Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Poçt qutusu” toplusu tacik dilində

“Poçt qutusu” toplusu tacik dilində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən, bu il görkəmli yazıçının yubileyi ilə bağlı bir sıra tədbirlər keçirilir, əsərləri ölkəmizdə və xaricdə nəşr olunur.

Azərbaycan Milli Elmlər Akademiyası Rəysət Heyəti aparatından aldığımız məlumatda bildirilir ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin layihəsi və ideya müəllifliyi ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və ictimai xadim Cəlil Məmədqulzadənin əsərləri xarici dillərə tərcümə edilərək nəşr olunur. İsa Həbibbəyli böyük demokrat yazıçının əsərlərini Rusiyada (1999), Pakistanda (2004), Misir Ərəb Respublikasında (2007), Macarıstanda (2011), Litvada (2017), Özbəkistanda (2018), Bolqarıstanda (2019) kitab halında müxtəlif dillərdə nəşr etdirmiş, həmin kitablara müqəddimələr yazmışdır. Bu günlərdə Tacikistanın paytaxtı Düşənbə şəhərində Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı növbəti kitabı tacik dilində nəşr edilib.

Akademik İsa Həbibbəyli indiyədək xarici dillərdə çıxan bütün nəşrlərdə olduğu kimi, bu kitaba da “Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadə” adlı geniş həcmli müqəddimə yazıb. Ön sözdə Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixinə, görkəmli yaradıcı simalarına müəyyən yer ayırmış akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin həyatı və mühiti, zəngin yaradıcılığı haqqında tacik oxucusuna ensiklopedik məlumat təqdim edib.

Ədəbiyyatşünas müqəddimədə görkəmli yazıçının xidmətlərini aşağıdakı kimi səciyyələndirib: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və tənqidi realizm ədəbi cərəyanının banisi kimi böyük şöhrət qazanmışdır. Böyük demokrat ədib kimi tanınan Cəlil Məmmədquluzadə ədəbiyyatda kiçik hekayə janrının və satirik publisistikanın da əsasını qoymuşdur. Ustad Mirzə Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında milli istiqlal ədəbiyyatının sərkərdəsi kimi qəbul olunur. Cəlil Məmmədquluzadənin adı dünyada realist-satirik ədəbiyyatın görkəmli yaradıcıları ilə eyni sırada dayanır.”

Əsərləri tacik dilinə çevirmiş Tacikistanın tanınmış ədəbiyyatşünası, professor Muxammadsalom Maxşulovun “Tərcüməçidən ön söz” başlıqlı yazısında Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından, əsərlərinin ideya-bəıdii xüsusiyyətlərindən ətraflı bəhs edilir. Kitaba Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “Nigarançılıq”, “Molla Fəzləli”, “Xanın təsbehi”, “Qəssab”, “Quzu”, “Qurbanəli bəy”, “Məşrutə”, “Bəlkə də qaytardılar”, “Yuxu”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq” və “Baqqal” kimi dünyaca məşhur hekayələri daxil edilib.

“Poçt qutusu” kitabı Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Düşənbənin “ER-Qraf” nəşriyyatında işıq üzü  görüb.

 

 R.TAHİR,
“Xalq qəzeti”

16 2019 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə