Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan demokratik ölkədir, burada hamı üçün söz azadlığı mövcuddur

Ona görə də hansısa məmurun və ya deputatın dedikləri şəxsi fikirləridir

Azərbaycan demokratik ölkədir, burada hamı üçün söz azadlığı mövcuddur

Hansısa məsələ ilə əlaqədar dövlətin mövqeyini açıqlamaq lazım olanda, bu işi ya Prezidentin özü, yaxud səlahiyyət verdiyi yüksək vəzifəli şəxs icra edir. Ancaq çox təəssüf ki, sosial şəbəkələrdə bu həqiqət olduğu kimi qəbul edilmir. İqtidar tərəfdə olan istənilən adamın fikirlərini dövlətin mövqeyi, Prezidentin iradəsi kimi qəbul edənlər də hələ vardır. Elə Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından yayılan açıqlama da sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlıq yaradıb. 
Ona görə də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz “Facebook” səhifəsində qeyd edib ki, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa açıqdır. Yəni geridə qalan müddətdə tutduğu mövqeyindən və ya siyasi baxışlarından asılı olmayaraq, bu gün Azərbaycanın inkişafında və daha da qüdrətlənməsində iştirak etmək istəyən qrup və ya fərdlərin mövqeyinə böyük hörmətlə yanaşılır. Bu, həmişə belə olub və belə də olacaq.
Dövlət rəsmisi yazır: “Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də dəyişməz olaraq qalır”.
Söhbət ondan gedir ki, Yeni Azərbaycan Partiyasının yaradıcılarından və məşhur “91-lər”dən olan deputat Eldar İbrahimov əvvəllər müxalifətdə olmuş, sonradan mövqeyini dəyişərək iqtidar tərəfə keçmiş siyasətçilərin ünvanına xoşagəlməz fikirlər səsləndirib.
Ona görə də, Əli Həsənov qeyd edir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ziyalılarının 1992-ci ildə mətbuat vasitəsilə ona ünvanladığı müraciətinə verdiyi cavab yeni siyasi hərəkatın və bu hərəkatın avanqard qüvvəsi olan YAP-ın manifesti olaraq qəbul edilmiş və həmin manifestdə ifadə olunmuş prinsip və meyarlar bu gün də siyasi fəaliyyətimizin əsas kredosunu təşkil etməkdədir. Heydər Əliyevin ziyalılara 1992-ci ildə ünvanladığı həmin müraciət, əslində, sadəcə yeni bir siyasi partiyanın deyil, quruculuğuna başladığımız müstəqil dövlətin gələcək siyasi-ideoloji proqramı idi”.
Heç kəsin yadından çıxmayıb. Həmin müraciətdə ümummilli lider Azərbaycanın bütün sağlam qüvvələrini vahid dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna öz töhfəsini verməyə səsləyirdi. Ulu öndər sonralar hətta dövlət çevrilişi cəhdlərində iştirak etmiş adamlara da amnistiya vəd edirdi. Yəni kim milli dövlətçilik baxımından mövqe ortaya qoyursa, biz həmişə onunla əməkdaşlığa hazır olduğumuzu bildirmişik.
Yüzlərlə, bəlkə də minlərlə fakt vardır ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün müddət ərzində həmişə birlik və həmrəylik ideyasına sadiq qalmış, ölkədə vətəndaş sülhü, milli birlik naminə, Azərbaycan dövlətçiliyinə xidmət etmək istəyən, hər hansı idarəçilik və intellektual keyfiyyətləri olan insanların YAP-da və YAP-ın qurduğu iqtidar komandasında təmsil olunmasına şərait yaratmışdır. 
Heydər Əliyev hətta mətbuat üzərindəki senzuranın götürülməsinə də nail olmuşdu ki, hər kəs istədiyi kimi yazsın, danışsın, öz fikirlərini ifadə etsin. Ümummilli lider fərqli siyasi qüvvələrin parlamentdə birgə təmsilçiliyini, siyasi plüralizm və söz azadlığını müasir inkişafın labüd bir prinsipi olaraq qəbul etmiş, ümummilli məsələlərin siyasi opponentlərlə birgə müzakirəsini, bütün məsələlərin həlli naminə hər kəslə açıq dialoqu və əməkdaşlığı vacib saymışdır.
Məmnunuq ki, ulu öndərimiz Heydər Əliyevin həmin yanaşması bugünkü Azərbaycan həqiqətləri sırasındadır, Belə ki, milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi “mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoymuşdur. Cənab Prezidentin 2013-cü ildə salınmış Jurnalist şəhərciyində mənzil hədiyyə edilən həmkarlarımızın 25–30 faizinin müxalifət təmsilçisi olması da məhz İlham Əliyevin “bütün azərbaycanlıların Prezidenti” olduğunun sübutudur.
Prezidentin köməkçisi xatırladır ki, bu prinsiplər dəyişməzdir, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır. Yəni Eldar İbrahimovun adından yayılmış məlum fikirlər YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir.

 

İ.MİRZƏBƏYLİ, 
“Xalq qəzeti” 

9 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə