Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qafqaz Türk İslam Ordusu və Bakının qurtuluşu anılıb

Qafqaz Türk İslam Ordusu və Bakının qurtuluşu anılıb

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı, Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Bakının erməni daşnak və bolşevik işğalçılarından azad olunmasının 101 illiyinə həsr edilən “Qafqaz Türk İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilib.

Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilmiş zalda  hərbi vətənpərvərlik mahnılarının əvəzolunmaz ifaçısı Şəmistan Əlizamanlı aparıcılıq edib. Gecədə əvvəlcə iki qardaş ölkənin dövlət himnləri səsləndirilib. ATXƏM-in sədri İlham İsmayılov bu günün tarixi önəmindən söz açaraq, Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və o tarixi hadisənin rolu barədə geniş danışıb və “bu cür tədbirləri keçirməkdə məqsədimiz gənc nəsillərimizin tarixi daha dərindən bilməsi və şəhidlərimiz qarşısında bir vəfa borcunu, örnəyini nümayiş etdirməkdir”,-- deyib.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirib ki, o zaman Azərbaycanı xilas etməyi qardaşlıq vəzifəsi bilən qəhrəman Nuru Paşanı anmaq həm mənəvi, həm də vicdan borcudur: “Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusu daim ehtiramla xatırlanıb. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə--Azərbaycan qardaşlığının ən bariz nümunəsidir.” Ümumimilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Prezident İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” fikirlərini vurğulayan Q.Paşayeva gənclərimizi ortaq tariximizi öyrənməyə və təbliğ etməyə çağırıb.

"Türkiyə" qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz, "Ötükən" nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık və Türkiyə və Şimali Kiprdən gəlmiş qazilər Türkiyə--Azərbaycan qardaşlığından, tarixin bütün dövrlərində qan qardaşlarının ən çətin zamanlarda bir-birinə dayaq olduqlarından bəhs  ediblər. Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz  Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında göstərdiyi fəallıq və türk dünyası istiqamətində gördüyü işlərə görə Q.Paşayevanın rəhbərlik etdiyi təşklat tərəfindən mükafatlandırıldığını bildirib və mükafatı təqdim edib.  

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Xalq şairi Nəriman Həsənzadə və başqaları 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə – Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər.

Tədbirin ədəbi-bədii hissəsində Şəmistan Əlizamanlı türkçülükdən, bayrağımızdan, Nuru paşadan bəhs edən möhtəşəm mahnılar ifa edib. Müğənni Şahin İsmayılovun ifasından sonra tədbirdə iştirak edən qonaqlara xatirə hədiyyələri təqdim edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

16 2019 11:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə