Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün bizə milli birlik, vətəndaş sülhü daha çox lazımdır

Bu gün bizə milli birlik, vətəndaş sülhü daha çox lazımdır

Biz indiyədək görmüşük ki, ölkədən xaricə üz tutan insan getdiyi yerdə ölkəsinin təmsilçisinə çevrilir, orada millətinin ən yaxşı tərəflərini göstərməyə, adət-ənənələrini təbliğ etməyə, bir sözlə, Vətəninə, millətinə hörmət, nüfuz qazandırmağa çalışır. Amma son illərdə Azərbaycandan xarici ölkələrə, xüsusən, Avropaya getmiş mühacirlərin bir çoxunun böyüyüb boya-başa çatdığı ölkəyə qara yaxmaqla, çirkab atmaqla məşğul olduğunu görəndə təəccüblənməməyə, əsəbiləşməməyə bilmirik. Bu vəziyyət günümüzə qədər davam etməkdə və ölkəmizdə haqlı narahatlıq, narazılıq doğurmaqdadır.

Dünən bu məsələ ilə bağlı iqtidar-müxalifət görüşünün keçirildiyini, burada “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda söhbət getdiyini eşidib, sözün həqiqi mənasında, sevindim. Sevindim ki, nəhayət, sosial şəbəkələrimiz xaricdəki mühacirlərin qərəzli çıxışlarından, Azərbaycana qarşı böhtan və hədyanlarından azad olacaq. Bunu qəbul olunmuş birgə bəyanatdan da görmək olur. Bəyanatın bəndlərindən birində vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyət göstərilməsinin zəruriliyi nəzərə alınaraq, siyasi mübarizədə etik normaların gözlənilməsinə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verilməməsinə, eyni zamanda, davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən, kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yayılmamasına çağırış edilir. 
Əlbəttə, siyasi plüralizm hər bir cəmiyyət üçün gərəkli olsa da, ­milli-mənəvi dəyərlər, əxlaq normaları hər addımda gözlənilməlidir. Bunu YAP sədrinin müavini-icra katibi Əli Əhmədov da deyib: “İstənilən siyasi partiya ölkənin daxili maraqlarını üstün tutaraq fəaliyyət göstərməlidir”. 
Xaricdə mühacir həyatı yaşayan Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qurban Məmmədov və digərləri antiazərbaycan qüvvələrin əlində alətə çevrilərək nəinki ayrı-ayrı şəxsləri təhqir edir, eyni zamanda, xalqımızı nüfuzdan salırlar. Əli Əhmədov doğru deyib: “Mühacirlərin əsas işi Azərbaycan dövlətini, 
Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı “demokratik”, Azərbaycanı isə “antidemokratik” göstərməyə cəhd edirlər”. İstənilən azərbaycanlının bu cür kampaniyalara qoşulmasına son qoyulmalı, milli birlik, vətəndaş sülhü yaradılmalıdır. Ölkəmizin ərazi bütövlüyünün pozulduğu indiki vaxtda, bu, daha çox lazımdır. 

 

Əflatun AMAŞOV, 
Milli Məclisin deputatı,
Mətbuat Şurasının sədri 

 

 

12 2019 10:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə