Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərbaycan – Türkiyə münasibətlərinin inkişafında və türk dünyasının güclənməsində aydınların rolu" adlı tədbir keçirilib

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı və qardaş Türkiyədən gəlmiş bir qrup yazarın iştirak etdiyi tədbir Atatürk Mərkəzində baş tutub.

Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Bakının daşnak-bolşevik işğalından xilasının 101-ci ildönümü ərəfəsində gənclərin, yazarların, fərqli sahələri təmsil edən mötəbər ziyalıların iştirakı ilə müzakirələrin aparılmasının təqdirəlayiq hal olduğunu deyib, 101 il öncə baş vermiş tarixi hadisənin bütün türk dünyasına sirayət edən məziyyətlərindən danışıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva Bakının işğaldan azad edilməsini böyük tarixi hadisə olaraq xarakterizə edib, bu hadisənin xalqımızın tarixində mühüm rol oynadığını vurğulayıb. O,  Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusununu daim ehtiramla xatırlandığını qeyd edib: “Yalnız Azərbaycan və Türkiyə deyil, ümumən türk dünyası olaraq, gələcəyə daha güclü şəkildə addımlamağımız üçün aydınlar arasında əlaqələr əməkdaşlığa dönüşməli, dərinləşməlidir. Qardaş ölkələr arasında özəlliklə yazarlar, QHT-lər, media quruluşları, nəşriyyatlar səviyyəsində əməkdaşlığın önəmi danılmazdır.

XIX yüzilliyin sonları, XX yüzilliyin əvvəllərində Kazanda, İstanbulda, Bakıda yaşayıb-yaradan aydınlar arasında güclü əlaqələr olub; o dövr aydınlarının əməkdaşlığı bu gün üçün də örnəkdir və bu örnəyin çağdaş dövrdə də davam etdirilməsi mənəvi borcumuzdur.

Mən gənclərimizin türk dünyasının görkəmli şəxsiyyətləri və onların fikirləri ilə, eyni zamanda, çağdaş ədəbi örnəklərlə daha genişplanlı tanışlığa çağırıram; belə tanışlıqlar sevgimizi, bilgimizi, beləliklə də, birliyimizi gücləndirəcək və şüurlu, peşəkar yanaşmalar formalaşdıracaqdır.”

"Türkiyə" qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz, "Ötükən" nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık səslənən fikirlərə münasibət bildirib, Azərbaycana səfər təəssüratlarını bölüşüblər.

Məryəm Aybikə Sinan Bakıda ikinci dəfə olmaqdan məmnunluğunu bildirib. "Türkiyə" qəzetinin hər zaman türk dünyası ədəbiyyatına, ortaq dəyərlərə və tarixi şəxsiyyətlərimizə geniş yer verdiyini vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin həyatı ilə bağlı əsərin tezliklə oxuculara təqdim olunacağını qeyd edib.

Respublikamıza ilk dəfə gələn Ayşegül Büşra Çalık Azərbaycandan olan yazarlarla görüşməyə, əməkdaşlıq imkanlarına görə şad olduğunu deyib.  Ayşegül Büşra Çalık "Ötükən" nəşriyyatının fəaliyyəti barədə danışaraq, qeyd edib ki, böyük gələnəyi olan nəşriyyat, türk dünyası yazarlarının əsərlərininə həmişə böyük önəm verib.

İki ölkə arasında nəşriyyatlarla, yazarlarla əməkdaşlığa hazır olduğunu bildirən “Ötükən” başqanı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanıma yazdığı məktubları çap etməkdən sevinc duyduğunu dedi və bir neçə orijinal məktubu Azərbaycana gətirdiyini deyib. Və bu nəcib təşəbbüsə görə, Qənirə Paşayeva təşəkkür edərək, bildirib ki, məktubların muzeyə təhvil verilməsi, onların daha geniş auditoriyaya təqdimatına imkan yaradacaq.

"Vektor" nəşriyyatının qurucusu professor Elçin İsgəndərzadə, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, ATXƏM-in icraçı katibi İlqar İlkin, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, şair Oktay Zəngilanlı, AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza və digər çıxışçılar iki qardaş ölkə arasında əməkdaşlığın vacib məqamlarına toxunub. Tədbir maraqlı fikir mübadiləsi və müzakirələrlə keçib.

Tədbirin sonunda Qənirə Paşayeva Türkiyəli aydınlara qiymətli xatirə hədiyyələri təqdim edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2019 12:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə