Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Türk Akademiyası Azərbaycanla əməkdaşlığı genişləndirəcək

BTA 2020-ci ildə ölkəmizdə çoxtərəfli elmi-tədqiqat işlərinə başlayacaq

Beynəlxalq Türk Akademiyası Azərbaycanla əməkdaşlığı genişləndirəcək

Qazaxıstanın paytaxtında səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Beynəlxalq Türk Akademiyasının prezidenti ­Darxan Kıdırali ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Darxan Kıdırali rəhbərlik etdiyi akademiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr, planları barədə məlumat verib. O, Beynəlxalq Türk Akademiyası tərəfindən “Türk ədəbiyyatı antologiyaları” seriyasından ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası”nın nəfis tərtibatla çap edildiyini diqqətə çatdırıb. Bildirib ki, kitabda 20 müəllifin seçilmiş əsərləri yer alıb. Bununla yanaşı, İmadəddin Nəsiminin 650 illik yubileyi  tədbirləri çərçivəsində mütəfəkkir şairin şeirləri ilk dəfə akademiya tərəfindən qazax dilinə tərcümə edilərək nəşr olunub.
Akademiyanın prezidenti təşkilatın 2020-ci ildə Azərbaycanda üç il davam edəcək çoxtərəfli tədqiqat işlərinə başlayacağını da bildirib. Beynəlxalq layihə arxeologiya, toponimiya və etnoqrafiya kimi sahələri əhatə edəcək. D.Kıdırali Beynəlxalq Türk Akademiyasının bu layihəni Monqolustandan Macarıstana qədər geniş bir coğrafiyada  həyata keçirdiyini, Azərbaycanda və Qafqaz bölgəsində türk sivilizasiyası və mədəniyyətini araşdırmağın isə xüsusilə əhəmiyyətli olduğunu qeyd edib.
Həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin təlimatı əsasında akademiya tərəfindən çapa hazırlanan “Ortaq türk tarixi” dərsliyinin üzv ölkələrdə tədris proqramına salındığı, ortaq ədəbiyyat və ortaq coğrafiya dərslikləri ilə bağlı işlərin davam etdiyi vurğulanıb. Həyata keçirilən layihələrin ortaq tarix düşüncəsinin formalaşdırılmasına xidmət etdiyi bildirilib.
Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qardaş xalqların birliyi yolunda ədəbi əlaqələri, şair və yazıçıların əməkdaşlıq bağlarını gücləndirməyin zəruri olduğunu deyib. Xalq yazıçısı bu baxımdan ziyalı təbəqənin üzərinə mühüm vəzifə düşdüyünü, akademiya ilə əməkdaşlıq üzərində xüsusi dayandıqlarını vurğulayıb.
Xalq yazıçısı Qazaxıstanın latın qrafikalı əlifbaya keçidinin xalqlarımızın yaxınlaşmasına müsbət təsiri olacağına inamını ifadə edib.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

14 2019 00:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə