Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan yeni inqilabın astanasındadır

Ermənistan yeni inqilabın astanasındadır

Ermənistanda insanların həyat şəraitinin günbəgün pisləşməsi, sosial-iqtisadi böhranın dərinləşməsi, nəticədə hər il on minlərlə erməninin ölkəni tərk edərək qonşu ölkələrə, xüsusən Rusiyaya üz tutması haqqında dəfələrlə yazmışıq. Bu barədə məlumatları isə, təbii ki, əsasən Ermənistan mətbuatından, bu ölkədəki ayrı-ayrı saytlardan götürürük. Artıq belə sosial bəlalar təcavüzkar və terrorçu ölkədə insanların səbr kasasının daşmasına, yeni inqilab dalğasının yetişməsinə gətirib çıxarıb. 

Məsələ bundadır ki, keçən ilin əvvəllərində erməni əhalisi Nikol Paşinyanın hakimiyyətə gəlməsini kütləvi şəkildə dəstəkləmiş, ciddi dəyişikliklərin, sosial-iqtisadi tərəqqinin baş verəcəyinə inanmışdı. Lakin aradan bir il keçməmiş insanlar Paşinyanın da, əvvəlki dövlət və hökumət başçıları kimi, onları aldatdığını gördü, heç bir vədin yerinə yetirilmədiyinin şahidi oldular. Belə məlum oldu ki, baş nazir Paşinyanın bütün vədləri onun hakimiyyətə gəlməsinə və mümkün qədər uzun müddətə vəzifədə qalmasına xidmət edirmiş. Bu günə qədər nə iqtisadi sahədə dirçəliş baş verdi, nə insanların sosial problemləri həll olundu, nə də əhalinin güzəranı yaxşılaşdı. Bütün bunların əvəzində, Paşinyan tez-tez Dağlıq Qarabağa səfər etdi, münaqişə ilə manipulyasiya etməyə, danışıqları pozmağa çalışdı. 
Burada bir məqamı da diqqətə çatdırmaq istərdim.  Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslər erməni cəmiyyətində hökumətlə xalq arasında fikir ayrılığının yaranmasına səbəb olub.   
Hazırda Amulsar qızıl mədəni ətrafında siyasi xaos davam edir. Ermənistan hökumətinin düşdüyü isterik durum isə Nikol Paşinyanın onsuz da aşağı olan nüfuzunu zəiflədir.
Buna görədir ki, hazırda Ermənistan əhalisi yenidən inqilab əhvalına köklənib. Ermənistan KİV-in yaydığıməlumata görə, artıq bu istiqamətdə addımlar da atılır. Məsələn, ölkədə yeni yaradılmış Adekvat Partiyası məhz bu ideya ətrafında formalaşdığını bəyan edib. Partiyanın rəhbəri Artur Danielyan bəyan edib ki, ölkədə yaxın zamanlarda inqilab başlaya bilər və bunun üçün bütün şərtlər mövcuddur. 
Onun fikrincə, artıq erməni xalqı Paşinyanın yalan vədlərindən, Qarabağ kartı ilə əhalini yuxuya verməsindən bezib. Ona görə də “Emənistanda yeni inqilab qaçılmazdır və bu, heç nədən asılı olmayaraq baş verəcək… Əsas odur ki, cəmiyyətimiz vahid tərkibli və eyni fikirlidir. Ötən ilin hadisələri göstərdi ki, biz hətta Avropa ölkələrindən də daha çox eyni fikrə, vahid tərkibə malikik. Ona görə də bu inqilabı idarə etmək imkanımız var”, – deyə partiya sədri bildirib.
Görünən budur ki, artıq Ermənistanda Paşinyan hakimiyyəti tamamilə laxlayıb və cəmiyyət hər dəqiqə ona qarşı inqilaba başlamağa hazırdır. 
Bundan başqa, bütün ölkə miqyasında Paşinyanın nüfuzunu aşağı salan faktorlardan biri də sabiq prezident, hazırda dəmir barmarlıqlar arasında olan Robert Koçaryanla bağlı baş verən hadisələrdir. Nikol hakimiyyətə gəldiyi ilk günlərdən Koçaryana qarşı düşmən mövqeyini ortaya qoymağa başladı və çox keçmədi ki, onun haqqında cinayət işinin açılmasına və nəhayət, eks-prezidentin həbsinə nail oldu. 
Rusiya Prezidenti Vladimir Putinin bir neçə dəfə məsələyə qarışması Koçaryanın müvəqqəti də olsa, həbsdən azad olunması ilə nəticələndi. Amma Paşinyan da inad göstərərək sabiq prezidenti yenidən həbsə atdırdı. Bu, təbii ki, Moskvanın xoşuna gəlmədi. 
Təsəvvürümüzün dəqiqləşməsi üçün xatırladaq ki, məsələnin kökündə Ermənistanda 2008-ci ilin fevralında keçirilmiş prezident seçkiləri durur. Həmin vaxt prezident kürsüsünü tərk etməli olan Koçaryan namizəd Serj Sarkisyanı dəstəkləmiş, səsvermə nəticəsində Sarkisyanın 52,8 faiz səs topladığı elan olunmuşdu. Bu isə digər namizəd, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanı narazı salmış, seçkinin nəticələrinin saxtalaşdırılması ilə bağlı ölkədə kütləvi etiraz aksiyaları başlamışdı. 
Martın 1-də və 2-də etiraz aksiyaları genişlənib nəzarətdən çıxmaq təhlükəsi yaradanda Koçaryan mitinqin dağıdılması üçün güc tətbiqi barədə əmr vermişdi. Beləliklə, prosesə hərbi hissələr, xüsusi təyinatlı qüvvələr cəlb edilmiş, etirazçılara atəş açılmışdı.  
Paşinyan hakimiyyətə gələn kimi dinc əhalinin gülləbaran edilməsində əsasən Robert Koçaryanı təqsirləndirdi. Nəticədə Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyan həbs edilərək məhkəmə qarşısına çıxarıldılar. Onlara qarşı konstitusiya quruluşunu devirmək, külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaq kimi ittihamlar irəli sürüldü. Bu il mayın 18-də isə İrəvanın birinci instansiya məhkəməsi Koçaryanı həbsdən azad etdi. Lakin iyunun 25-də Apellyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs etdi. Bütün bunlar təkcə Putinlə Paşinyan arasında münasibətlərin gərginləşməsinə səbəb olmadı, həm də Paşinyanın “dişinin sınması” ilə nəticələndi. 
Daha sonra avqustun 31-də Rusiya Prezidenti Vladimir Putin yenidən dostluq jesti edərək 65 illiyi münasibətilə Robert Koçaryana məktub ünvanladı, onu təbrik etdi və “Rusiyanın dostu” adlandırdı. Hazırda məsələyə Ermənistanın Konstitusiya Məhkəməsi müdaxilə etməkdədir. Artıq bu instansiya Koçaryanın həbsinin qanuniliyini şübhə altına alıb. Oktyabrda isə Putinin Ermənistana səfəri baş tutacaq. Gözlənilir ki, həmin vaxta qədər Koçaryan azadlığa buraxıla bilər.
Lakin dünən məlum oldu ki, Paşinyan da dediyindən dönmək istəmir. Ermənistanın “Shame.am” nəşrinin yaydığı məlumata görə, Paşinyanın “Mənim addımım” bloku ilə birlikdə parlamentdə yer tutmuş “İşıqlı Ermənistan” partiyasının üzvü Arman Babacanyan bəyan edib ki, Ermənistanda baş vermiş bir çox cinayətlərin, o cümlədən, 1-2 mart 2008-ci il hadisələrinin səbəbkarı Putindir və ona qarşı cinayət işi açılmalıdır. Babacanyan indi bu məsələni ABŞ-ın ölkədəki səfiri ilə müzakirə etməyə hazırlaşır ki, o, Putinə qarşı cinayət işinin açılmasını Paşinyandan tələb etsin. Doğrudur, bu məsələnin başında Paşinyanın durduğunu söyləmək hələ tezdir, amma “xoruzun quyruğu” da aydın görünməkdədir. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

11 2019 10:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə