Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimi “Sığmazam”la cahana sığmır

Nəsimi “Sığmazam”la cahana sığmır

Dünya şöhrətli Azərbaycan şairi, Türk dünyasının 7 nəhəng ozanından biri İmadəddin  Nəsiminin 7 əsri aşıb gələn poeziyasının şahanə nümunəsi “Sığmazam” qəzəli İnsanın qüdrət və əzəmətini sözə çevirmiş möhtəşəm və bəşəri bir himndir. Nəsimidən danışıb bu ölməz qəzəli yada salmamaq mümkün deyil.

“Sığmazam” Nəsimi şeiriyyət üzüyünün brilyant qaşıdır. Doğrudan da, Nəsimi “Sığmazam”la cahana sığmır. Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusifin  Sığmazam” qəzəli əsasında hazırladığı müsiqi kompozisiyasının bugünlərdə dünya sənətsevərlərinə təqdim edilməsi Nəsiminin zamana və məkana sığmazlığını ildırım sürəti ilə bir daha çağdaş insanlığa anlatdı.

Dünya mediasında yayılan, ölkə KİV-ində geniş əks-səda doğuran xəbərlərdə bildirilir ki, Sami Yusifin öz soy-kökünə bağlılıq və bəşəri dəyərlərə sevgi ilə hazırladığı bəstə 57 nəfərlik xalq çalğı alətləri ansamblı və orkestrin müşayiəti, xorun, ünlü sənətçinin özünün, milli musiqimizin istedadlı təmsilçiləri Samirə Əliyeva və Təyyar Bayramovun ifalarında Nəsimi şeiriyyətinə layiq möhtəşəm bir kompozisiya kimi səslənmişdir.

Sami Yusifin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırldığı və “Youtube” kanalında yerləşdirilən bəstəsinin 7 dəqiqəlik əfsunedici ifasına 17 saat ərzində 108 minə yaxın baxış olmuş, kopozisiyanı 14 min istifadəçi əyənmişdir. Dünya azərbaycanlılarırın da dərhal qoşulduğu bu izləmədə milyonlarla soydaşımız Nəsimi--Sami müsiqi tandeminin heyranına çevrilmişdir.

Kompozisiyanı maraqla izləyib, rəy və mülahizələrini Facebook səhifəsində paylaşan Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan olunmuş “Nəsimi ili”nə gözəl töhfələrdən birini də “Youtube” kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusif verdi. Onun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası sosial şəbəkələrdə qısa zamanda populyarlaşdı və böyük rəğbətlə qarşılandı:

“Müntəzəm olaraq Azərbaycana gələn, ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən Nəsimi-- şeir, incəsənət və mənəviyyat festivalında iştirak etmiş Sami kimi məşhur, açıq konsertlərinə yüz minlərlə tamaşaçı toplanan bir sənətçinin klassik poeziyamızın pərəstişkarı olması, mənəvi dünyamızın incilərini yeni və peşəkar formada bütün dünyaya yayması, əlbəttə, təqdirəlayiqdir. Onun xalq çalğı alətlərimizin müşayiəti ilə, milli, klassik və müasir musiqi elementlərini sintez edərək, xanəndə Təyyar Bayramovun, digər sənət adamlarımızın ifasından, bacarığından uğurla yararlanaraq hazırladığı parçanı internetin verdiyi imkanlar sayəsində işə gələrkən yolda dinlədim. Bir dinləyici kimi zövqümü oxşadı.

Odur ki, türk dünyasının 7 böyük ozanından biri sayılan Nəsiminin “Sığmazam” rədifli qəzəlinin bu cür ecazkar, ovsunlayıcı musiqiyə çevirilməsinə əmək sərf etmiş hər kəsə təşəkkür edir, böyük məmnuniyyətlə videosunu sizlərlə-- öz Facebook dostlarımla paylaşıram. Paylaşıram həm də ona görə ki, Heydər Əliyevin və İlham Əliyevin Nəsimi kimi tarixi şəxsiyyətlərimizi, mütəfəkkirlərimizi cəmiyyətimizin və bütün dünyanın nəzərində ucaltmaqla standart məkan qəliblərinə sığmadıqları barədə qənaətimi bir daha sizlərlə bölüşüm”.

Prezidentin köməkçisi açıqlamasında böyük əminliklə əlavə edib ki, “Nəsimi ili” tədbirlərinin davamında böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və könüllü gənclər qoşulacaqlar.

Xalq artisti, xanəndə Mənsum İbrahimov da internet mediadaya  açıqlamasında Sami Yusifin yeni bəstəsinin çox uğurlu alındığını söyləyib:

- Kompozisiyaya qulaq asmışam və çox bəyənirəm. Bu, xüsusilə də “Nəsimi ili” çərçivəsində Azərbaycan musiqi mədəniyyətinə, ifaçılıq sənətinə böyük bir hədiyyədir. Sami Yusif xarici ölkədə yaşasa da, azərbaycanlıdır, dünyaca məşhur ifaçıdır. Onun Nəsimi qəzəlinə müraciət etməsi Azərbaycan mədəniyyətinin, Azərbaycan poeziyası və fəlsəfi fikir tarixinin dünyada tərənnüm edilməsi baxımından çox gərəkli və zamanında gerçəkləşmiş bir layihədir. Şəxsən mən bir xanəndə kimi kompozisiyanı bəyənirəm. Hər şey yerli-yerindədir. 

Mənim üçün çox xoş oldu ki, Sami Yusif  kompozisiyanın səsləndirilməsinə tələbəm Təyyar Bayramovu və onun oğlu Kənanı da dəvət etdi. Kompozisiyanı izləmisinizsə, xorun, orkestrin yalnız Azərbaycan sənətçilərindən ibarət olduğunu da görmüsünüz. Bu da bizim üçün ikiqat sevindiricidir. Hesab edirəm ki, Sami Yusif böyük bir layihəyə imza atıb. Biz bunu ancaq alqışlaya bilərik. 

Xatırladaq ki, “Şur” muğamından da istifadə olunmaqla ərsəyə gətirilmış bu uğurlu kompozisiyanın musiqi direktoru Sami Yusifin özü, prodüseri isə Andrey Boltenkodur. Sami Yusif kompozisiyanı Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib.

İlk albomu "Al-Muallim”lə məşhurlaşan azərbaycanlı Sami Yusif  BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkarı “Time” jurnalı “İslam dünyasının ən böyük rok ulduzu” və “Dünyanın ən məşhur müsəlman ingilisi” elan edib.

Sonda bildirək ki, Nəsiminin 650 illiyinə sənətkar soydaşlarımızın layiqli töhfəsi olan “Sığmazam” musiqi kompozisiyası, doğrudan da, Azərbaycan mədəniyyəti, poeziyası və fəlsəfi fikir tarixinin dünyada tanıdılması baxımından çox gərəkli və zamanında gerçəkləşmiş bir layihədir.

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

11 2019 12:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə