Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

33 yaşında dünyasını dəyişmiş kaman ustasının 60 yaşı tamam olur

33 yaşında dünyasını dəyişmiş kaman ustasının 60 yaşı tamam olur

Xalam  Natella Əzizovanın 60 illik yubileyi münasibətilə əziz xatirəsinə ithaf...

Ötən illər hər kəsin taleyində bir iz qoyub tarixlərə dönür. İnsana bəxş olunmuş ömür payının uzun və ya qısalığından asılı olmayaraq, məhz bu ömrü neçə yaşamaq, xatirələrdə neçə qalmaq əsasdır.

Üzeyir Hacıbəyov adına  Azərbaycan  Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının) müəllimi, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin solisti Natella Novruz qızı Əzizova da çox qısa biz ömür, cəmi 33 yaş yaşamasına baxmayaraq, onu tanıyanların yaddaşında gözəl ifaçı, sonsuz hörmət sahibi, xeyirxah insan kimi yaşayır. Bu il 60 yaşını  onsuz qeyd etdiyimiz Natella Əzizova həmkarları, dostları, müəllimləri tərəfindən böyük hörmət və rəhmətlə anılır.

1958-ci il iyul ayının 30-da Bakı şəhərində zayalı ailəsində anadan olan Natella Əzizova uşaq yaşlarından incəsənətə böyük həvəs göstərir. Belə ki, Bülbül adına orta ixtisas musiqi məktəbinin kamança sinfini qızıl medalla, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət  Konservatoriyasının (indiki Üz.Hacıbəyli adına BMA)  "Xalq çalğı alətləri" şöbəsinin kamança ixtisasını fəqrlənmə diplomu ilə bitirib. Təhsil aldığı illərdə müxtəlif konsert salonlarında, tədbirlərdə çıxış etmiş, tələbələrdən ibarət konsertlər təşkil etmiş, fəal tələbə kimi tanınmışdır. Musiqi sənəti sahəsində ilk müstəqil addımlarını atan Natella Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının  professoru Şəfiqə Eyvazovanın rəhbərliyi altında çalışaraq, kamança alətində Azərbaycan muğamların, mahnıların, rəqslərin və bəstəkar əsərlərin ifa sirlərini dərindən mənimsəmişdir. Ş.Eyvazovanın sinfini bitirmiş tələbələr peşəkar hazırlıq baxımından yüksək səviyyədə  olmaqla öz fərdi ifaçılıq simasını kəsb etmiş, milli ənənələri öz yolları ilə yaşadıb davam etdirmişlər.

Azərbaycan Respublikasının xalq artisti, professor Səfiqə Eyvazovanın xatirələri:

- Hər bir müəllimin xeyli tələbəsi olur. Amma hər tələbə müəllimi dərindən başa düşmür və duymur. Tələbələrin arasında ilk sıralarda "müəllim" sözünə çox böyük qiymət qoyan, "müəllim" məfhumuna xüsusi hörmət edən şəxs kimi Natellanı görürəm. Onunla bərabər mənim bir neçə yaxşı tələbələrim olub, amma Natella onlardan xüsusilə seçılırdi. Natella çalışqan tələbə idi, dərsə hazırlıqlı gəlirdi. Onun zirəkliyi, bacarığı, əqidəsi özünü hər zaman  büruzə verirdi. O çox böyük daxili mədəniyyətə malik bir insan idi. Xeyirxahlığından qalmırdı, xoşu gəlirdi kiməsə köməklik etsin. Haqsızlığı sevmirdi, haqqı nahaqqa verməzdi. Natella tək ixtisasla kifayətlənmirdi. Azərbaycan ladları, muğam, harmoniya və başqa fənnlərin gözəl bilicisi idi. Tələbə kimi tək mənim yox, bütün müəllim heyətinin hörmətini qazanmışdır. Altımış iki ildirki mən müəllim vəzifəsində işləyirəm, tələbələrimin arasında insani keyfiyyətlər baxımından onun kimi ikinci bir şəxs görmürəm. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında çox böyük məktəb keçmişdir. İnanıram ki, sağ olsaydı, tələbələr yetişdirə, öz fəaliyyətini zirvələrə çatdıra biləcəkdi. Bilirsiz, alim olmaq olar, amma insan olmağı hər kəs bacarmır. Natella geniş dünyagörüşlü, gülərüz, xoşxasiyyət bir insan idi. Hər barədə ondan nümunə götürmək olardı. Əlbəttə, belə bir insanın  cavan yaşında rəhmətə getməsi adama çox böyük təsir edir. Dünyasını dəyişsədə hörməti böyük olduğundan yaddaşlarda yalnız gözəl xatirələrlə qalıb.

İfaçılar nəslinin nümayəndəsi Natella Əzizova elmə, təhsilə xüsusi fikir verən, qayğıkeş və müdrik yanaşan ziyalılarımızdan idi.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarovanın xatirələri:

- Natella Əzizova haqqında danışmaq mənim üçün xoşdur, cünki Natella oxuduğu zaman mən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının  Tarix-nəzəriyyə fakültəsinin dekanı vəzifəsində çalışırdım. Bu dekanlığa bir çox ixtisaslar: nəzəriyyəçilər, xalq ifaçıları, dirijorlar və bəstəkarlar daxil idi.

Qeyd edim ki, Natellanın xarici və daxili görünüşü həmahənglik təşkil edirdi. O çox səliqəli və təvazökar insan idi. Mən onunla fəxr edirdim ki, bizim belə tələbəmiz var. Çünki o həm konsertlərdə yüksək ifaçılıq qabiliyyətini göstərirdi, həm dərs prossesinə nizam-intizamla, böyük maraqla yanaşırdı, həm də içtimai işlərdə çox fəal iştirak edirdi. Ən əsası da sadəliyi və mədəniyyəti ilə çox fərqlənirdi. Xüsusilə vurğulayım ki, mən dekan olduğum dönəmdə fikir verirdim ki, Natella yoldaşlar arasında böyük məhəbbət qazanmışdır. Özünə qarşı çox tələbkar idi və daima öz üzərində çalışırdı. N.Əzizova professor Şəfiqə Eyvazovanın tələbəsi olub. Sözün əsil mənasında Azərbaycanda gözəl kamança ifaçılarımız varsa bir çoxları Şəfiqə xanımın tələbələri olublar. Odur ki, onların içərisində Natella da özünəməxsus yer tuturdu. Onu da qeyd edim ki, Natellaya mən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üz.Hacıbəyli adına BMA) Qərb musiqi tarixi fənnindən dərs demişəm. Bu fənnə o, çox böyük maraq göstərirdi, dərslərə daima gəlirdi, seminar dərslərə cavab verirdi. Elmi-konfranslarda da daima çıxış edirdi. Yaxşı yadımdadır ki, konfransların birində mən ona mövzu vermişdim, bu mövzu ilə o çox maraqlı çıxış etmişdir. Hətta mən ona dedim ki, sən nəzəriyyəçi də ola bilərsən. Onun dünyadan vaxtsız köçməsi hamımızı çox sarsıltdı, çox üzdü. İndiyə kimi biz bununla barışa bilmirik, çünki onun o gülər üzü, böyük bacarığı indi də göz önümdədir. Biz düşünürdük ki, o öz üzərində çalışacaq və öz uğurları ilə bizləri sevindirəcəkdir. Nə qədər biz varıq onu yad edirik, xatırlayırıq və onun gözəl davamçıları, tələbələri, övladları onun adını daima yaşadacaqlar.

Müəllimlərinin ona verdikləri biliklərdən bəhrələnərək, pedaqoji sahədə işləməklə yanaşı, Natella Əzizova Azərbaycan xalq çalğı alətləri orkestrində də fəaliyyət göstərirdi. Respublikanın xalq artisti, professor Nəriman Əzimovun rəhbərlik etdiyi bu orkestr Azərbaycanda və onun hüdudlarından kənarda, mavi ekranlarda, konsert salonlarında dəfələrlə rəğbət qazanmışdır.

Azərbaycan Respublikasının xalq artisti, professor Nəriman Əzimovun xatirələri:

- Natella Əzizova haqqında danışmaq mənə çox ağırdır. Onun yoxluğu mənim üçün böyük bir itkidir. Doğru deyirlər ki, əsil-nəcabət başqa şeydir... Natellaya mən Üzeyir Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında   beş il dirijorluqdan dərs demişəm. Təhsilinə, işinə çox ciddi yanaşan bir şəxs idi. O qızın mədəniyyəti, ziyalılığı, səliqəliyi indi də mənim gözümün önündədir. Azərbaycan Dövlət Konservatoriyasını müvəffəqiyyətlə bitirdikdən sonra onu, "Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri"nə kamança ifaçısı kimi qəbul etdilər. Uzun müddət o Xalq Çağı Alətləri Orkestrinin birinci qrup kamança ifaçıları sırasında fəaliyyət göstərdi.

Onun  səliqəliliyi, işə münasibəti, fəallığı tələbəlik dövründə olduğu kimi, onun davamını mən orkestrdə gördüm. Deyərdim ki, orkestrdə o dövrün ən gözəl ifaçılarından biri də Natella Əzizova idi. Onun haqqında digər fənnlərdən dərs deyən müəllimlərdən də soruşsaydınız onlar da mənim kimi müsbət fikirlər söyləyəcəkdirlər. Çünki o tək ixtisasa yox, başqa fənlərə də böyük maraq göstərirdi.

Natella içtimai işlərdə, konsertlərdə, müəyyən məsələlərlə bağlı keçirilən tədbirlərdə də aktiv iştirak edirdi. Azərbaycan Dövlət Konservatoriyasında respublikanın xalq artisti, professor  Şəfiqə xanım Eyvazova ixtisasdan Natellaya dərs deyirdi. Bu da onun bəxtinə düşüb ki, Şəfiqə Eyvazova kimi gözəl sənətkar Natellanın müəllimi olub. Natella kimi yaxşı ifaçının müəllimi də gərək güclü olsun. Kollektivimiz Natellanın dünyasını dəyişməsi xəbəri ilə barışa bilmirdi. Onun yoxluğu bizim üçün ağır itki oldu. Bu Allah yazısıdır... Bilirsiniz, hansı dövrdə yaşayırsan yaşa, hansı sahədə çalışırsan çalış gərək özündən sonra bu fani dünyada gözəl xatirələr qoyub gedəsən ki, sənin haqqında belə müsbət fikirlər söylənsin.

İnsanın ruhu həmişə yaşayır. Qoy onun ruhu həmişə şad olsun. Gələcəyə nikbin baxıb, arzular qanadında yaşayan Natellanın iki övladı ondan yadigar qaldı.

Bütün bu deyilənlərin arxasında öz dövrünün və xalqının yüksək düşüncə tərzinə, böyük insani keyfiyyətlərinə malik bir sima, geniş dünyagörüşlü bir şəxsiyyət durur. Həyatda olmamasına baxmayaraq, qətiyyətlə demək olar ki, Natella Əzizova onu tanıyanların qəlbində isti bir yuva qurub və yaddaşlarda daima xoş xatirələrlə qalacaq.

Şəkildə: Sağdan birinci: Şəhla Mahmudova-Həsənova, şəkilin mərkəzində digər həmkarlar və Natella Əzizova

 

Nərgiz QULAMOVA,
Üzeyir Hacıbəyli adına Bakı  Musiqi Akademiyasının dissertantı
                             

12 2019 15:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə