Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Beşinci kolon”un xəyanətkar ünsürləri iş başındadırlar

“Beşinci kolon”un xəyanətkar ünsürləri iş başındadırlar

Onlar həm ölkəmizdə, həm də dünyanın istənilən yerində Azərbaycana pislik etmək arzusu ilə yaşayır, ünvanımıza çirkab püskürürlər. Planetin harasında antiazərbaycan qüvvələri təmsil edən bir ünvan tapırlarsa, dərhal onun dəyirmanına su tökürlər ki, ölkəmiz əleyhinə daha çox şər – böhtan üyüdülsün. Öz xalqına uğursuzluq arzulayan, öz Vətənini xaosa, anarxiyaya sürükləməyə çalışan, öz dövlətinin problemlərlə üzləşməsinə çalışan adamların atdığı addımlar müxalifətçilik prinsipləri ilə deyil, düşmənçilik münasibətləri ilə üst-üstə düşür.

Bəs onlar kimdir? Öz xalqına uğursuzluq arzulamaqdan yorulmayan uğursuz siyasətçi Əli Kərimli. Onun çətiri altına sığınmış “Milli Şura” təmsilçiləri. Hansısa konkret səhvinə görə işdən qovulmuş və imkan tapan kimi ölkədən çıxıb “ana müxalifət”ə çevrilmiş keçmiş vəzifə sahibləri. Bir də, hələ “macəra axtarmaqda olan” beyniqanlı söyüş müxalifətçilərimiz. Bəli, onlar məhz bizim müxalifətçilərimizdir. Çünki indiyədək heç bir xalqın və dövlətin müxalifəti öz “siyasi rəqibinə” qarşı məhz söyüşlə mübarizə aparmayıb. Bizim müxalifət bu ilkə də imza atıb. 
Onların fəaliyyəti söyüşlə tamamlanırsa, Əli Kərimli və ətrafındakılar daha çox qarğışdan bəhrələnməyə çalışırlar: “Ya Allah bu il ölkədə taxıl olmasın ki, dövlət öz xalqının üzünə çıxa bilməsin!” Sonra elə olur ki, taxıl istehsalı az qala ikiqat artır. Allaha yalvarırlar ki, cəbhədə hansısa insident baş versin və iqtidara qarşı hücuma keçməyə sözümüz olsun. Onda da cəbhədə Aprel döyüşləri baş verir və özləri də peşman olurlar, Ermənistandakı bossları da. Gecə–gündüz oturub Tanrıya dua edirlər ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə “çepe” yaransın ki, bu ölkənin xaricdəki nüfuzuna xələl gəlsin. Amma bütün beynəlxalq tədbirlərdən sonra dünya ictimaiyyətindən saysız-hesabsız təşəkkür və minnətdarlıq məktubu alırıq. 
Bəs bu “yetimlərin” əli hər yerdən çıxırsa, onda neyləsinlər? Belə olan halətdə Şekspirin məşhur “Olum, ya ölüm!?” dilemması onların qarşısında dayanır. Olmaq, yəni ölməmək üçün bircə yolları qalır: Satılmaq. Satqınlıq, xəyanət, “beşinci kolon”a işləmək. İnsafən, bu yol onlara sərf eləyir. 
Amma “insafən” sözünü bir dəfə də təkrar etmək zərurəti yaranır. Məsələn, belə: İnsafən, bu yolla qazanmağı Əli Kərimli qədər bacaran yoxdur. Niyə? Çünki o, çox dərələrdə çox öküzləri öldürüb. Onun 1989-90-cı illərdən bəri satmadığı, xəyanət etmədiyi elə bir həmkarı, dostu, silahdaşı qalmayıb. Əli Kərimli satqınlıq məsələsində, sözün həqiqi mənasında, “uzman” mütəxəssisdir.
Əli Kərimli xalq azadlıq hərəkatı yarandığı gündən bəri məhz bu işlə məşğul olub. Mətbuat yazır ki, məhz ona görə də müxalif düşərgədəki siyasi durumdan asılı olmayaraq, Əli Kərimlinin mənfi reputasiyası daim gündəmdə olub. Bu şəxsin adı müxalif düşərgədən gizli danışıqlara girən ilk siyasətçidən tutmuş, Əbülfəz Elçibəyin zəhərlənməsinə qədər ən ilginc olaylarda hallanıb. Söhbət təkcə Əbülfəz Elçibəyin zəhərlənməsindən getmir, digər bulanıq-çirkli məsələlərdə də məhz Əli Kərimlinin adı həmişə öndə olur. Maraqlıdır ki, Əli Kərimlinin özü satqın ola-ola, onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara, onun “liderliyini” qəbul etməyənlərə “satqın” damğası vurmağı bacarır.
Yəqin ki, heç kəsin yadından çıxmayıb. 1992-1993-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə şərait yaratmış, ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış AXC-Müsavat hakimiyyəti dövründə dövlət katibi vəzifəsini məhz Əli Kərimli tutmuşdu. Bir yazıda oxudum: “Həmin illərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olan gənclərimiz Qarabağı düşmən tapdağından azad etmək üçün döyüşə atılırdısa, Əli Kərimli Bakıda bəzi ölkələrin kəşfiyyat qurumlarının siyasi sifarişlərini yerinə yetirirdi. Xalqın AXC--Müsavat hakimiyyətini devirməsindən sonra belə, Əli Kərimli şəxsi və ailə maraqları naminə Azərbaycan dövlətinin və xalqının mənafeyini satmaqla məşğul oldu. Təsadüfi deyil ki, müxalifətdə xəyanətkar adı qazanan Əli Kərimli Əbülfəz Elçibəyə xəyanətdə, AXCP-ni parçalamaqda günahlandırılır”.
Xatırladaq ki, daxili bədxahlar hər zaman Azərbaycanın istənilən uğurlarına qısqanclıqla yanaşıb, ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün məişət səviyyəsində olan problemləri şişirtməklə siyasi dividend qazanmağa çalışıblar. Həmin bədxahların önündə Əli Kərimlinin getməsi isə bu adamın hansı zümrənin önündə gedə biləcəyini müəyyən edir. Həmkarları deyirlər ki, o, çatmaq istədiyi məqsədləri uğrunda rahatlıqla ən yaxın adamını belə əzməyə hazırdır. Belə ki, AXCP-yə maliyyə gəliri qazandıran sənaye müəssisəsi gözüylə baxan Əli Kərimli, onun keçmiş müavini Razi Nurullayevin dediyi kimi, cəbhəçiləri portağal qabığı kimi soyurdu: “ O, həmişə cəbhəçilərin ən kiçik istəklərini belə özünə qarşı təhdid kimi görüb”.
Bir jurnalist ondan ­soruşmuşdu ki, nə üçün bircə dəfə də olsun, erməni işğalı altında inləyən Qarabağdan danışmırsınız? Təbii ki, istənilən siyasətçi bu suala cavab verə bilərdi və ya yayınmaq da mümkün idi. Amma Əli Kərimli onların heç birini etməyib və müxbirə qısa sual verib. Partiya sədrinin yığcam sualı isə onun iç dünyasını açmışdı: -- Siz kimə satılmısınız?
Həmkarları və keçmiş partiyadaşları yazırlar ki, bu adamın işi-gücü şər, böhtan, yalan yaymaq, dezinformasiyalarla insanları çaşdırmaq, yalnız hakimiyyətə qarşı təxribat törətmək, cəmiyyəti qarışdırmaqdır. O, oğlu Türkel Kərimlini hərbi xidmətdən yayındırıb ABŞ-a qaçıranda da keçmişdə satıldığı adamlar köməyinə gəlmişdilər. 
Bir müddət əvvəl Əli Kərimlinin AXCP-sindən ayrılmış, onun keçmiş müavini Razi Nurullayev mətbuata müsahibəsində demişdi: “Pul məsələlərini özündən və yaxın olduğu 2-3 nəfərdən başqa heç kim bilmirdi. Mən heç zaman AXCP-dən maaş almamışam. Digərlərinə gəlincə, onların maaş alıb-almadığını bilmirəm. Əli Kərimlinin özünə gəlincə, bilirsiz ki, o işləmir. Onun kiçik oğlu Londonda doğulub. Oğlu orada ən bahalı universitetdə necə oxudu? Bu, haradan ödənilirdi? Oğlu və qızı Bakıda ən bahalı özəl məktəbdə oxuyub. Onun pulu haradan gəlirdi?”
Razi Nurullayevin həmin sualının cavabını biz bu yazının əvvəlində verdik: “Beşinci kolon”un bütün təmsilçilərinin maaşının gəldiyi yerdən.

 

İldırım İSMAYIL

 

9 2019 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə