Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni dərs ili başlandı

Yeni  dərs ili başlandı

Bu il 15 sentyabr bazar gününə düşdüyündən  2019-2020-ci tədris ili sentyabrın 16-dan başlandı.

Bu münasibətlə   Bakı   şəhəri 1  saylı tam orta məktəbində  yeni  dərs ilinin başlanması və  Bilik Günü  ilə bağlı tədbir  yüksək səviyyədə keçirildi. Məktəbin  direktoru  Elida Rzayeva  tədbirə toplaşanları  yeni  dərs ilinin başlaması münasibətilə təbrik etdi. Direktor  ötən  tədris  ilində  qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışdı. Çıxış edən valideynlər  və qonaqlar  təhsilə  göstərilən qayğıdan və  bu məktəbdə uşaqların təlim- tərbiyəsinə xüsusi diqqət yetirilməsindən danışdılar.  Nəhayət, ilk zəngin sədası  ətrafa yayıldı. Uşaqlar siniflərə daxil oldular.

Direktor  bizimlə  söhbətində    bildirdi ki, qocaman tədris ocağı olan məktəbimiz  öz nailiyyətləri ilə tanınır. Məktəbdə  800-ə yaxın şagird təhsil alır, onlardan 200-ü Azərbaycan bölməsində, 600 şagird   isə rus bölməsində oxuyur.

Ötən  tədris ilində məzunlarımızın 31 nəfərindən 27-si ali məktəbə daxil olmuşdur. 14 nəfər məzunumuz isə xarici ölkələrdə ali təhsil alacaqlar.

Bu tədris ilində 100-ə yaxın şagird  birinci  siniflərə qəbul olunub.

Məktəb  kollektivi şagirdlərin intellekt səviyyəsinin inkişafında fəal çalışır. İl ərzində müxtəlif fənlər üzrə məktəbdaxili yarışlar, yoxlama testləri və maarifləndirici tövsiyələr keçirilir.  9 və 11-ci siniflərin buraxılış imtahanlarına əsasən bizim məktəbin nəticələri rayon üzrə üçüncü, şəhər üzrə isə on beşinci yerdədir.  

Məktəbdə şagirdlərin estetik tərbiyəsinin yüksəlməsinə də diqqət yetirilir. Vaxtaşırı muzeylərə, sərgi salonlarına ekskursiyalar təşkil olunur. Bu baxımdan tariximizi dərindən öyrənmək üçün Xalq Cümhuriyyətinin 100 illiyi, görkəmli şəxsiyyətlərin yubileyləri təntənə ilə  qeyd olunur. Məktəbimizdə  görkəmli publisist, dramaturq C.Məmmədquluzadənin 150 illiyi keçirilib. Dünya şöhrətli alim Lütfizadənin məzarına da ziyarət  təşkil olunmuş, onun elmi nailiyyətlərini əks etdirən referat yazılar, videçarxlar hazırlanmışdır.

Hər il ulu öndərimiz Heydər Əliyevin anadan olmasının  ildönümünü məktəb kollektivi böyük ruh yüksəkliyi ilə qeyd  edir. Məktəbdə “Heydər Əliyev irsini öyrənirik” adlı maarifləndirici dərslər keçirilib. Kitab, fotoşəkil guşələri hər dəfə yeniləşdirilir, dövlətçiliyimizi əks etdirən tövsiyə və informasiya xarakterli stendlər daha da təkmilləşdirilir.

Məktəbin idman sahəsi üzrə müvəffəqiyyətləri də qənaətbəxşdir. Şagirdlərimiz arasında idman sahəsində  uğur qazananlar  da var. Onlar respublika və rayon yarışlarında iştirak etmiş, sertifikatlara layiq görülmüşlər.

Məktəb kitabxaasında müəllim və şagirdlərin diqqətini cəlb edən əlamətdar təqvim günlərinə aid guşələr, valideynlər üçün foyedə “10 dəqiqəlik kitabxana” təşkil olunmuş və nəticələr yüksək qiymətləndirilmişdir.Böyük Azərbaycan mütəfəkkiri Nəsiminin 650 illik   yubileyi də layiqincə təşkil olunmuş, şeir müsabiqəsində şagirdlər iştirak etmişlər.

Yeni dərs ilində nailiyyətlərimizi  daha da artırmaq, təhsilin keyfiyyətini  yüksəltmək üçün  bütün  qüvvələrimizi səfərbər etmişik.

 

M.MÜKƏRRƏMOĞLU,
Foto E.Ağalarındır,
“Xalq qəzeti”

17 2019 12:12 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə