüşlərdə Səudiyyə Ərəbistanı rəhbərliyinin tapşırığına əsasən respublikamızla əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi və müsbət təcrübələrin bölüşülməsi ilə bağlı niyyət ifadə olunub, habelə son illər Azərbaycana səfər edən ərəb turistlərinin sayının artmasının ölkəmizə olan böyük marağın təzahürü olduğu vurğulanıb.

Həmin səfərdən xeyli əvvəl isə  Bakıda Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdi. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti  ilə görüşmüşdü.

Regiondakı təhlükəsizlik vəziyyətinə toxunan Müdafiə naziri Dağlıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərəbistanın daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr  yaratmadığına görə minnətdarlığını bildirmişdi. Dost ölkənin müdafiə naziri, general-mayor Əli bin İbrahim Fəvvaz Bakıda bəyan etmişdi ki,   müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və Azərbaycanın haqq işində ölkəsinin daim onun yanında olacaq. Xüsusilə vurğulanmalıdır ki, Bakı görüşü zamanı  hər iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, səfərlərin təşkili və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunmuşdu.

Dost ölkənin bu mövqeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanı qəbul etməsi zamanı da gündəliyə gətirilmişdi. Dövlət başçımız Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması ilə əlaqədar  Ermənistanla heç bir diplomatik əlaqə saxlamayan Səudiyyə rəhbərliyinə   qardaşlıq mövqeyi nümayiş etdirdiyinə görə təşəkkürünü ifadə etmişdidi. Siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa diqqəti artırmağın və xüsusilə qarşılıqlı ticarətin inkişaf etdirilməsinin önəmini vurğulamışdı.

Dost ölkənin dövlət naziri Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının mövqeyinin dəyişməz olduğunu demiş, ölkəsinin Azərbaycanla bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdi.

Səudiyyə Ərəbistanının milli günü ərəfəsində bu faktları sadalamağımız təsadüfi deyildir. Məqsədimiz onu deməkdir ki, istənilən istiqamətdə aparılan danışıqlar, müzakirə edilən məsələlər zamanı Azərbaycanın ərazi bütövlüyü daim gündəliyə gətirilir. Bizim rəsmilərimiz öz təşəkkürünü bildirir, Səudiyyə rəsmiləri isə bu siyasətin daim davam edəcəyinə əminlik ifadə edirlər. İnanırıq ki, həmişə belə olacaq.

Yeri gəlmişkən,  bu sətirlərin müəllifi – yəni mən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin göndərişi ilə üç dəfə müqəddəs dinimizin hər iki mərkəzi olan ölkədə səfərdə olmuşam. Qələmə aldığım “ Salam, Qibləm olan diyar” və “Bəxtlərin ağ səfəri: HƏCC” kitablarında, eləcə də, çoxsaylı qəzet materiallarında həmin ölkənin sosial-iqtisadi inkişafı başda olmaqla, çox məqamlardan söz açmışam. Bu  ölkədə olarkən gördüklərim və eşitdiklərim dəfələrlə sübut edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın sadiq dpostu və səmimi tərəfdaşıdır.

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”,
Əməkdar jurnalist

17 2019 12:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə