Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanın Baş konsulu ilə görüş

Gürcüstanın Baş konsulu ilə görüş

Azərbaycan Milli  Elmlər  Akademiyasının Gəncə  Bölməsində  Gürcüstan  Respublikasının  Gəncəyə yeni təyin edilmiş Baş  konsulu  Nikoloz  İaşvili  ilə görüş  keçirilmişdir.
Fəxri  qonağı  AMEA  Gəncə Bölməsinin sədri, akademik  Fuad Əliyev  salamlayaraq  Azərbaycanın ikinci  sənaye və mədəniyyət  mərkəzində   konsul  kimi  fəaliyyətə  başlaması münasibətilə  təbrik  etmiş, ölkələrimiz  arasındakı çoxsahəli  dostluq  və  əməkdaşlıq   əlaqələrinə   yeni  töhfələr  verəcəyinə əminlik ifadə etmiş   və  diplomatik  fəaliyyətində uğurlar  arzulamışdır.
Gürcüstanlı  diplomata  AMEA  Gəncə  Bölməsinin  yaranması,  strukturu  və  fəaliyyəti, qədim  şəhərin müasir  elmi  potensialı, ölkələrimiz  arasında  davam edən  elmi  əlaqələr   haqqında  məlumat verilmişdir.
Gəncə şəhərinin əsrlər boyu elm və mədəniyyət mərkəzi kimi inkişaf etdiyi, burada milli-mənəvi dəyərlərin qorunduğu xüsusilə vurğulanmış, qədim tarixi abidələrin və çoxsaylı muzeylərin olmasının turizm əlaqələrinin genişləndirilməsinə şərait yaratdığı bildirilmişdir.
Fuad Əliyev AMEA-nın Gəncə Bölməsində son illərdə əldə edilmiş əsas elmi nailiyyətlərdən bəhs edərək, burada aparılan fundamental tədqiqatlar, ictimai və humanitar elmlər sahəsində qazanılmış uğurlardan bəhs etmiş, Bölmənin beynəlxalq elmi əməkdaşlığının inkişaf etdirilməsində maraqlı olduğunu, Gəncədə aparılan beynəlxalq arxeoloji tədqiqatlarda gürcü alimlərinin də iştirakının vacibliyini qeyd etmişdir.
Akademik   müstəqil Azərbaycan dövlətinin   məhz  Tiflisdə elan edilməsini  ölkələrimiz  arasında  dostluğun bariz   nümunəsi kimi  xüsusi vurğulamış,  həmin  tarixi  hadisənin   daha  geniş  və hərtərəfli  araşdırılmasının vacibliyini qeyd edərək, əldə olunan nəticələrin  Azərbaycanın müstəqillik tarixini daha da  zənginləşdirəcəyinə   əminlik ifadə etmişdir.
Gürcüstanın Gəncədəki Baş konsulu  Nikoloz  İaşvili  səmimi qarşılandığı və işgüzar  söhbət üçün minnətdarlığını bildirmişdir. Diplomat  qeyd etmişdir ki,  fəaliyyətə  başlanmasının  3  ay  olmasına  baxmayaraq, Azərbaycan və Gəncə  haqqında  zəngin  məlumatlara  malikdir,  ölkələrimiz  arasındakı geniş dostluq  və əməkdaşlıq  münasibətləri  mövcuddur  və  gələcək  fəaliyyətinin əsas  istiqamətini bu  əlaqələrin  daha da  inkişaf etdirilməsində görür. Elmi əlaqələrin daha da möhkəmlədirilməsində maraqlı olduğunu xüsusi  vurğulayan  gürcüstanlı  diplomat beynəlxalq   konfranslarda, simpozium və  digər elmi  tədbirlərdə   gürcüstanlı alimlərin daha  yaxından iştirakında  maraqlı olduğunu xüsusi vurğulamış, belə  qarşılıqlı əməkdaşlığın səmərəli nəticələr  verəcəyini qeyd etmişdir. O, xüsusilə son illərdə şəhərimizin beynəlxalq əlaqələrinin genişləndiyini bildirmiş, Kutaisi ilə Gəncənin qardaşlaşmış şəhərlər olması  haqqında məlumat vermişdir.
İşgüzar şəraitdə keçən görüşdə şəhərlərimiz arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılmış,  sonda xatirə hədiyyələri təqdim olunmuş və şəkil çəkdirilmişdir.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2019 18:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə