Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Okeanın o tayından Əli Kərimlinin ideyalarına tüpürdülər

Tanrı, göydən daş ələ(mə)...!

Okeanın o tayından Əli Kərimlinin ideyalarına tüpürdülər

Sizcə, radikal müxlifətin lideri yarlığı ilə tanınan Əli Kərimli nə zamansa iqtidara gələrsə,  res­pub­likanın ictimai-siyasi həyatı necə görünər? Kimdən soruşum? – Heç kimdən. Çünki, əvvəla, belə bir perspektiv o qədər qeyri-gerçəkdir ki, ciddiyə almağa dəyməz. İkinci, bu barədə Kərimliyə əks cəbhədən kim nə desə, qaragüruh “hur­rey” deyib, trol-mrol qarışıq keçəcəklər “hücum”a və bağı­racaqlar ki, ay, nə bilim, hakimiyyətin möv­qe­yidir, hakimiyyət öyrədib, daha nə, nə... Ona görə də, heç özümüzü dağa-daşa salmadan, onların öz cəbhəsinə göz gəzdirək, görək, hələ bir nə var-nə yox?

Okeanın o tayında yuvalanmış keçmiş ANS-çi, pələ-pətrüs müxalif mövqeyi ilə tanınan İsmayıl Cəlilov adlı bir nəfər AXCP sədri ilə, onun siyasi hakimiyyətə daşımaq “əzmi”ndə olduğu “söz və mətbuat ideoloji”si haqqında, açıb sandığı, töküb pambığı... Səbəb nə imiş? – Səbəb o imiş ki, İsmayılın özü demiş “4 min nəfərlik efir”ində Əli Kərimli haqqında ortabab bir tənqid səsləndirilibmiş. Bunun qarşılığında, Kərimlinin trol dəstəsi onu ən axırıncı söyüşlərə qonaq edib...

İndi baxın, bu sözləri hakimiyyət təmsilçisi, iqtidara simpatiyalı kimsə demir, bu sözləri hakimiyyəti illərdir tənqid edən, bir çox hallarda bəlkə özü də əndazəni aşmış adam deyir. – Deyir ki, “...AXCP-nin trolları tökülüşdü üstümə, iki gündür “feysbuk” və “yutub” səhifəmdə ana-ata söyüşlərinə məruz qalıram, iki gündür bu söyüşləri silməklə məşğulam. Adi bir tənqidə bu qədər söyüşlə cavab verən qrupa nə deyəsən?!.

...Mən sizin qurmaq istədiyiniz Azərbaycandan qorxuram. Qorxuram ki, hakimiyyətə gəlsəniz, necə bir cəmiyyət quracaqsız.!?

...Əli bəy, nəyə görə ata-ana söyüşləri yağdırırsınız?! Bunlar hakimiyyətin yox, sənin tərəfdarlarındır. Tərəfdarlarına gös­təriş ver ki, mediaya hücum etmək olmaz..!

...Nədən qorxursunuz, niyə mediaya təzyiq göstərirsiniz? Sizin ardınızca gedən məx­luqlar niyə mənim sosial şəbəkə səhifələrimi al­çaqcasına təhqir edir?! Bu gün müxa­lifətdəsiniz, tərəfdarlarınız belə edir, iqtidara gəlsəniz jurnalistlərin başına nə oyun aça­caqsınız? Budurmu Azərbaycana vermək istədiyiniz gələcək?!.

...Hər gün danışmağa vaxt tapırsınız, lakin bir dəfə belə gələcək haqqında, platformanız haqqında danışmamısız.

Mən sizin gələcəklə bağlı fikirlərinizi bilmək istəyərdim. Lakin görün tərəfdarlarınız hansı biabırçılığı yaradır? Belə liderlik olmur! Əbülfəz Elçibəyin irsini çamura bulaşdırmayın! Si­zin yolunuzu gedənlər Elçibəyə layiqdirmi?!

...Əli Kərimli, açıqlayın, siz Azərbaycanın gələcəyini necə görürsünüz, müstəqil mediaya alçaqcasına hücum edən iqtidar quracaqsınız? Budurmu Azərbaycanda qurmaq istədiyin gələcək? – Əgər bu deyilsə, niyə tərəfdarlarınız belə alçaq hərəkət edir. Sizin tərəfdarlarınız özünə çoban axtaran sürüdür.

Məgər Əli Kərimli peyğəmbərdir ki, onu tənqid etmək olmaz?! Siz hansı haqla müstəqil mediaya təzyiq edirsiniz? 4 min izləyicisi olan kanaldan qorxursunuz? Budurmu sizin azad, demokratik ideyalarınız? Tüpürələr belə ideyalara..!

Mən müxalifətdən belə alçaq hərəkət gözləmirdim, ana söyüşünə qədər eşitdim. Daha nə edəcəksiniz? – Siz iqtidara gəlib medianı kökündən bağlayacaqsınız.!? Sizin qurmaq istədiyiniz Azərbaycandan qorxuram..!”

Kərimlinin ən kiçik tənqidə belə kərimsiz olduğu deyilirdi, zatən, deyilirdi. O da deyilirdi ki, başçısı olduğu partiya içində cubbulu da olsa, diktaturafason bir ortam yaradıb. Hər gün söz azadlığından, demokratiyadan, bu plandakı dəm-dəstgahdan dəm vuran bu radikal si­ya­sətçi (yaxud bolgger), yeni medianın canına daraşdırdığı trol-mrol dəstəsini də havayı bəsləmir. Onlar söyüş üçün, təhqir üçün mövcuddur.

Sözün bütün anlamlarında “o tərəflər”də olan İsmayılın uğradığı ağır söyüşlü trol hücumu göstərir ki, Kərimli vaxtı ilə PA-da şöbə müdiri, dövlət katibi postlarını tutarkən müstəqil, müxalif mövqeli mediaya qarşı hansı dözülməz xətdə olubsa, illər keçdikdən sonra da, ordadır... O zamana – doxsanıncı illərə bəlkə də, bir balaca bəraət düşünmək olardı: müstəqilliyin ilk illəriydi, demokratik təsisatlar yeni-yeni yaranırdı və s. Bəs, indi niyə belə edirsiz? Bəs, özün indiki iqtidarın ünvanına olmazın tənqidlər yağdıra-yağdıra, nə təklif edirsən? – Söyüşmü? Təhqirmi? Göydən daş ələ(mə), Tanrı, göydən daş ələ(mə)..!

 

Əkbər QOŞALI,
Azərbaycanda ATATÜRK mərkəzinin şöbə müdiri

10 2019 12:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə