Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Şurası ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirir

Avropa Şurası – 70

Avropa Şurası ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirir

Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər lazımdır.
Heydər ƏLİYEV 
Ümummilli lider
Strasburq, 25 yanvar 2001-ci il


Azərbaycan Avropa Şurasına düşünülmüş şəkildə üzv olub və Avropa ilə yaxınlaşma siyasəti bundan sonra da davam edəcək. Ölkəmizdə 90-cı illərin ortalarından ciddi islahatlara başlanıb, ciddi siyasi, iqtisadi islahatlar həyata keçirmişik və bundan sonra da keçirməkdə qərarlıyıq. Bu, sadəcə bizim Avropa Şurası qarşısında öhdəliyimiz olduğuna görə deyil. Bilirsiniz ki, Azərbaycan Avropa Şurasının 600-dən artıq Konvensiyasına qoşulub. Bu, ona görədir ki, biz sivil, inkişaf etmiş dünyanın bir parçası kimi olmaq istəyirik.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
Strasburq, 26 iyun 2014-cü il


Azərbaycan dövlətinin məhv olmaq təhlükəsindən xilas edilməsi, müasir, hüquqi, dünyəvi dövlət quruculuğu məcrasına yönəldilməsi, dünya dövlətləri sırasında özünəməxsus yer tutması, sonrakı mərhələlərdəki tərəqqi, inkişaf və Avropaya inteqrasiyanın təmin edilməsi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ona görə də 2001-ci il yanvarın 25-də Avropa Şurasının Strasburqdakı mənzil-qərargahının qarşısında Azərbaycan bayrağının bilavasitə Prezident Heydər Əliyev tərəfindən qaldırılması da tarixi ədalət nümunəsi idi.
Fikrimizcə, həmin gün bizim üçün milli qürur, milli mənsubiyyətlə fəxr etmək, milli dövlətin beynəlxalq aləmdə təmsil olunması ilə iftixar hissi keçirmək nümunəsi idi. Ulu öndər Heydər Əliyevin şərəfli ömrünün bütün məqamları kimi, respublikamızın Avropa Şurasına qəbul olunması münasibətilə, Avropanın mərkəzində qürurla söylədiyi bu fikirlər isə hər birimiz üçün örnək, ibrət nümunəsinə çevrilmişdir: “Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər lazımdır”. Xalqımızın böyük oğlu bir türk dövləti olan Azərbaycanın ümumavropa dəyərlərinə töhfə verəcək ali səviyyədə olduğunu söyləyərək türk dünyasını, dostlarımızı sevindirmiş, bədxahlarımıza isə layiqli cavab vermişdi.
Təbii ki, respublikamızın Avropa Şurasına qəbul edilməsi yeni əsrin və minilliyin xalqımız və dövlətimiz üçün xoş müjdələrlə başlanması kimi qəbul edilirdi. Yeni əsrin ilk həftələrində öz dövlət müstəqilliyinin 10-cu ilini yaşayan Azərbaycan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata üzv qəbul edilirdi. Bu, ulu öndər Heydər Əliyevin 1993-cü ilin yayından etibarən işləyib hazırladığı sivil, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu kursunun təntənəsi idi. Ancaq ölkəmizin bu quruma qəbul edilməsi üçün dövlət rəhbərliyi uzun illər gərgin işlər aparmalı olmuşdu. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlərin siyasi təcrübəsizliyi və diletantlığı üzündən respublikada yaranmış xaos və anarxiya, itaətsizlik, qanunsuzluq, demokratik dəyərlərə məhəl qoyulmaması şəraitində Azərbaycan Avropa Şurasına qəbul edilməzdi. Ona görə də ulu öndər ən əvvəl ölkədə siyasi sabitliyə nail oldu, dövlətin idarə edilməsi üçün hüquqi baza formalaşdırdı, beynəlxalq aləmə inteqrasiyanın konturlarını işləyib hazırladı.
Xatırladaq ki, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması istiqamətində dövlət başçısı Heydər Əliyev tərəfindən silsilə siyasi tədbirlər həyata keçirilmişdi. Görülmüş bu işlərin və aparılmış islahatların məntiqi nəticəsi kimi, Avropa Şurasının Nazirlər Komitəsi 2001-ci il yanvar ayının 17-də Azərbaycanın bu təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunması barədə qərar qəbul etmişdi.
Nəhayət, 2001-ci il yanvarın 25-də Azərbaycanın ən yeni tarixinin çox əlamətdar bir hadisəsi baş verdi. Avropa Şurasının Strasburq şəhərindəki mərkəzi iqamətgahı önündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldıldı. Bu hadisə iki cəhətdən bizim üçün əlamətdar və yaddaqalan idi. Birinci siyasi cəhəti qeyd edək. Tarixən böyük dövlətçilik təcrübəsi və zəngin mədəniyyəti olan Azərbaycan XXI əsrin əvvəlində Avropa ailəsinə tamhüquqlu üzv kimi qəbul edilirdi. BMT, İslam Konfransı Təşkilatı, ATƏT, MDB, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və NATO kimi (“Sülh naminə tərəfdaşlıq proqramı üzrə”) mötəbər beynəlxalq təşktilatlarda yüksək səviyyədə təmsil olunan Azərbaycan daha bir nüfuzlu qurumda söz demək üçün mühüm tribuna qazanırdı. 
Bu hadisənin mənəvi cəhətdən qiymətləndirilməsi də elə bu səviyyədə əhəmiyyətli idi. Belə ki, Strasburqda Azərbaycan bayrağını 1969-82-ci illərdə Azərbaycana rəhbərlik edərkən bu Qafqaz respublikasını bütün dünyada tanıdan, xalqımızın və dövlətimizin misilsiz şəkildə inkişafına nail olan, 1993-cü ilin qanlı və məşəqqətli günlərində siyasi hakimiyyətə qayıdaraq milli dövlətçiliyimizi məhv olmaqdan, xalqı vətəndaş müharibəsindən qurtaran böyük lider qaldırırdı. Özü də Avropanın bütün ölkələrini təmsil edən siyasət və mətbuat təmsilçiləri qarşısında : “Biz ümumavropa dəyərlərinə öz töhfəmizi verməyə hazırıq” – deməklə.
Ekspertlərin fikrincə, Heydər Əliyevin xatırlatdığı həmin töhfəni avropalılar çox gözləməli olmadılar. Belə ki, ulu öndərin bilavasitə Avropa Şurasının fəaliyyətinə gətirdiyi bir yenilik var idi ki, bu da Avropa Şurası Parlament Assambleyasındakı milli parlament nümayəndə heyətlərinin fəaliyyətinə gətirilən dinamiklik idi. Avropalı deputatlar açıq şəkildə etiraf edirdilər ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin təşəbbüskarlığı, bütün müzakirələrdə nümayiş etdirdiyi çevik reaksiya vermək məharəti, qərəzsizliyi və obyektivliyi digər nümayəndə heyətlərinin də fəallaşmasına səbəb olmuşdur. Fikrimizcə, bu, ulu öndərin AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin formalaşdırılması zamanı nümayiş etdirdiyi siyasi uzaqgörənliyin nəticəsi idi.

Mətbuat yazır ki, cənab İlham Əliyevin AŞPA-dakı fəaliyyətinin nəticəsi olaraq qurum rəhbərliyinin Ermənistanı işğalçı dövlət kimi tanıması da düzgün seçimin nəticəsi olaraq qiymətləndirilməlidir. 2001-ci ildə üzvü olduğumuz Avropa Şurasının Parlament Assambleyası cəmi 1 ildən sonra Ermənistanın işğalçı dövlət olduğunu sübut edən rəsmi sənəd qəbul etmişdi. Bu, Azərbaycan nümayəndə heyətinin çox böyük uğuru idi. Ekspertlərin fikrincə, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı başqa bir uğuru da var ki, bu da bilavasitə nümayəndə heyətimizin rəhbərinin adı ilə bağlıdır. Belə ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev AŞPA sədrinin müavini və qurumun büro üzvü seçilən ilk MDB siyasətçisi idi. 
Analitiklərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il iyun ayının 26-da Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı -- Azərbaycan artıq həmin sessiyada Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi iştirak edirdi – tarixi çıxışı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Həmin günlər mətbuat yazırdı ki, son illər bir-birinin ardınca böyük uğurlara imza atan Azərbaycan 2014-cü il mayın 14-dən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Buna qədər isə respublikamız bir sıra nüfuzlu beynəlxalq qurumların tədbirlərinə, o cümlədən, BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Göründüyü kimi, artıq ölkəmiz dünya birliyində etibarlı və inamlı dövlət kimi tanınmaqdadır.
Ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması ilə əlaqədar Strasburq meriyasında mərasim keçirilmiş və Azərbaycanın dövlət bayrağı qaldırılmışdı. Respublikamızın bu təşkilatda sədrliyi Azərbaycan üçün çox əhəmiyyətli hadisə idi. Belə ki, mayın 14-dən noyabrın 14-dək olan sədrlik müddətində Azərbaycan Avropa Şurasının prioritet kimi üç əsas məsələyə -- insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək göstərəcəyini və bu dəyərlərin irəliləməsinin təşviqi üzrə səylərini ­artıracağını bildirmişdi. 
Mətbuat yazırdı ki, Azərbaycan Prezidenti İlham Əliyevin həmin sessiyada çıxışı böyük maraqla gözlənilirdi. İlk növbədə ona görə ki, dövlətimizin başçısı prezidentlik fəaliyyətinə qədər AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinə rəhbərlik etmiş, bu qurumun büro üzvü və sədr müavini olmuşdur. AŞPA-dakı səmərəli fəaliyyətinə və Avropa ideallarına sədaqətinə görə 2004-cü ilin aprelində isə Azərbaycan Prezidenti bu qurumun fəxri üzvü diplomu və qızıl medalı ilə təltif olunmuşdur. Ona görə də bu çıxışın böyük maraqla gözlənilməsi tamamilə təbii idi.
Yazırlar ki, elə çıxışın özü də təbii oldu. Belə ki, dövlət başçımız analitik mühakimə və sistemli təhlil üzərində qurulan çıxışında Azərbaycanın son illərdə yüksək inkişaf yolu keçən dövlət olduğunu demiş, müstəqilliyin ilk dövrlərində yaşanan çətinliklərdən də bəhs etmişdir. Azərbaycanda azad fikrə, müstəqil mətbuata yaradılan şəraitin yüksək səviyyədə olduğunu diqqətə çatdıran respublikamızın rəhbəri bildirmişdir ki, məhz demokratik prinsiplərin inkişafına yüksək önəm verilməsinin nəticəsidir ki, bu gün ölkədə 40-a yaxın gündəlik, 200-dək həftəlik və aylıq media orqanı var, telekanallar müstəqildir, 14 regional telekanal açılıb və ölkədə senzura yoxdur. 
Ölkəmizdə dini və etnik zəmində heç bir problem olmadığını vurğulayan və bu sahədə Azərbaycanın dünyanın bir sıra ölkələrinə örnək olacağını xatırladan Prezident demişdir: “Multikulturalizmin dəyərlərinə sayğı bizim cəmiyyətin təməlində var. Azərbaycanda əsrlərlə müxtəlif millətlərdən və dinlərdən olan insanlar sərbəst yaşayırlar. Bu gün bu problem dünyanın, Yaxın Şərqin bir sıra ölkələri üçün, ümumiyyətlə, regionun təhlükəsizliyi üçün narahatlıqlar yaradır. Avropaya sürətlə inteqrasiya edən Azərbaycan bir tərəfdən də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz sanki sivilizasiyalar arasında kiçik bir körpüyük və bu, hər iki sivilizasiya üçün Azərbaycanın dəyərini artırmaqdadır”.

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 

 

12 2019 10:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə