Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəvainin sənət dünyası

Nəvainin sənət dünyası

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Beynəlxalq  Aktivist  Sənətçiər Birliyinin Azərbaycan  nümayəndəsi,  Rəsm Komitəsinin başçısı , “METİN-X” reklam şirkətinin rəhbəri. rəssam, şair Nəvai Mətin Məmmədoğlu ilə görüş.

...Emalatxanadayam. O qədər də geniş olmayan bu salonda divar boyu asılmış Nəvai bəyin rəsm əsərlərinə baxıram. Mənzərələr, etüdlər, portretlər... Rəssamın həyatı və sənət dünyası ilə tanış olmaq üçün  bu əsərlərin rəng ayarlarında rəsam təxəyyülünün mənalarını axtarıb tapmaq və duymaq istəyindəyəm. Nəvai bəy söhbət etdikcə ömür yolu səhifələnir, onun həyat və fəaliyyəti,  yaşadığı və çalışdığı  dövrün  xatirələri ilə tanış oluram...Nəvai Mətin Məmmədoğlu 1965-ci ildə Azərbaycanın şeir,sənət yurdu,məşhur əair və yazıçılar yetirmiş Qazaxda  dünyaya gəlib.Uşaqlıqdan Zəlimxan kəndində nənəsi Səadət xanımın himayəsində boya-başa çatıb.Kənddə gözünü açandan gözəlliklər mskni ana təbiətin ulu dağlarını, güllü-çiçəkli çöllərini, yaşıl yamaclarını,tarlalarını,meyvə bağça və bağlarını görüb.Hələ uşaqlıqdan ana təbiətin ecazkar mənzərələrinə, rənglər dünyasına vurulub.Bu rənglər onun uşaq yaddaşına şöküb.Qəlbində vətən, yurd sevgisi oyanıb.Nəvai bu sevgini, məhəbbəti ağ vərəqlərə köçürmək istəyi ilə rəsmlər çəkməyə başlayıb.Beləcə birinci sinifə gedəndə onu balaca rəssanm kimi tanıyırdılar.

...Atası rəssam olmağına razı deyildi, oğlunu dəqiq elmlərlə bağlı ixtisas- lara yönləndirmək istəyirdi, Balaca Nəvai isə həvəsindən, marağından dönməyərək  səkkizinci sinifi  bitirib Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmaq və rəngkarlığın sirlərinə daha yaxından bələd olmaq arzusu ilə yaşayırdı.

...Nəvai  həmin illəri belə xatırlayır: "Səkkizinci sinfə qədər əlaçı olmuşam. Həmişə fikirləşmişəm ki, rəssam çox savadlı olmalıdır. Amma rəssamlıq məktəbinə getməyim deyə qəsdən sənədlərimi yubatdılar.Sənəd verməyə gecikdim... “

... Nəvai  orta məktəbi bitirən kimi sənədlərini götürüb valideynlərindən xəbərsiz Bakıya gəlir.Bir rəssam yanında şəyird  olmaq  istəyi ilə sənədlərini rəssamlıq üzrə peşə məktəbinə verməyi düşünür. Çünki  Ə.Əzimzadə adına Rəssamlıq məktəbinə  onuncu sinifdən deyil, 9- cu sinifi bitirənlərin sənədlərini  götürürdülər. Lakin sonra qərara alır ki, ilk olaraq  APİ-nin (indiki ADPU-nun) Bədii qrafika fakültəsinə sənəd versin, əgər imtahandan kəsilərsə, peşə məktəbinə getsin. Əlbəttə, onun bu qərarı ailədə narazılıqla qarşılanır.Lakin ilk sınaqda bəxti gətirən gənc Nəvai  instituta qəbul edilir...

...Tələbəlik illəri də gəlib keçdi.Ali təhsilini uğurla başa vurandan sonra sərbəst təyinat alıb ixtisası üzrə çalışmağa başladı.Nəvai Mətin xatirlərini danışaraq deyir: "Yolum hamar olmadı, endim, qalxdım, amma əsasən yuxarıdaydım. İşimi qurdum, şirkətimi yaratdım….”

Həyatla, insanlarla rənglərin diliylə danışan, saatlarla rəsmlərlə söhbət edən, ağ kətan üzərindəki  hər yeni əsərini təzə bir ömür kimi görüb mənalandıran Nəvai Mətinin sənət dünyasının cazibəsindən ayrılmaq mümkün deyil.Onun əsərləri ilə tanış olduqca sənət aləminə- ecazkar təbiət mənzələrininin seyrinə dalıram.Xəyal məni qanadlandırır.

...UASB-nin Azərbaycanda təmsilçiliyi 2012-ci ildə yaranıb.Ötən illərdə Nəvai Mətin  Birliyin  təmsilçisi və rəsm komitəsi başçısı kimi çoxsaylı uğurlara imza atıb. UASB GALERY-nin yaradılması,  Azərbaycan rəssamlarının sərgilərinin təşkil edilməsi, eləcə də azərbaycanlı rəssamların Türkiyədə sərgiləri, onların Beynəlxalq İncəsənət festivallarında iştirakı nəticəsində  yeni  uğurlar qazanılıb. Ən gənc nəsil də daxil olmaqla Azərbaycan rəssamlarının sərgilərinin təşkil edilməsi  yeni-yeni istedadları üzə çıxarıb.Tanınmış cavan rəssam Naqiyə Rzayevanın, gənc rəssam Afaq Həbiblinin rəsm sərgiləri buna misaldır.

 Hazırda Nəvai Mətinin əsərləri Amerika, Polşa, İsveçrə, Türkiyə, Rumıniya, Qazaxıstan incəsənət həvəskarlarının kolleksiyalarını bəzəyir.

Azərbaycan rəssamlarının uğurları

2012-ci ilin oktyabrında rəssam Nəvai Mətin Məmmədoğlu həmkarı İlqar Əkbərovla Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə İzmir şəhər Bələdiyyəsinin dəvətiylə İzmir Dövlət Rəsm və Heykəl muzeyində keçirilən möhtəşəm tədbirə-sərgiyə dəvət olunmuşdular. O zaman rəssamlar dünyanın 30 ölkəsində özəyi olan Beynəlxalq Aktivist Sənətçilər Birliyinin fəxri üzvü, Dünya Türk Mədəni Əlaqələr Cəmiyyətinin isə üzvü seçildilər. Fevral ayında Aydın şəhərində "Dədəbağ hayırı günləri" çərçivəsində keçirilmiş rəsm festivalına dəvət olunan sənətçilər oktyabr ayının əvvəlində isə Aydın şəhərində (Egey bölgəsi) Karacasu İnkişaf və Təhsil Vəqfinin başçısı, prof. Dr. Ali Kupelioğlunun, Karacasu Bələdiyyə başçısı Mustafa Böyükyapıcının, Beynəlxaq Aktivist Sənətçilər Birliyinin prezidenti, Dr. Umit Yaşar İşıkhanın təşkilatçılığı ilə keçirilən I Afrodisyas Beynəlxalq Rənglərin Sənət festifalında iştirak edərək böyük uğur qazandılar.

 Tədbirə Rusiyadan, İtaliyadan, Ukraynadan, Qazaxıstandan, Gürcüstandan, İrandan, Türkiyənin müxtəlif əyalətlərindən və başqa yerlərdən iyirmi nəfər rəssam dəvət olunmuşdu. İki gün İzmirdə qaldıqdan sonra doqquz gün Egey bölgəsində, Aydın şəhərinin Qaracasu qəsəbəsində-Dədəbağ, Ballı pinar yaylalarında, qədim yunan məskəni olan Avrodisiyada, məşhur Pamuk kaledə, Quş adasında, Efesdə və Dənizli şəhərinin Buldan qəsəbəsində yaradıcılıq yarışmasında oldular. Böyük nailiyyətlər əldə edən Nəvai Mətin Məmmədoğlu "Antiqone" Sənət Evinin rəhbəri Savaş Şimitli tərəfindən fərdi sərgisini keçirmək üçün gələn ilin əvvəli üçün Ankaraya dəvət olundu.

Bundan sonra "Haber Hurriyet" qəzetinin köşə yazarı Hulya Sezginlə Bakıya gələn UASB-nin başçısı Dr. Umit Yaşar İşıkhan Nəvaini dünyanın 30 ölkəsində təmsilçisi olan Birliyin Azərbaycan üzrə rəsm komissiyasının başçısı, İlqarı isə başçının müavini seçdi. Qonaqlarla Beynəlxalq Atatürk mərkəzində ziyalıların görüşü keçirildi, birliyin, təmsilçiliyin məram və məqsədləri açıqlandı.

Tədbirdən bir gün sonra rəssamlarımız 30 ölkədən dəvət olunmuş 70 rəssamın iştirak edəcəyi "Birinci Beynəlxalq Rənglərin Qardaşlığı" adı altında keçirilən sərgiyə qatılmaq üçün İzmirə yola düşdülər.

...Mətin sənəti Azərbaycanın hüdudlarından kənarda da  tanınır. Ankara, Marmaris, İzmir, Quşadası, Elazığda keçirilən rəsm sərgilərində dəfələrlə əsərləri  nümayış  etdirilmişdir. Bu əsərlərin yaratdığı  unudulmaz təəssüratlar və  sənətsevərlərin Nəvainin yaradıcılığını yüksək  dəyərləndirməsi   Azərbaycan mətbuatı ilə yanaşı  Türkiyənin TRT, Egey TV televiziya kanallarında öz əksini tapmışdır. Nəvai Mətin  Türkiyəli rəssamlar - Cüma Ocaklı, Süleyman Şahin, Hülya Sezgin, Savaş Simitli, Handan Kayakökü, Memik Kibarkaya kimi məşhur sənətkarlarla sıx yaradıcılıq əlaqələri saxlayır. Azərbaycan rəssamlıq sənətini Türkiyədə layiqincə təmsil və  təbliğ edir.Nəvai Mətinin yaradıcılığı  haqqında Türkiyəli  görkəmli incəsənət xadimlərinin fikirləri onun sənət uğurları və nüfuzundan xəbər verir.

Kopenhagenli jurnalist-yazar Zeynel Kozanoğlu: Nəvai Mətin  "yer üzünün geniş sənət çevrələrində Türk dünyasının bir sənətçisi olaraq " tanınır...

UASB başçısı Ümit Yaşar Işıkhan yazır: "Rənglərin də dili vardır...hər  tabloda  başa  düşülən, əslində  əsrimizin insanının daxilində  gizlədiyi  gözləntilər vardır. Nəvai qardaşım xoşbəxtdir ki, bəşəriliyindən başqa  bir eşq mesajı ilə universal bir düşüncə ilə, sevgi mesajını həyatla, insanlarla bölüşür...

Memik Kibarkaya:  " ruhu ilə rəsm çəkən adam, şöhrəti Türkiyə Cümhuriyyətinə yayılmış Nəvai Mətin"-deyərək onun  yaradıcılığını yüksək dəyərləndirir.

Görkəmli rəssam Cüma Ocaklı: onu “palitra rəssamı, rənglərlə düzgün işləyə bilən  sənətkar”,  İstanbullu sənətşünas alim, Yedi Tepe Universitetinin professoru Kaya Özsezgin: "portret  janrında çəkə bilmək texnologiyasını mükəmməl bilən peşəkar rəssam”, UASB qurucu üzvü İskan Kazak:  "Azərbaycan və Türkiyə arasında çox önəmli sərgilərə və sənət layihələrinə imza atan” incəsənət xadimi olduğunu vurğulayırlar.

Ankaralı sənətkar Çoban:  Nəvai Mətin bütün Türkiyənin tanıdığı, iki ölkə arasındakı "mədəni əlaqələrin ən böyük elçisi, gözəl bir empressionist, gözəl bir rəssam”dır.

Nəvai Mətin haqqında yalnız rəssamlar deyil, bütövlükdə milli-mədəni mühit  də yüksək fikirlər söyləyirlər.Xalq artistləri Arif  Quliyev, Ramiz Məmmədov, İlham Namiq Kamal, tanınmış şairlər İbrahim İlyaslı, Nazilə Gültac, Cığatel və başqaları rəssamın yaradıcılığı, şəxsiyyəti  barədə yüksək fikir və rəylərini bildirirlər. 

 

Afət Sadıqoğlu,

“Xalq qəzeti”

14 2019 11:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə