Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bir kəmər, bir yol” strategiyası tranzit imkanlarımızı genişləndirir

“Bir kəmər, bir yol” strategiyası tranzit imkanlarımızı genişləndirir

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 


Avrasiyanın mərkəzində, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixi İpək yolunun vacib ölkələrindən biridir. Bu gün respublikamız öz tarixi ənənələrinə söykənərək, beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın coğrafi və iqtisadi imkanlarını düzgün qiymətləndirərək, ölkəmizin beynəlxalq ticarət daşımalarında fəal iştirakı ilə bağlı bir sıra əməli işlər görüb.   Bu istiqamətdə ümummilli liderin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə “ТRASEKA - tarixi İpək yolunun bərpası” beynəlxalq konfransı keçirilib. Məhz bu önəmli toplantıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq tranzit daşımalarının daha səmərəli təşkilinin hüquqi əsasları qoyulub.

Ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda  Azərbaycanın hərtərəfli inkişafı ilə paralel, ölkəmizin nəqliyyat-tranzit potensialının müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər reallaşdırılır.  Azərbaycandakı 6 beynəlxalq hava limanı, Bakı yük terminalı, Ələt ticarət limanı, ən müasir yük gəmilərinə malik Xəzər dənizindəki yük donanması, 2017-ci ildə istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını gerçəkləşdirən  Bakı-Tbilisi-Qars dəmir yolu xətti respublikamızın nəqliyyat-tranzit sahəsində qısa müddətdə əldə etdiyi uğurlardır. 
Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyi və yuxarıda qeyd olunan nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yük daşımalarında mövqeyinin daha da güclənməsi üçün ciddi iş aparır. Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir.
Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Respublikamız  Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfəri zamanı “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan “İpək yolu iqtisadi” kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.
 Azərbaycan rəsmiləri müxtəlif görüşlərdə və beynəlxalq tədbirlərdə ölkəmizin bu təşəbbüsə təkcə siyasi dəstək verməklə kifayətlənmədiyini, həm də onun icrasına özünün iqtisadi potensialı və nəqliyyat-tranzit imkanları ilə əməli töhfələr verməyə hazır olduğunu bəyan ediblər. 

 

Prezident İlham Əliyev ikinci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunun dövlət başçıları səviyyəsində “Daha parlaq birgə gələcəyin qurulması” mövzusunda çıxışında ölkəmizin “Bir kəmər, bir yol”a verdiyi dəstəyə və bu çərçivədə əməkdaşlıq imkanlarına toxunaraq deyib: “Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir”.
Dövlətimizin başçısı sözügedən çıxışında Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edə biləcəklərini vurğulayıb. Bildirib ki, müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla ölkəmizi təkcə mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda,  Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr sırasında  əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat  sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.
“Bir kəmər, bir yol” strategiyasının icrası Azərbaycanın bir sıra dövlətlərlə əməkdaşlığının dərinləşdirilməsinə də mühüm təsir göstərib. Məsələn, adıçəkilən təşəbbüs artıq ölkəmizlə Latviya arasında  da yeni tranzit imkanlarının açılmasına əlverişli şərait yaradıb. Bununla bağlı Latviyanın iqtisadiyyat naziri Ralf Nemiro mətbuata müsahibəsində  Azərbaycanın Avropanın nəqliyyat imkanlarının yaxşılaşdırılmasına töhfəsindən danışaraq,  Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyini vurğulayıb: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan üçün Şərq-Qərb tranzit dəhlizində vacib elementdir. Gələcəkdə bu dəmir yolu Çin və Mərkəzi Asiyadan Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Cənubi Avropaya yeni tranzit marşrutlarının inkişafına xidmət edəcək”.
Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur.
“Bir kəmər, bir yol” layihəsi region üçün qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir. Layihənin mahiyyəti ondan ibarətdir ki, Çindən yola çıxan sürücü az zaman itirməklə Avropaya qədər gedib çıxa bilsin.
“Bir kəmər, bir yol” Azərbaycan üçün vacibdir. Bu xəttin Azərbaycandan keçməsi nəzərdə tutulur. Xəzərin statusu müəyyənləşdikdən sonra sözügedən təşəbbüsün Azərbaycan ərazisində reallaşması imkanları xeyli artıb. Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından bu layihə çox əhəmiyyətlidir. Son illər “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycandan həyata keçirilən beynəlxalq yükdaşımaların həcmində artımlar var. Ölkəyə daxil olan yüklərin təxminən 90 faizi tranzit olaraq digər ölkələrə aparılır.
Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətindən söz düşmüşkən, xatırladaq ki, bu nəqliyyat vasitəsi ilə hazırda hər ay 1 milyon ton yük daşınır. Daşımaların həcmi ötən illə müqayisədə artıb və bu artım davam edəcək.
Qeyd edək ki, ötən ilin oktyabr ayında açılan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan-Gürcüstan-Türkiyə hökumətləri arasında əldə edilən razılaşma əsasında həyata keçirilib. İlkin mərhələdə illik yükdaşıma 6,5 milyon ton, sərnişindaşıma isə bir milyon nəfərəcən olacaq.
Bakı-Tbilisi-Qars, həmçinin  Azərbaycan vasitəsi ilə Çindən Avropaya malların çatdırılmasının müddətini əhəmiyyətli dərəcədə qısaldır. Bu isə marşrutu xüsusilə cəlbedici edir.
Latviyanın iqtisadiyyat naziri Ralf Nemiro bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı Latviya üçün vacib olsa da, ölkə Avropanın şimal hissəsinə qapı rolunu oynayır: “Latviya “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində Çinlə fəal əməkdaşlıq edir. Bu təşəbbüs, eləcə də Avrasiyada logistika zəncirinin digər marşrutları Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər. Biz hesab edirik ki, mövcud Şərq-Qərb marşrutları Qara dəniz və Latviya limanları arasındakı Şimal-Cənub marşrutları ilə bağlana bilər”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsinə gəldikdə, R.Nemiro Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini də  vurğulayıb: “Cənub Qaz Dəhlizi Avropanın Rusiya təbii qazından asılılığını azaltmağı nəzərdə tutduğu üçün Latviya bu layihəni Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə kimi qiymətləndirir. Latviya layihəni alqışlayır və Avropada bütün təbii qaz bazarı üçün faydalı hesab edir. Yeni təbii qaz mənbələri və marşrutları enerji bazarına və istehlakçılara xeyir gətirəcək. Avropa İttifaqının ambisiyalı iqlim hədəflərinə baxmayaraq, təbii qaz enerji bazarında vacib rol oynamaqda davam edəcək və biz gələcəkdə uğurlu əməkdaşlığa ümid edirik”.
Yeri gəlmişkən, Cənub Qaz Dəhlizi  Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. 
İyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edən Prezident   İlham Əliyev deyib: “İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir”.
Bu gün ölkəmizin təşəbbüsü ilə reallaşdırılan və ötən il istifadəyə verilən Cənub Qaz Dəhlizi və onun əsas seqmenti olan TANAP layihələri isə Azərbaycan qazının Avropaya ixracını təmin edir. Belə ki, “Şahdəniz 2” layihəsi çərçivəsində hasil olunacaq qaz Cənub Qaz Dəhlizi ilə ötürüləcək. Qaz təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə nəql olunacaq. İlk qazın Avropaya isə 2020-ci ildə çatacağı nəzərdə tutulur.
Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.

 

“Xalq qəzeti”

 

 

11 2019 11:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə