Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı dinlər və sivilizasiyalararası dialoq mərkəzidir

Dünyanın 13, ölkəmizin isə 28 ali təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir

Bakı dinlər və sivilizasiyalararası dialoq mərkəzidir

Dövlətə və xalqa başucalığı gətirən əksər faktları insanlar özləri yaradırlar. Məsələn, Yaponiyada olduğu kimi. Elə gənc müstəqil dövlət olan Azərbaycanda da xalqa və dövlətə üzağlığı gətirən bir çox məsələlər vardır ki, onlar bilavasitə insan faktoru ilə bağlıdır. Amma elə faktlar da vardır ki, onlar ölkəyə Tanrının bəxş etdiyi şans kimi qiymətləndirilir. Məsələn, Azərbaycanın Şərq ilə Qərbin, Şimal ilə Cənubun, Asiya ilə Avropanın qovuşuğunda yerləşməsi Tanrının bizə bəxş etdiyi xoşbəxtlikdir.

Ölkəmizin yerləşdiyi coğrafi məkan təkcə siyasi və iqtisadi baxımdan deyil, həm də mədəni --mənəvi baxımdan bizə bir çox üstünlüklər verir. Belə ki, respublikamız müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Yüzlərlə mənbədən oxuyuruq ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, ölkəmizin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Alimlər haqlı olaraq yazırlar ki, Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant həyat tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
Elmi kitablarda yazılır ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Bundan başqa, Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.
Ulu öndər Heydər Əliyevin gənc müstəqil Azərbaycan dövləti üçün formalaşdırdığı çoxmədəniyyətlilik məfkurəsi 2003-cü ilin payızından sonra da uğurla davam etdirilir. Həmin prinsiplərə uyğun olaraq, tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi təsis edilmiş, 15 may 2014-cü il tarixli sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. 

 

Bundan başqa, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdir.
Rəsmi materiallarda qeyd edilir ki, ölkəmizin iki fərqli sivilizasiya arasında körpü rolunu oynaması dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.
Məhz həmin inteqrasiyanın nəticəsidir ki, ölkəmizdə multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli tədbirlər, elmi konfranslar keçirilir. Müxtəlif ölkələrin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.
Xüsusilə vurğulamalıyıq ki, ölkəmizdə bu istiqamətdə olan tədbirlərin keçirilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmlş və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunmuşdur.
Həmin tədbirlərdən bir il əvvəl – 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansın VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak edirdilər.
Həmin forumun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olduğunun göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya töhfələrindən biridir.
Ekspertlər yazırlar ki, multikulturalizmin ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd olunanlara bariz nümunədir.
Yeri gəlmişkən, bu il martın 5-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransda dünyanın tanınmış dövlət, din və elm xadimləri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer bildirib ki, Azərbaycan dinlərarası və məzhəblərarası münasibətlərə görə bütün dövlətlərə nümunə ola bilər. Amerikalı qonağın fikrincə, Azərbaycanda multikulturalizmin ən gözəl forması mövcuddur. O, ölkəmizin bu sahədə xüsusi seçildiyini və bütün dini konfessiya nümayəndələrinə göstərdiyi münasibətin önündə, habelə dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın qlobal liderləri arasında olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Prezidenti bu münasibətlərin qorunub saxlanılması üçün bütün səyləri göstərir: “Bugünkü konfrans Azərbaycandakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmaları arasında əlaqələrin qurulması və gələcək əməkdaşlığın daha da dərinləşməsi baxımından olduqca əhəmiyyətlidir.”

 

İ. MİRZƏBƏYLİ, “Xalq qəzeti”

11 2019 10:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə