Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nə? Harada? Nə zaman?” intellektual turniri başa çatıb

 “Nə? Harada? Nə zaman?” intellektual turniri başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turnirinin açılışında nazirin müavini Anar Əliyev DOST layihəsinin ölkəmizdə həyata keçirilən sosial islahatların uğurlu nəticələrindən biri kimi, dövlət sosial xidmətləri sahəsində innovativ bir yenilik olduğunu vurğulayıb. O,  bu turnirin də DOST Kuboku adlandırılmasının simvolik məna daşıdığını deyib və iştirakçılara uğurlar arzu edib. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev də DOST Agentliyinin fəaliyyətinin əhəmiyyətindən bəhs edib, iştirakçı komandalara uğurlar arzulayıblar.

DOST Agentliyinin təşkilatçısı olduğu bu turnirin keçirilməsi barədə qərar 14 avqust 2019-cu il  tarixində DOST Agentliyinin və ilk DOST Mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr edilmiş xüsusi toplantıda verilib. “DOST kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” turnirində müxtəlif dövlət qurumları, banklar, KİV-lər, QHT-lər, könüllü təşkilatlarının nümayəndələrindən, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət olan, hər birində 6 nəfər olmaqla ümumilikdə 50-yə yaxın komanda iştirak edib. Turnirin məqsədi könüllü hərəkatına dəstək, əməkdaşların və könüllü fəaliyyətə cəlb edilən şəxslərin intellektual bacarıqlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili, pensiyaçıların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası olub. Üç turdan ibarət olan turnirdə hər sual üçün 1 dəqiqə vaxt verilib. İqtisadiyyat Nazirliyinin komandası bütün turlarda ən yaxşı nəticə göstərərək qalib olub. İkinci yeri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının komandası, 3-cü yeri isə Dövlət Miqrasiya Xidməti Könüllüləri komandası tutub.

Pensiyaçılar arasında komandalardan “Çinar” 1-ci, “Qəzəl” 2-ci, “İrs” isə 3-cü olub. Gənclərdən ibarət olan komandalar arasında qalib adını Dövlət Miqrasiya Xidmətinin Könüllüləri qazanıb. Könüllü DOST “Bravos” 2-ci yeri, Təhsil Nazirliyinin könüllüləri isə 3-cü yeri tutub. KİV arasında isə Azərbaycan Televiziyasının komandası qalib olub. Sonrakı yerlərə “Azad Azərbaycan” Televiziyası və “APA Holdinq” layiq görülüb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 2019 11:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə