Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünənki dələduzlar bu gün haqdan dəm vururlar

Dünənki dələduzlar bu gün haqdan dəm vururlar

Azərbaycan bu gün dövlətçiliyin möhkəmləndirilməsi yolu ilə inamla irəliləyir, sosial- iqtisadi sahələrdə dinamik inkişaf təmin edilir, xalqın mənafeyi ciddi şəkildə qorunur, xalq-iqtidar birliyi dönməz xarakter alır, beynəlxalq aləmə inteqrasiya güclənir, qlobal layihələr uğurla gerçəkləşdirilir. Bütün bunlara görə narahatlıq hissi keçirən ermənipərəst dairələr əndişələnir, müxtəlif vasitələrlə ölkəmizə təzyiq etməyə çalışır, “beşinci kalon”a maliyyə dəstəyi göstərməklə, habelə digər şirnikləndirici metodlarla ayrı-ayrı siyasi qüvvələri ələ alır, dövləti zəiflətmək, Konstitusiya quruluşunu dəyişmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Şübhəsiz ki, belə bir yolla məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil. Çünki, qeyd etdiyimiz kimi, dövlətimiz ötən əsrin 90-cı illərinin əvvəllərindəki kimi gücsüz, kövrək vəziyyətdə deyil, həm siyasi, həm də iqtisadi cəhətdən güclənib, beynəlxalq dairələrdə nüfuz sahibinə çevrilib. 

Amma antiazərbaycan dairələrin əlində alətə çevrilən və millətimizin adına ləkə olan şəxslər, təəssüf ki, inadlarından əl çəkmir, Azərbaycana qarşı çirkin təbliğat aparmaqdan yorulmurlar. Onlar Avropada erməni fondlarının maliyyəsi hesabına sosial medianın imkanlarından yararlanıb ölkəmizin mövcud reallıqlarını “unudaraq”, yalan, böhtan yolu ilə Azərbaycanda siyasi proseslərə müdaxilə edirlər. Bununla da “söyüş müxalifəti”nin üzvləri (Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov, Rəfail Piriyev və digərləri) öz aləmlərində Azərbaycan hakimiyyətinə təzyiq göstərdiklərini düşünürlər...
Əslində onlar söyüş ritorikasına meydan açmaqla mənəvi cəhətdən zəifliklərini, gücsüzlüklərini, əxlaqi baxımdan isə naqisliklərini nümayiş etdirirlər. Yoxsa, elementar insanlıq tərbiyəsindən uzaqlaşaraq antiazərbaycan şəbəkəsinin qrantları hesabına bu cür milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməz, Vətənə qarşı xəyanət yolu tutmaz, dövləti, dövlətçiliyi, yüksək vəzifəli rəsmi şəxsləri təhqir etməzlər.
Xalqımızın adına ləkə olan belə şəxslərin keçmişini araşdıranda məlum olur ki, əksəriyyəti hələ respublikamızda ikən halallıqla yaşamaqdan üz çevirib, əyri yollarla dolanışıq qurmağa can atıb. Lakin buna imkan verilməyəndə isə xarici ölkələrə üz tutub, orada özlərinə müxtəlif vasitələrlə sığınacaq taparaq ermənilərin və ermənipərəst dairələrinin əlində alətə çevriliblər. 
Fikrimizin təsdiqi kimi, xarici ölkələrin birində açdığı “Haqsızlığa susma” (?!) adında telekanalda hər gün Azərbaycana qarşı yalanlar püskürən, dayaz düşüncəsi, məhdud dünyagörüşü ilə söyüş, həqarət dolu nitqlər “irad edən” Qabil Məmmədovun həyat yoluna qısa nəzər salaq. Vətənə dönük çıxan bu ünsür--dil pərgarı bir vaxt Azərbaycan Ordusunun zabiti olub. Lakin sonradan içdiyi anda xilaf çıxaraq, dələduzluqla yaşamaq yolunu tutub... 
“Youtube.com”da faktlar əsasında hazırlanaraq yayılan məlumata görə, Tovuz rayonunun Öysüzlü kənd sakini Qabil Əmrah oğlu Məmmədov müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin etibarından sui-istifadə edərək aldatma yolu ilə onların böyük məbləğdə pul vəsaitlərini mənimsəyib. Məsələn, o, iş, pensiya düzəltmək adı ilə Cəbrayıl rayonundan məcburi köçkün Məmməd Fərhadovdan 10 min manat, Sumqayıt şəhər sakinləri Həmid Xasıyevdən 9 min manat, Fuad Əliyevdən 7 min manat, həmyerliləri Mətləb Aslanovdan 10 min manat, Ramiz Cəfərovdan 6 min manat, Ayxan Qasımovdan 2700 manat, Təbriz Hüseynovdan 2500 manat alıb.
Qabil Məmmədovun əməllərindən zərər çəkənlər məhkəməyə müraciət ediblər və dəyən ziyanın ödənilməsi barədə müvafiq qərarlar çıxarılaraq icraya yönəldilib. Lakin dələduz ölkəni tərk etdiyindən Tovuz rayon icra şöbəsi onun barəsində axtarış elan edib. Zərərçəkənlər isə dələduzun tutulub Azərbaycana gətirilməsini gözləyirlər. 
Xatırladaq ki, Qabil Məmmədov hazırda hüquq-mühafizə orqanları tərəfindən xüsusi nəzarətdədir, axtarış tədbirlərinin gücləndirilməsi, yerinin müəyyən edilərək tutulması məqsədilə zəruri addımlar atılır. 
Qabil Məmmədov “youtube.com”dakı telekanalda daim söyüş ritorikası ilə danışır, övladının, həyat yoldaşının yanında etik çərçivəyə sığmayan ifadələr işlədir, xalqımızın heysiyyətinə toxunmaqdan, ən ülvi dəyərləri belə təhqir etməkdən çəkinmir. Bununla da əsl kimliyini, ermənipərəst mövqeyini, millətinə qarşı hansı hisslər daşıdığını utanmadan dilə gətirir, eyni zamanda, Əli Kərimlinin trol dəstəsində olduğunu, ona hüsn-rəğbət bəslədiyini də gizlətmir. 
* * * 
Avropadakı “söyüş çətəsi”nin ruporlarından biri kimi tanınan Vidadi İsgəndərli də neçə il bundan əvvəl işlədiyi prokurorluq orqanlarından yol verdiyi ciddi nöqsanlara görə ­uzaqlaşdırılıb. Bundan sonra sərxoşluğa qurşanaraq əhalinin sıx olduğu yerlərdə ictimai asayişi pozduğuna, dövlət əleyhinə çağırışlar etdiyinə və ayrı-ayrı şəxslərin ünvanına kobud və nalayiq sözlər işlətdiyinə görə həbs olunub. 
Həbsdən azad edildikdən sonra Azərbaycandan qaçaraq Fransada “siyasi mühacir” adı altında vaxtilə işlədiyi hüquq- mühafizə orqanları əməkdaşları, həmçinin müxtəlif vəzifəli şəxslər, siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələri haqqında sosial şəbəkələrdə böhtan və şantaj xarakterli məlumatlar yayır, həqiqətə uyğun olmayan fikirlər səsləndirir. 
Vidadi İsgəndərlini yaxından tanıyan rusiyalı yazar Oleq Nikolayev onun ermənilərdən “qidalandığını” tutarlı faktlarla əsaslandırır və Azərbaycana nifrətinin səbəbini də haqlı olaraq bu məqamla əlaqələndirir. 
O.Nikolayevin sözlərinə görə, V. İsgəndərlini Azərbaycanın əleyhinə hazırda fəal iş aparan bəzi ermənilərlə “uzun və möhkəm tellər” bağlayır: Gəncliyində Xarkov Hüquq İnstitutunda təhsil alarkən o, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın yaxın qohumu Sergey Akopyan və Rusiyada vəkillik fəaliyyəti ilə məşğul olan Araz Mirzobekyanla bir qrupda oxuyub. Hətta yaxın dostlar kimi tələbə yataqxanasında eyni otaqda qalıblar... Sonralar bu əlaqələr daha da möhkəmlənib. ­V.İsgəndərlinin erməni lobbisinin güclü olduğu Fransada rahatlıqla siyasi sığınacaq alması və burada yüksək səviyyədə yaşayışını təmin etməsi də həmin “dostluğun” sayəsində gerçəkləşib... 
* * * 
Peyğəmbərimizin (s.) mübarək hədisi-şərifində buyurulur: “Vətəni sevmək imandandır”. Öz xalqına qarşı nankor çıxan, milli və dini mənsubiyyətini itirən Qabil Məmmədov, Vidadi İsgəndərli kimilər isə əməlləri ilə imansızlıqlarını artıq sübuta yetiriblər. Xalqımız belə üzdəniraq şəxsləri haqlı olaraq Vətən xaini kimi tanıyır və nifrətini bəyan edir. 

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

14 2019 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə