Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan regional miqyasda sabitləşdirici rol oynayır

Azərbaycan regional miqyasda sabitləşdirici rol oynayır

Regional əməkdaşlıq və bütün qonşularımız ilə münasibətlərimiz bizim üçün mühüm əhəmiyyət kəsb edir. Məncə, bunu hər bir ölkəyə şamil etmək olar. Bir dövlətin qonşusu ilə hər hansı bir problem varsa, burada hər iki tərəf əziyyət çəkir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 


Məşhur politoloq Zbiqnev Bzejinskinin ­“Avrasiyanın Balkanları” kimi dəyərləndirdiyi Cənubi Qafqaz ötən əsrin sonlarından etibarən region və dünya gücü olmaq istəyən dövlətlərin mübarizə meydanına çevrilmişdir. Qara dəniz və Xəzər dənizi arasında yerləşən bu region Cənub-Şimal və Qərb-Şərq enerji və nəqliyyat xətlərinin kəsişməsi və Xəzər hövzəsi enerji mənbələrinə sahib olması baxımından böyük əhəmiyyət daşıyır. Müstəqil xarici siyasət yürüdən Azərbaycanın həyata keçirdiyi və dəstəklədiyi strateji layihələr də “Böyük şahmat lövhəsi” kimi qiymətləndirilən Avrasiya kontinentində təhlükəsizliyin gücləndirilməsinə öz töhfəsini verir, regional iqtisadi-siyasi inkişafın təmin olunmasına şərait yaradır.

Hər bir dövlətin dünyadakı nüfuzu onun həyata keçirdiyi milli inkişaf və təhlükəsizlik siyasəti ilə birbaşa əlaqəlidir. Xüsusilə də təhlükəsizlik siyasəti ölkənin siyasi, iqtisadi, sosial və mənəvi inkişafının mühüm göstəricilərindən biri kimi dəyərləndirilir. Buna görə də, beynəlxalq münasibətlərin müstəqil subyekti olan, Azərbaycan daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir. 
Azərbaycan xüsusilə də Avropa və Avratlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturları ilə strateji əməkdaşlığın inkişafı məsələsinə diqqət yetirir. Milli Təhlükəsizlik Konsepsiyasında göstərildiyi kimi, Azərbaycan Avratlantik strukturları ilə tərəfdaşlığı bütövlükdə ­Av­r­atlantik məkanında ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Artıq uzun illərdir ki, ölkəmiz Avropa və Avratlantik məkanında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşür. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Avratlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. 
“Köhnə dünya” ölkələri ilə siyasi-iqtisadi, eyni zamanda, humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi mövqeyindən çıxış edən Azərbaycan Avropa İttifaqı ilə çoxşaxəli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətləri “MDB Ölkələrinə Texniki Dəstək” (TACIS), “Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi” (TRACECA) və digər proqramlar çərçivəsində inkişaf etdirilir. Azərbaycan ilə Avropa İttifaqı arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratiyanın inkişafına kömək, eləcə də iqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu üçün əlverişli çərçivə yaradır. 

Azərbaycanın 2004-cü ildə Avropa İttifaqının “Yeni Qonşuluq Siyasəti”nə daxil edilməsi və bu siyasət çərçivəsində 2006-cı ildə qəbul edilmiş Azərbaycan – Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsi siyasi dialoq və siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı daha da inkişaf etdirir. Ötən müddət ərzində regional inkişafın davamlılığını artıran enerji-nəqliyyat və kommunikasiya layihələrinin reallaşdırılması təhlükəsizliyin gücləndirilməsində Azərbaycan ilə Avratlantik məkan arasında dialoqun daha intensiv aparılmasına və əlaqələrin günün reallıqlarına uyğun səviyyədə inkişaf etdirilməsinə əsas yaradır. Təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu sayəsində bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın hərbi-siyasi, iqtisadi, ekoloji təhlükəsizliyinin təmin olunmasına fundamental strateji töhfələr bəxş edən regional güc kimi dəyərləndirir. 
Bu gün bütün dünyada təhlükəsizlik anlayışı dövlətlərin malik olduğu müdafiə potensialı ilə ölçülərək, yalnız hərbi hazırlıq sahəsini əhatə etmir. Müasir dövrdə ayrı-ayrı dövlətlərin və bütövlükdə, regionların təhlükəsizliyi siyasi, iqtisadi, ən mühümü isə enerji təhlükəsizliyinin təminatı baxımından səciyyələndirilir. Xüsusilə, iqtisadi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi olub, dövlətin geosiyasi gücü hesab edilməklə müstəqilliyin möhkəmlənməsinə xidmət göstərir. Artıq 28 ildir müstəqil dövlət kimi balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan həm də nadir coğrafi mövqeyə malik olmaqla bir deyil, bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geosiyasi faktor kimi çıxış edir. Düşünülmüş xarici siyasət nəticəsində bu gün Azərbaycan hətta son zamanlar münasibətləri gərginləşmiş güc mərkəzləri arasında dialoq məkanına çevrilmişdir. Belə ki, 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Xatırladaq ki, 2017-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının və Rusiya Federasiyası silahlı qüvvələrinin baş Qərargah rəislərinin, 2017-ci ilin sentyabrında isə NATO-nun Hərbi Komitəsinin sədri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında Bakıda görüşlər keçirilmişdir. Ötən ilin dekabrında V. Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı, general Körtis Skaparotti ilə Bakıda görüşmüşdü. 
Cari ilin iyul ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüş yenidən Bakıda keçirilmişdi. Generallar iyulun 10-da Prezident İlham Əliyevin qəbulunda olmuş, Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparmış və daha sonra iki general arasında görüş baş tutmuşdu. İki böyük dövlət nümayəndəsinin Bakıda müntəzəm görüşlər keçirməsi Azərbaycanın yürütdüyü xarici siyasətin doğru olduğunu bir daha təsdiqləməklə yanaşı, ölkəmizin qlobal əhəmiyyətli coğrafi məkan olduğunu da göz önünə gətirir. 
Bundan başqa, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qlobal təhlükəsizliyə aid vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr sırasından məhz Azərbaycanın seçilməsi ölkəmizə olan hörmət və etimadın, eyni zamanda, respublikamızın regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü müstəqil siyasətin göstəricisidir. Azərbaycanın Rusiya və ABŞ ilə strateji münasibətləri təhlükəsizlik, enerji və iqtisadi sahələrdə əməkdaşlığı əhatə edir və münasibətlərin yüksək səviyyədə olması Bakının Cənubi Qafqaz regionunun “diplomatik paytaxtı” statusunu qazanmasına imkan yaradır. Bununla yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə evsahibliyi etməklə qlobal sülh və təhlükəsizliyin, silahlara nəzarət rejiminin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir. 
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələrinin ölkəmizin regional güc mərkəzi statusunu daha da möhkəmləndirməsi artıq heç kimə sirr deyil. Qlobal təhlükəsizlik üçün mühüm olan ABŞ-Rusiya Federasiyası görüşlərinin Bakıda keçirilməsinin əsas səbəblərindən biri də məhz Azərbaycanın regional və qlobal proseslərdə fəal rol oynaması ilə əlaqədardır. Azərbaycanın NATO-ya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmadığı məlumdur. Lakin belə mövqe ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətlər yaratmağa və onları inkişaf etdirməyə mane olmur. Əksinə, güc mərkəzlərinin hörmətinin artmasına şərait yaradır. Nüfuzlu siyasətçilər də etiraf edirlər ki, Azərbaycan bu gün təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Rəsmi Bakının Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində atdığı addım, regionda və beynəlxalq miqyasda terrora qarşı mübarizəyə qarşı çıxması Azərbaycanın əhəmiyyətini artıran amillərdəndir. Ölkəmizin tarixən Şərqlə Qərb arasında körpü rolunu oynaması onun strateji məsələlərin həyata keçməsində daşıdığı əhəmiyyətdən də xəbər verir. 
Fakt ondan ibarətdir ki, Azərbaycan özünün sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meyilli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir. Ən əsası, Azərbaycan malik olduğu geosiyasi və geoiqtisadi potensialdan yararlanaraq regionun sabit inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan yerləşdiyi regionda sabitləşdirici amil rolunu oynayır və rəsmi Bakının təşəbbüsləri regional əməkdaşlığa və regionumuzda təhlükəsizlik tədbirlərinin güclənməsinə yönəldilmişdir. 

 

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

 

9 2019 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə