Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məzuniyyət hüquqları barədə işəgötürənlər məlumatlandırılıb

Məzuniyyət hüquqları barədə işəgötürənlər  məlumatlandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Binəqədi rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirib.

Tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.

Bildirilib ki, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

Həmçinin qeyd edilib ki, müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir.

Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluğun işçi hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu diqqətə çatdırılıb, əmək münasibətlərinin qeyri-formal şəkildə qurulmasının mənfi nəticələri qeyd olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:21 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə