Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyan çıxılmaz duruma düşüb

Nikol Paşinyan çıxılmaz duruma düşüb

Uzun illər ərzində qatı millətçiliyin, separatizmin və regional terrorizmin məhrumiyyətlər yaşatdığı erməni xalqı bir müddət əvvəl çıxış yolunu Nikol Paşinyanın hakimiyyətə gəlişində görürdüsə, indi bu yolun ölkəni daha dar dalana sürüklədiyini görüb aqressiv bir vəziyyətə düşməkdədir. Ermənistanın bəzi siyasi xadimləri, ictimaiyyətin daha ayıq nümayəndələri, politoloqlar və jurnalistlər ölkədəki kritik böhranı dəyərləndirən xalqın düşüncəsində artıq “Ermənistanı bu dəfə kim xilas edəcək?” kimi taleyüklü sualın formalaşmağa başladığını etiraf etməkdədirlər. Hətta son hadisələr, xüsusilə “Amulsar” yatağının işlənməsi ilə bağlı cəmiyyətdə yaranan gərginlikdən sonra media mənsubları, politoloqlar müxtəlif siyasi təhlillər apararaq qeyd edirlər ki, Nikolun özü də ciddi daxili gərginlik yaşamaqdadır və ölkədə yeni ­inqilabın baş verə biləcəyindən təşvişə düşüb.

Nikol Paşinyanın hər addımını ciddi təhlil edən və onun yarıtmaz fəaliyyətinə kəskin obyektiv münasibəti ilə seçilən “Golosarmenii.am” internet portalının əməkdaşı, jurnalist Marina Mkırtıçyan bu günlərdə dərc etdiyi təhlili məqaləsində baş nazirin və ölkənin durumunu sərlövhəyə belə çıxarmaqdan çəkinməmişdir: “Nikol yeni inqilabdan qorxur və ya Ermənistanı bu dəfə kim xilas edəcək?” Əvvəlcədən Nikolun ötən illərdə hakimiyyətə gəlmək üçün istifadə etdiyi ritorikanın faydasız olacağını qeyd edən müəllifə görə, Amulsar hadisələrindən sonra “hakimiyyət düşərgəsində, politoloqların dili ilə desək, sədaqətlilərin geri çəkilməsi prosesi sürət götürməyə başlamışdır. Vayoç Dzoru bürüyən etiraz dalğası göstərdi ki, əgər hakimiyyət “Amulsar”ın istismarı məsələsində məqbul qərar qəbul etməsə, o zaman bu, yeni inqilab üçün bir stimul olacaq”.
Jurnalist bildirir ki, hərbi elita cəmiyyətdəki nüfuzunu, “ölkə isə Nikolun dəstəsinin sayəsində sifarişli küçə qarışıqlığına qarşı immunitetini itirmişdir”. Məqalədə həmçinin qeyd edilir ki, Paşinyan öz natiqlik məharətinin bütün incəliklərini işə salsa da, Cermux sakinləri ilə görüşdə artıq onun bir il əvvəlki kütləyə təsir etmək imkanlarından məhrum olduğu aydın göründü... Bu ovsun artıq təsir göstərmir”. 
Bir çox araşdırmalardan aydın olur ki, “Amulsar” yatağının istismarı Nikol Paşinyan üçün əməllibaşlı başağrısına çevrilib və bu məsələ onun öz kürsüsünü itirməsilə də nəticələnə bilər. Artıq Paşinyanla görüşdən sonra Vayoç Dzorun sakinləri yır-yığış edib köçməyə hazırlaşırlar. Onlar qəti əmindirlər ki, yatağın istismarı məsələsi artıq həll edilmişdir. 
Yerli əhali üçün qaranlıq qalan məsələ ondan ibarətdir ki, niyə xalqın seçdiyi baş nazir onları “Lidian” şirkətinin maraqlarına qurban verməyə belə canfəşanlıq göstərir. M.Mkırtıçyan yazır: “Əgər hakimiyyət xalqın iradəsinə qarşı çıxarsa, o zaman xalq qızıl mədənlərinin istismarına yeni inqilabla cavab verəcək”.
Nikolu da ən çox təşvişə salan elə budur. Ötənilki küçə qalmaqallarının baş ideoloqu baş nazir kürsüsünə oturandan sonra anlamağa başlayıb ki, gerçək siyasətin qanunlarına görə, butulkadan buraxılmış kinli cin, ilk növbədə, onu azadlığa buraxana zərbə endirəcək”. 
Ölkədə sosial-iqtisadi durumu heç cür düzəldə bilməyən, əksinə naşı qərarları ilə özünü gülünc vəziyyətə salan Nikol Paşinyan gərginliyi azaltmaq üçün bir çox variantlara əl atmalı oldu. O, ilk növbədə, ədliyyə naziri Rustam Baqdasaryanın vasitəsilə bəyan etdi ki, bu il İstanbul Konvensiyasının paraflanması prosesi baş tutmayacaq. Hakimiyyət bu yolla gərginlik ocaqlarından birini, müvəqqəti olsa belə, söndürməyə cəhd göstərsə də, “Amulsar” yatağı ətrafında vəziyyət səngiməmişdir. Politoloqlar açıq bildirirlər ki, təkcə bu gərginlik ocağı Ermənistanda yeni inqilabın baş verməsi üçün yetərlidir. 
“Amulsar” məsələsində Nikol heç cür geri addım ata bilmir, çünki bu işdə ona müstəqil qərar qəbul etməyə mane olan çox ciddi qüvvələr var. Paşinyan qorxur ki, mədənin istismarı qərarını dayandırarsa, xarici partnyorların ciddi təziyqinə məruz qalacaq. Çünki “Amulsar”ın istismarının dayandırılması Ermənistana özünün xammal əlavəsi kimi baxan Qərbin planlarına daxil deyil. 
Ona görə də Paşinyan bütün vasitələrlə Qərbdəki ağalarının qəzəbinə tuş gəlməmək üçün dəridən-qabıqdan çıxır. “Amulsar” məsələsində ona dəstək verməyən komandasını da elə bu səbəbdən satqınlıqda ittiham edir. Cermuxdakı görüşdən dərhal sonra Çaxkadzorda müşavirə keçirən baş nazir elə bu şəkildə də açıqlama verərək bildirmişdir ki, hakimiyyətə gətirdiyi komanda onu satmış və “Amulsar” məsələsində ona dəstək olmamışdır. Həqiqətən də, Nikolun 20-dən artıq silahdaşı yatağın istismarına qarşı çıxmış və bu da “Mənim addımım” fraksiyasında parçalanmaya səbəb olmuşdur. 
Nikol Paşinyan küçə yürüşlərini idarə etməkdə ad çıxarsa da, onun dövləti idarə etməkdə Ermənistanın tarixinə ən uğursuz, hətta korrupsiyaya uğramış bir rəhbər kimi düşmək ehtimalı getdikcə artır. Ölkənin partiya rəhbərləri də buna şübhə etmirlər. Məsələn, “Yerkir çirani” partiyasının sədri Zarui Bostancanyan bu məsələyə ironiya ilə yanaşaraq demişdir: ““Lidian”ın səhmdarı və vəkili kimi saatyarımlıq monoloqu, “Amulsar”  yatağının açılmasının millət və dövlət üçün bəlaya çevriləcəyini danmaq Nikol Paşinyanın elə ilk imtahandan iflasa uğradığını sübut edir. Paşinyanı tanıyan adam kimi, mən başa düşürəm ki, onun ürəyi “Lidian”ın səhmlərindədir. Kim şübhə edər ki, bunu tezliklə hamı da olmasa, çoxları başa düşəcək”. 
Ermənistanda “Amulsar” yatağının çox ciddi bir mövzuya çevrilməsi heç də təsadüfi deyil. Erməni mətbuatının yazdığına görə, bu məsələdə ölkənin prezidenti Armen Sarkisyan da öz fəallığı ilə seçilir. Hətta onun bu müqavilənin “xaç atası” olmasını belə israrla şərh edirlər. “Golosarmenii.am” portalı ölkə prezidentinin bu məsələdəki rolunu açıqlamamışdan əvvəl belə bir sual verir: “Şahzadə Çarlzı “Amulsar”a kim gətirdi?” Jurnalist suala özü cavab verərək bildirir ki, bir vaxtlar Ermənistan KİV-də “Amulsar” yatağının işlənməsini nəzərdə tutan əsrin sövdələşməsinin “xaç atası” kimi prezident Armen Sarkisyan çıxış edirdi. Ermənistan prezidentini qınaq obyektinə çevirən odur ki, İngiltərədə səfir olduğu dönəmdə şəxsən özü şahzadə Çarlzı Londondan Ermənistana, “Amulsar”a gətirmiş, qızıl yataqlarını ona göstərərək vəd etmişdir ki, bu yataq onu istismar edənlərə 8 milyard dollar gəlir gətirəcək. Hətta belə bir versiya da irəli sürülür ki, Sarkisyanı Ermənistan prezidenti kürsüsünə də bu sövdələşmənin həyata keçirlməsinə şəxsən nəzarət etmək üçün otuzdurublar. 
Əlbəttə, Ermənistan kimi parlament respublikasında prezident səlahiyyətləri, Sarkisyana yaxın gələcəyə ciddi siyasi planlar qurmağa imkan vermir. Ancaq Oksford Universitetinin professoru Sarkisyan yaxşı başa düşür ki, hakimiyyət böhranı hər an meydana çıxa bilər. Çünki indidən “Amulsar”la bağlı məsələ ölkədə çoxlarını Nikolsuz Ermənistanın gələcəyini düşünməyə məcbur edir. 
“Amulsar” yatağının işlənməsi ətrafında böyüməkdə olan hakimiyyət və xalq qarşıdurması Ermənistan baş nazirinin korrupsiyaya bulaşdığını da üzə çıxarmaqdadır. Bu günlərdə ekoloq Artur Qriqoryan və politoloq Ayk Martirosyanın sosial şəbəkədəki çıxışları Nikolun cəmiyyət arasındakı mövqeyinə yeni sarsıdıcı zərbə olmuşdur. Erməni ekoloq özünün Feysbuk səhifəsində yazır: “Mənim ekologiya idarəsinə rəhbər təyin edildiyim vaxtdan Avinyanın (baş nazirin müavini) ofisi mənim vasitəmlə “Amulsar”a yol açmaq istəyirdi...Soruşun, nədən onlar belə edirdilər? Korrupsiya, sadəcə korrupsiya”. Ekoloqun bu yazısı artıq prokurorluq tərəfindən milli təhlükəsizlik xidmətinə göndərilmişdir. Prokurorluq hesab edir ki, yazıda cinayət barədə məlumat var və ona görə də Vanesyanın milli təhlükəsizlik xidməti bunun səhihliyini yoxlamalıdır. Ancaq mətbuat mənsubları hesab edirlər ki, müvafiq səlahiyyətli orqanlar materialdan araşdırma aparmaq üçün yox, öz metodları ilə Qriqoryana təsir etmək üçün istifadə edəcəklər. 
Martirosyana gəldikdə isə, o öz səhifəsində açıq bildirir ki, “Amulsar” sövdələşməsində böyük korrupsiyanın varlığına əvvəlcədən ciddi şübhələri olmuşdur. “İndi bu şübhələr yoxdur. Mən qətiyyən şübhə etmirəm ki, hökumət “Amulsar” məsələsində korrupsiyaya bulaşmışdır. Buna, təkrar edirəm, heç bir şübhə ola bilməz”. Qriqoryanın və Martirosyanın fikirlərini ekoloji ictimaiyyətin nümayəndələrinin əksəriyyəti açıq ifadə etməyə çəkinsələr də, kuluarlardakı müzakirələrdə təsdiqləyirlər.
Ermənistanda bütün yay dövründə cərəyan edən hadisələr tarixə, yəqin ki, baş nazir kürsüsündə öz yerini təzə-təzə tapmağa çalışan Nikol Paşinyanın hakimiyyətinin sonunu yaxınlaşdıran siyasi dönüş ilinin başlanğıcı kimi daxil olacaq. Çünki bu hadisələr cəmiyyəti illüziyalardan və emosiyalardan ayılmağa məcbur etmiş, qaragüruhçu kütlələrin kumirlərinə tənqidi baxışlar oyatmağa başlamışdır. 
Paşinyanın diletantlığı üzündən sosial-iqtisadi böhranın daha da dərinləşdiyi və siyasi dalanın daha da daraldığı ölkənin siyasətçiləri və analitikləri açıq bildirirlər ki, 2019-cu ilin payızı Ermənistanda yeni hakimiyyət dəyişikliyinin reallaşacağı mövsüm kimi tarixə düşəcək. Artıq parlamentdənkənar qüvvələr vəziyyətdən çıxış yolunu müəyyənləşdirmək, yəni hakimiyyət dəyişikliyini reallaşdırmaq üçün birgə siyasi platforma formalaşdırmağa başlamışlar. Platformanın əsas təşkilatçılarından olan “Milli həmrəylik” partiyasının sədri Aram Arutunyan yerli media nümayəndələrinə verdiyi müsahibədə bunu açıq şəkildə bəyan etməkdən çəkinməyərək deyib: “Paşinyanın simasında biz, hətta qorxudan qeyri-adekvat hərəkətlər etməyə hazır olan son dərəcə sərsəm bir insanla qarşılaşırıq. Biz bilmirik, məsələn–sabah hökumətin binası qarşısında ondan istefa verməsini tələb edən 10 min vətəndaş toplaşsa və bir neçə gün dağılışmasa, bu adam hansı hərəkəti edəcək”.
Partiya sədrinin fikrincə, parlamentdənkənar müxalifətin üzərinə hakimiyyət dəyişikliyinin fəlakətsiz, qan-qadasız keçməsinə cavabdehlik məsuliyyəti düşür. Onu da nəzərə almaq lazımdır ki, siyasiləşdirilmiş küçə ictimaiyyəti arasında da qeyri-adekvat hərəkətlər etməyə qabil olanlar var. Arutunyanın sözlərinə görə, hakimiyyətin qeyri-adekvatlığının qan tökülməsinə səbəb ola biləcəyi ilə bağlı da insanlar arasında izahat işləri aparmaq lazımdır: “Siyasi qüvvələr, birləşmiş cəmiyyət və güc strukturlarının hər biri bu payızda başlanacaq və hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq proseslərə görə öz məsuliyyətlərini dərk etməlidirlər”. Arutyanın sözlərinə görə, mövcud vəziyyəti adekvat qiymətləndirən siyasi qüvvələr dövlətin təhlükəsizliyinin təmin edilməsi problemi ətrafında birləşməyə bilməzlər.
Bunlar bir daha onu göstərir ki, Ermənistanın siyasi elitası Nikolu erməni dövləti üçün potensial təhlükə mənbəyi hesab edir və çox tezliklə onun hakimiyyətinə son qoymağa hazırlaşır. Görünür, Paşinyan öz hakimiyyəti dövrü üçün düşündüyü şirin xəyallara ancaq röyalarında qovuşa bilər. Çünki onun bir il əvvəl butulkadan buraxdığı qəzəbli cin onun özünü udmağa hazırlaşır. 

 

İlqar RÜSTƏMOV, 
“Xalq qəzeti” 

 

 

14 2019 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə