Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda hakimiyyətə qarşı narazılıq getdikcə artır

Ermənistanda hakimiyyətə qarşı narazılıq getdikcə artır

Keçən ilin may ayında Ermənistanda hakimiyyəti ələ keçirən baş nazir Nikol Paşinyan xalqın rifahını yaxşılaşdıracağı ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün artıq ictimaiyyətin, eləcə də tərəfdarlarının ümidlərini tamamilə qırıb. Ötən müddətdə işğalçı ölkədə siyasi ab-hava daha da ağırlaşıb, iqtisadiyyat dağılmaq təhlükəsi ilə üzləşib.   
Ermənistanın “Lragir” qəzetinin yazdığına görə, ölkənin maliyyə sektorunda acınacaqlı vəziyyət yaranıb: “Ermənistanda makroiqtisadi vəziyyət acınacaqlı haldadır. Mərkəzi Bank, hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir göstərirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları xeyli məhdudlaşıb…”.
Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçaturyanın “Past” qəzetinə verdiyi müsahibədə bildirilir ki, hazırda işğalçı respublikada  adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 15 dəfə, məhsuldarlıq isə 8 dəfə aşağıdır. Ermənistanın ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür, bu sahədə islahatlara başlamaq barədə təşəbbüs göstərilmir. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanda kənd təsərrüfatı sahəsində azalma 15-20 faiz təşkil edir.
Tiqran Xaçaturyan vurğulayıb ki, baş nazir Nikol Paşinyan öz “Facebook” səhifəsində mütəmadi olaraq sosial- iqtisadi sahələr üzrə  fərqli göstəricilər paylaşır və rəqəmlərin keçən ilin eyni dövrü ilə müqayisəsini aparır. Mütəxəssislər isə tənəzzül göstəricilərinin çox vaxt nəzərə alınmamasına və bəzi rəqəmlərin sadəcə olaraq reallığı əks etdirməməsinə diqqət çəkirlər. 
Ermənistanda bu ilin əvvəlindən etibarən istehlak qiymətləri sürətlə artmağa başlayıb. Ölkənin Statistika Komitəsinin məlumatına görə, cari ilin iyul ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak bazarında 1,7 faiz inflyasiya qeydə alınıb. İyun ayında inflyasiya 2,5 faiz, bundan əvvəl 2,8 faiz, aprel ayında isə 2,2 faiz təşkil edib. 
Xatırladaq ki, 2018-ci ildə 2017-ci illə müqayisədə Ermənistanda inflyasiya 2,5 faiz təşkil edib.
Beləliklə, 2019-cu ilin iyul ayında ərzaq məhsullarının qiymətində artım 2,8 faiz, keçən ilin eyni dövrü ilə müqayisədə isə 4,8 faiz olub. Xüsusilə, çörək 5,5 faiz, yumurta 38,9 faiz,  ət 3,1 faiz, kartof 75,4 faiz, quş əti   13,6 faiz bahalaşıb. Paltar, ayaqqabı və digər trikotaj məhsullarının qiymətlərində isə 6,2 faiz artım qeydə alınıb.  
Bütün bunlarla bərabər, səhiyyə sektorunda qiymətlərdə 1,7 faiz, nəqliyyatda 1,1 faiz artım nəzərə çarpıb. Təhsildə istehlak qiymətləri indeksi 1,4 faiz, restoran və otel sənayesində 1,1 faiz, müxtəlif mal və xidmətlər üzrə 0,3 faiz təşkil edib.
Bütün bunlar isə ölkədə siyasi vəziyyəti getdikcə gərginləşdirir, Paşinyanla “Qarabağ qrupu” adlanan dəstə arasında qarşıdurmanı dərinləşdirir. Hətta iş o yerə çatıb ki, Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” parlament fraksiyasında, habelə “Vətəndaş razılaşması” partiyasında  fikir ayrılıqları açıq şəkildə özünü büruzə verir. Ən başlıcası isə hakim komanda daxilində birliyin, vəhdətin yoxluğu Paşinyanın durumunu daha da çətinləşdirir. Hələ də həllini tapmayan Amulsar qızıl yatağı ilə bağlı hakim fraksiyada ciddi mövqe fərqləri var. Böyük əksəriyyət yatağın istismarını ölkənin ekologiyası, insanların sağlamlığı üçün təhlükə hesab edir.
Xatırladaq ki, Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər hazırda erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb olub. Bu günlərdə mandatdan imtina edən  “Mənim addımım” hakim parlament fraksiyasının deputatı Edqar Arakelyan da məhz Amulsarın istismarından narazıdır.    Etiraf etməsə də, onun Amulsar və digər məsələlərlə bağlı istefa verdiyi barədə Ermənistan mətbuatında məlumatlar dərc olunub.
Erməni ekspertlər bildirirlər ki, Nikol Paşinyan sözügedən layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb. Çünki layihə baş tutmayacağı təqdirdə, o, Qərbin dəstək və etimadını itirəcək. Bu isə Ermənistanda investisiya mühitində hökm sürən böhranı daha da dərinləşdirəcək və işğalçı ölkə ilə bağlı etibarsız tərəfdaş imici formalaşdıracaq.
Ermənistanın siyasi hakimiyyəti Amulsarın fəaliyyətə başlamasının işsizliyin azalmasına kömək edəcəyini, sosial-iqtisadi vəziyyətin güclənməsinə xidmət edəcəyini iddia edir, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri isə bu fikirlə razılaşmırlar. Müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühit və su təchizatına ciddi dərəcədə zərər vuracağını vurğulayırlar.    
Amulsar qızıl mədəni ilə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir. Daşnaksütun partiyası xalqın istəyinin təmin edilməsi məqsədi ilə referendumun keçirilməsi barədə çağırış edib. Layihənin parlamentdə səsə qoyulması, ölkənin ən böyük partiyası olan hakim “Mənim addımım” alyansı daxilində parçalanmaya səbəb olması gözləniləndir. 
Müxalif “Çiçəklənən Ermənistan” partiyası isə ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu bildirib və aksiyaçılara qoşulan partiyanın lideri Naira Zöhrabyan əhalinin etirazı olacağı təqdirdə Amulsar qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləyib.  
Parlamentin digər qrupu olan “İşıqlı Ermənistan” partiyası digərlərindən fərqli olaraq radikal davranmayıb və əhalinin narahatlığını bölüşdüyünü qeyd edib. Radikal “Sasna Tser” partiyasının nümayəndəsi Qaregin Çüqaszyan isə bir neçə gün öncə Nikol Paşinyanla görüşündə Amulsar layihəsi ilə bağlı atılacaq hər hansı bir səhv addımın onun siyasi karyerasına son qoyacağını açıq şəkildə diqqətə çatdırıb. 

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

12 2019 10:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə