Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 400 Bakı şəhəri, 9 sentyabr 2019-cu il
 
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
 
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.20-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 
 

 

                  

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il  9 sentyabr

tarixli 400 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının təminatı, təşviqi və qorunması dövlətin prioritet fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə dövlət tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin hüquqlarının dövlət monitorinqi aparılır.

 

2. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədi

 

2.1. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədi bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin və tədbirlərin müəyyən edilməsidir.

 

3. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqini həyata keçirən subyektlər

 

3.1. Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir. Nazirlik monitorinqi Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət),  Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – DOST Agentliyi) və strukturuna daxil olan digər qurumlar vasitəsilə həyata keçirir.

3.2. Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədilə Nazirliyin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiyalar yaradılır. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin nəticələrindən asılı olaraq, komissiyanın tərkibində zərurət yarandıqda müvafiq mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən ekspertlərdən ibarət yardımçı işçi qrup yaradıla bilər. Yardımçı işçi qrupun üzvləri ictimai əsaslarla fəaliyyət göstərir.

3.3. Əlilliyi olan şəxslər və onları təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatları əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi prosesində iştirak edə bilərlər.

 

4. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi istiqamətləri

 

4.1. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi istiqamətləri aşağıdakılardır:

4.1.1. müyəssərlik (iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu);

4.1.2. inklüzivlik (əlilliyinin növündən, formasından və dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat səviyyəsinin təminatı üçün əlilliyi olan şəxsə müyəssərliyin təmin edilməsi);

4.1.3. əlilliyə görə ayrı-seçkilik (əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina);

4.1.4. ağlabatan uyğunlaşma (əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədilə zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi).

 

5. Müyəssərliyin müşahidəsi

 

5.1. İş yeri, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai nəqliyyat və kommersiya infrastrukturunun müyəssərliyinin müşahidəsi zamanı aşağıdakılar həyata keçirilir:

5.1.1. müyəssərlik problemləri və onların həlli istiqamətlərinin müəyyənləşdirilməsi;

5.1.2. qabaqcıl təcrübələrin araşdırılması;

5.1.3. əlilliyi olan şəxslər və onların ailələri arasında sorğuların keçirilməsi;

5.1.4. müyəssərlik üzrə qiymətləndirmələrin nəticələrinin təhlili;

5.1.5. cəmiyyətin maarifləndirilməsi.

 

6. İnklüzivliyin müşahidəsi

 

6.1. İnklüzivliyin müşahidəsi zamanı aşağıdakılar həyata keçirilir:

6.1.1. təhsilin bütün pillə və səviyyələri üzrə inklüzivliyin təmin edilməsi;

6.1.2. təhsildə inklüzivliyin təmin olunmasında müşahidə olunan problem və çatışmazlıqların aradan qaldırılması;

6.1.3. əməyin inklüzivliyinin təmin olunması;

6.1.4. peşə-əmək təlimlərinin inklüzivliyinin təmin edilməsi.

 

7. Əlilliyə görə ayrı-seçkiliyin və ağlabatan uyğunlaşdırma qaydalarına riayət olunmasının müşahidəsi

 

7.1. Əlilliyə görə ayrı-seçkiliyin və ağlabatan uyğunlaşdırma qaydalarına riayət olunması ilə bağlı aşağıdakılar həyata keçirilir:

7.1.1. cəmiyyətin həyatında əlilliyə görə ayrı-seçkilik hallarının müşahidəsi, ayrı-seçkiliyə qarşı cəmiyyətin və öz hüquqları barədə əlilliyi olan şəxslərin maarifləndirmə ehtiyaclarının müəyyənləşdirilməsi;

7.1.2. əlilliyə görə ayrı-seçkiliyin qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;

7.1.3. ağlabatan uyğunlaşdırma sahəsində məlumatlılığın müşahidəsi;

7.1.4. ağlabatan uyğunlaşdırmanın təmin edilməsi sahəsində müşahidənin aparılması.

 

8. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi

 

8.1. Xidmət tərəfindən DOST Agentliyi ilə birlikdə cari ilin sonuncu rübündə müşahidələrin aparılması barədə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin növbəti il üçün tədbirlər planı hazırlanaraq, təsdiq olunmaq üçün Nazirliyə təqdim olunur.

8.2. Bu Qaydanın 3.2-ci bəndinə və təsdiq edilmiş tədbirlər planına uyğun olaraq komissiya yaradılır.

8.3. Tədbirlər planında aşağıdakı məlumatlar qeyd edilir:

8.3.1. tədbirlər planını təsdiq edən dövlət orqanının adı;

8.3.2. tədbirlər planı üzrə növbəti il üçün həyata keçiriləcək müşahidələr;

8.3.3. əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsinin başlanma və bitmə tarixləri;

8.3.4. müşahidələr zamanı aparılmalı olan qiymətləndirmələr;

8.3.5. müşahidələrin həyata keçirilmə üsulları;

8.3.6. müşahidələrin aparılması məqsədilə yaradılmış komissiyanın tərkibi.

8.4. Tədbirlər planı təsdiq edildikdən sonra ictimai müzakirəyə çıxarılması məqsədilə Nazirliyin internet səhifəsində yerləşdirilir.

 

9. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi müddəti

 

9.1. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi planlı (növbəti) və plandankənar (növbədənkənar) qaydada həyata keçirilir.

9.2. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi planlı (növbəti) qaydada həyata keçirildikdə, bu Qaydanın 8-ci hissəsinə uyğun olaraq tədbirlər planı hazırlanıb təsdiq edilməlidir.

9.3. Dövlət orqanlarının, təşkilatlarının, habelə fiziki və hüquqi şəxslərin müraciətlərinə əsasən təcili və təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti müəyyən edildikdə, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi plandankənar (növbədənkənar) qaydada həyata keçirilir.

9.4. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin plandankənar (növbədənkənar) qaydada həyata keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq aparılır.

9.5. Bu Qaydanın 9.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi ildə 1(bir) dəfə həyata keçirilir. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi başlandığı tarixdən etibarən 3 (üç) aydan çox davam edə bilməz.

 

10. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üsulları

 

10.1. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi aşağıdakı üsullarla həyata keçirilir:

10.1.1. əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədləri üçün binalara, tikililərə və avadanlıqlara baxış keçirilməsi;

10.1.2. ictimai sorğuların aparılması.

10.2. Bu Qaydaya uyğun yaradılmış komissiya əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və məlumatlar almaq hüququna malikdir.

 

11. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin informasiya və kommunikasiya                texnologiyaları təminatı

 

11.1. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılması məqsədilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən yaradılmış reyestrdən istifadə edilir.

11.2. Əlilliyi olan şəxslərin reyestrinə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi üzrə aşağıdakı məlumatlar əlavə olunur:

11.2.1. il ərzində əlilliyi olan şəxslərin hüquqları sahəsində həyata keçirilməsi nəzərdə tutulan dövlət monitorinqlərinin başlanma və bitmə tarixləri;

11.2.2. əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılması məqsədilə yaradılmış komissiyanın tərkibi;

11.2.3. əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin müşahidələri zamanı həyata keçirilən qiymətləndirmələr;

11.2.4. əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin nəticələri;

11.2.5. əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin nəticələri üzrə hesabatlar və statistik məlumatlar.

11.3. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi üzrə 11.2-ci bənddə qeyd olunan məlumatlar ictimaiyyətin irad və təklifləri üçün açıq olmalıdır.

 

12. Əlilliyi olan şəxslərin hüquqları sahəsində həyata keçirilmiş dövlət monitorinqinin nəticələri

 

12.1. Əlilliyi olan şəxslərin hüquqları sahəsində həyata keçirilən dövlət monitorinqinin nəticələri əsasında komissiya tərəfindən hesabat tərtib olunur.

12.2. Tərtib olunmuş hesabat komissiya tərəfindən müvafiq tədbirlərin görülməsi üçün Nazirliyə təqdim edilir.

12.3. Təqdim olunmuş hesabat əsasında hər hansı bir dəyişiklik aparılmasına ehtiyac olarsa, o zaman Nazirlik tərəfindən təkliflər hazırlanaraq ictimaiyyətin rəy və təklifləri nəzərə alınmaqla, həmçinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə