Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avrasiya cərrah və qastroenteroloqlarının XVIII Beynəlxalq konqresi

 Avrasiya cərrah və qastroenteroloqlarının XVIII Beynəlxalq konqresi

Azərbaycan Tibb Universitetində (ATU) mərhum akademik Böyükkişi Ağayevin xatirəsinə həsr olunmuş Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi öz işinə başlayıb.

Elmi cəmiyyətə üzv olan 25 ölkədən elm xadimi və tibb mütəxəssislərinin, eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə səhiyyə nazirinin müavini Elsevər Ağayev nazir Oqtay Şirəliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub, son 15 ildə Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır. Diqqətə çatdırıb ki, tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan Böyükkişi Ağayevin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb. Alim eksperimental nəticələr əsasında təcrübi tövsiyələri və ixtiraları ilə tibb elminə təqdirəlayiq töhfələr verib: “Beynəlxalq konqresin ölkəmizdə 7-ci dəfə keçirilməsi mühüm hadisədir. Eyni zamanda, konqresin  akademikin xatirəsinə həsr olunması onun ən böyük haqqıdır”.

Konqresdə Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin sədri, Ankara Universitetinin rektoru, professor Hasan Özkan çıxış edərək dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Elmi Cəmiyyətin indiyədək 17 konqresi keçirilib. Bu beynəlxalq tədbirlərin 7-nə Azərbaycan ev sahibliyi edib. H.Özkan məlumat verib ki, cərrah və qastroenteroloqların ilk konqresi 1997-ci ildə Bakıda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə keçirilib və həmin konqresdə 5 ölkədən 35-ə yaxın alim iştirak edib.

Konqresin sədri, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, professor Rauf Ağayev bildirib ki, tədbirdə 150-yə yaxın mühazirə və elmi çıxışlar dinləniləcək, Avstraliya, ABŞ, Türkiyə və başqa ölkələrdən gələn tanınmış mütəxəssislər qaraciyər transplantasiyasına aid öz təcrübələri haqqında danışacaqlar. Eyni zamanda, dünyada ən aktual problemlərdən olan hepatit virusu, ürək-damar cərrahiyyəsi barədə də çıxışlar nəzərdə tutulub.

Tədbirdə Böyükkişi Ağayevin həyat və fəaliyyətdən bəhs edən videoçarx nümayiş etdirilib.

Sessiyalarda cərrahiyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 15:01 - SƏHİYYƏ
SƏHİYYƏ
9 Sentyabr 2019 | 15:44
Beynəlxalq Fizioterapiya Günü
4 Sentyabr 2019 | 12:46
Zərdabda qanvermə aksiyası
3 Sentyabr 2019 | 11:38
Anemiyanın 12 əlaməti

Köhnə versiyamızdan xəbərləri izlə