Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Məlahət Əsədova dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər. 
Prezident İlham ƏLİYEV: Bu məktəb əsaslı təmir olunub?  
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar ƏZİZOV: Xeyr, sökülüb, yenidən tikilib. Üç il fəaliyyətsiz olub.
Bildirildi ki, məktəbin binası 1938-ci ildə istifadəyə verilmişdi. O zaman 360 yerlik binada, ümumilikdə, 2 növbədə 800 şagird təhsil alırdı. Bu təhsil ocağı qəzalı vəziyyətdə olduğundan fəaliyyətini dayandırıb və müvəqqəti olaraq 140 saylı tam orta məktəbdə fəaliyyət göstərib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına əsasən, 2019-cu ilin mayında məktəbin mövcud binası sökülərək yerində yenisi inşa olunub. 360 şagird yerlik yeni məktəb binası müasirliyi ilə seçilir. Burada müxtəlif fənn otaqları bütün zəruri inventarla təchiz olunub. Bir sözlə, təhsil müəssisəsində şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri, müəllimlərin isə pedaqoji fəaliyyətlə yüksək səviyyədə məşğul olmaları üçün hərtərəfli imkanlar var. 
Qeyd edildi ki, məktəbdə hazırda 320 şagirdin təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji kollektiv məşğuldur. Son 10 ildir ki, məktəbin şagirdlərinin 70–80 faizi ali təhsil ocaqlarına qəbul olur. Şagirdlər müxtəlif bilik, idman yarışlarında, olimpiadalarda təhsil ocağını layiqincə təmsil edirlər. Məktəbin 10-cu sinif şagirdi güləş üzrə Avropa çempionudur. 
Azərbaycanda dövlət səviyyəsində təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sferada innovativ üsulların tətbiqi məsələsinə daim xüsusi diqqətlə yanaşılır. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması sahənin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Bütün bunlar bir daha sübut edir ki, insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsilin inkişafına ölkəmizdə ən yüksək səviyyədə diqqət göstərilir. Bu isə gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində, həmçinin müəllimlərin təlim-tədris prosesini müasir şəraitdə aparmasında mühüm rol oynayır.
Prezident İlham ƏLİYEV: Təbrik edirəm. Sizə uğurlar arzulayıram. 
Məlahət ƏSƏDOVA: Cənab Prezident, şagirdlər və valideynlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun ki, kənd yerində belə bir gözəl məktəb tikdirmisiniz. 
Prezident İlham ƏLİYEV: Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur, bu proqram uğurla icra edilir. Bu məktəbin yenidən tikilməsi bizim siyasətimizi əks etdirir. Təhsil sahəsinə göstərilən diqqət, eyni zamanda, infrastrukturun yaranmasında da özünü əks etdirir. Valideynlərə də, müəllimlərə də salam söyləyin. Sağ olun. 
Məlahət ƏSƏDOVA: Sağ olun cənab Prezident.

 

AZƏRTAC

 

14 2019 01:16 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə