Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevirdə qışa hazırlıq diqqət mərkəzindədir

Mingəçevirdə qışa hazırlıq diqqət mərkəzindədir

Mingəçevir şəhərinin qış mövsümünə hazırlığının vəziyyəti haqqında qələmə almaq istəyərkən üç-dörd il qabaq oxuduğum şeirin bir misrası yadıma düşdü.Yaşlı şairlərdən biri gənclik illərində çoxsahəli ictimai-siyasi fəaliyyəti olmuş, ömrü qaynar proseslər arasında keçmiş dostunun qəfil qocalmasına işarə edərək yazmışdı ki, “Yay çox isti keçəndə, payız qəfildən düşür!” Həmin misranın xatırlanması təsadüfi olmadı. Çünki bu il yay çox isti keçmişdi və payız həqiqətən qəfildən düşdü. Amma, inanıram ki, bu təbii həqiqət mingəçevirlilər üçün heç bir problem yaratmayacaq. Çünki bu şəhərdə payız-qış mövsümünə hazırlıq işləri, bəlkə də, mart-aprel aylarından etibarən başlanılır.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovla söhbətimizdə bu mövzu barədə çox fakt öyrənmişdim. Bilirdim ki, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı şəhərin idarə, müəssisə və təşkilatlarında icrası nəzərdə tutulan tədbirlər haqqında məsələ dəfələrlə şəhər icra hakimiyyəti başçısı yanında şuranın müzakirəsinə çıxarılıb. Şəhərin sənaye müəssisələri tərəfindən təqdim olunmuş tədbirlər planının təhlili göstərir ki, yerlərdə əmrlər verilib, tədbirlər planı müəyyənləşdirilib, məsul şəxslər təyin olunub və hazırlıq işləri aparılıb. 
Mingəçevirin ən iri istehsal müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasında müvafiq əmr əsasında komissiya yaradılıb, 55 bənddən ibarət tədbirlər planı hazırlanıb və icrası davam edir. Stansiyanın mövsümə hazırlığını təmin etmək üçün 5, 7 və 8 nömrəli enerji blokları əsaslı təmir olunub, 4 nömrəli enerji blokunda əsaslı təmir işləri davam etdirilir, digər enerji bloklarında planlı əsaslı təmir işləri aparılacaqdır. Mingəçevirdəki dostlarımdan biri deyir ki, bu stansiyanın payız-qış mövsümünə hazırlanması elə ölkənin həmin istiqamətli hazırlığının bir hissəsidir.
“Mingəçevir SES silsiləsi” MMC-də də mövsümə hazırlıq işləri ilə bağlı aparıcı mütəxəssislərdən ibarət komissiya yaradılıb və 11 bənddən ibarət tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, 2 nömrəli hidroaqreqat cari təmir olunub, 1, 2, 3 və 4 saylı ­avtotransformatorların yağ nasosları və sərinkeşləri nəzərdən keçirilib. Dizel generatorunun elektrik dövrəsi yoxlanılıb. Avtomatlaşdırılmış paylayıcı qurğularda avadanlıqların, nəzarət ölçü cihazlarının şkaflarının qızdırıcıları yoxlanılıb. Əsas binanın dam örtüyü mütəxəssis nəzarətinə götürülüb. 
Qış mövsümünə hazırlıqla bağlı şəhərin digər istehsal və xidmət müəssisələrində də tədbirlər planı müəyyənləşdirilib. Həmin planların icrasına nəzarət edilib və məlum olub ki, “Akkord Mingəçevir maşınqayırma zavodu” ASC üzrə 28, “Azərkabel” ASC üzrə 6, “Mingəçevir telekommunikasiya qovşağı” üzrə 17, “Azneftmaş” ASC üzrə 10 və “Azərbaycan Dəmir Yolları” QSC Yük Daşımalar Departamentinin Mingəçevir stansiyasında 15 tədbirin icrası yerinə yetirilib. 
Şəhər icra hakimiyyəti başçısı yanında şuranın iş planına uyğun olaraq, şəhər təsərrüfatı müəssisə və təşkilatlarının xidmət sahələrində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı icrası nəzərdə tutulan tədbirlər nəzarətə götürülür və təhlil edilir. Mingəçevir Elektrik Şəbəkəsində tərtib edilmiş tədbirlər planına uyğun olaraq, müəssisənin balansında olan 6 ədəd transformator məntəqəsində yerləşən yağ açarlarına və 8 ədəd transformator məntəqəsinə yağ əlavə edilməsi, 4 ədəd transformator məntəqəsində cari təmir işləri aparılması nəzərdə tutulur. 
“Sukanal” İdarəsində tərtib olunmuş tədbirlər planında magistral su xətləri üzərində yerləşən siyirtmələrin mövsümə uyğun tənzimlənməsi, sutəmizləyici qurğuda 200 kilovoltluq nasos aqreqatın cari təmiri, şəbəkəyə ötürülən suyun dezinfeksiyası üçün maye xlorun alınması, mərkəzi su anbarının təftişi, yuyulması və dezinfeksiya edilməsi, məcburi köçkün şəhərciklərində su nasos stansiyalarının orta təmiri, 594 ailəlik məcburi köçkün şəhərciyində 15 kilovoltluq elektrik mühərrikinin əsaslı təmiri, su anbarında yerləşən 5,5 kilovoltluq nasos aqreqatların təftişi və cari təmiri icra edilib. 
Şəhərin istilik sistemlərinin istismar sahəsi tədbirlər planına uyğun olaraq, balansında olan işlək qazanxanalarda 2019-2020-ci illərin istilik mövsümünə hazırlıqla əlaqədar Mingəçevir Dövlət Universitetinin, 3 saylı tam orta məktəbin, 1 saylı körpələr evi-uşaq bağçasının, dezinfeksiya stansiyası idarəsinin, ruhi-əsəb xəstəlikləri xəstəxanasının, 112-ci məhəllədəki 16 yaşayış binasının, 13 saylı körpələr evi-uşaq bağçasının, Gəncə şosesində 16 mənzilli əlillər evinin, 66-cı məhəllədəki 6 yaşayış binasının, Beynəlxalq Bankın filialının, məcburi köçkün ailələri şəhərciyində 21 yaşayış binasının, inzibati binanın istilik sistemləri sınaq təzyiqi ilə yoxlanılıb və tam işlək vəziyyətə gətirilib. 
“Günəşli” bağlar massivi və bağçılıq təsərrüfatlarından keçən sel-su kanalının 1100 metr hissəsinin təmizlənməsi işləri aparılıb. Balansda olan maşın-mexanizmlərin saz halda saxlanılması üçün müvafiq tədbirlər görülüb. Bağ təsərrüfatı ərazisindəki yollara qum-çınqıl qarışığının daşınması və yayılması tədbirlər planına salınıb və icra edilib. Bundan başqa, qış fəslində havaların şaxtalı keçməsini nəzərə alaraq səki və yollara səpilmək üçün qum tədarükü nəzərdə tutulub.
Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi məhəllədaxili məişət tullantılarının müvəqqəti toplandığı yerlərdə sıradan çıxmış zibil qutularının təzələnməsi və ya təmir edilərək əvəzlənməsini təmin edib. İdarənin balansında olan maşın və mexanizmlərin işlək vəziyyətdə saxlanılması üçün ehtiyat hissələrin, yanacaq, sürtkü yağı və yağlanma ehtiyatını yaratmaq tədbirləri təmin edilib. 
Payız-qış mövsümündə icra olunacaq məsələlərdən biri də aşma təhlükəsi olan və quru ağacların kəsilməsini təmin etmək və payız budamasını təşkil etməkdir. Küçə və parklarda boş ərazilərdə ağac tingləri, lüqustr, gül kollarının və mövsümi çiçəyin əkilməsi işləri aparılır. Qış mövsümündə qarın təmizlənməsi üçün xüsusi kürəklərin hazırlanması, qum və duzun tədarük olunması, qarkürüyən maşının qış mövsümünə hazır vəziyyətə gətirilməsi nəzərdə tutulmuşdur.
Payız-qış aylarında şəhər işıqlandırma sisteminin dayanıqlı və fasiləsiz işini təmin etmək məqsədilə mühəndis-texniki tədbirlərin həyata keçirilməsi ön plana çəkilib. Noyabr–mart aylarında sutka ərzində işıqlandırma müddətinin artması ilə əlaqədar olaraq elektrik enerjisinə qənaət etmək məqsədilə iqtisadi yönümlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 
Payız – qış mövsümünə hazırlıqla bağlı əhaliyə göstərilən lift xidmətinin daha da yaxşılaşdırılması üçün bütün liftlərə baxış keçirilməsi, kabina relsləri, mühafizə və əsas yük kanatlarının yağlanması, kanatların birləşmə yerləri, güc kabelləri, torpaqlama hissələri, əylənc mexanizmlərinin yoxlanılması və reduktorlara duru yağ əlavə olunması vəziyyəti yoxlanılıb. 
“Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin tabeliyində olan İnfeksion şöbə, Dəri-zöhrəvi və Vərəm dispanserlərinin yerləşdiyi binaların istilik sistemi qurulub və cari təmir işləri aparılıb. Psixonevroloji dispanserdə otaqlarda cari təmir işlərinin aparılması, sınmış pəncərələrin şüşələnməsi, istilik sisteminin işlək vəziyyətdə olması yoxlanılıb.
Bütün bunlar haqqında məlumat alandan sonra fikirləşdim ki, Mingəçevir üçün payız-qış mövsümünün tez gəlməsinin və yaxud geçikməsinin heç bir qorxusu yoxdur.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

14 2019 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə