• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq proqramları nəzərdən keçirilib

Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq proqramları nəzərdən keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb.
 XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ­Elmar Məmmədyarov ATƏT-in baş katibi Tomas Qremingeri və onu müşayiət edən nümayəndə heyətini salamlayıb, Azərbaycanın regional təşkilat olaraq ATƏT ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb.
 ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyinin fundamental prinsip olduğunu qeyd edən Elmar Məmmədyarov bütün üzv dövlətlərin Helsinki Yekun Aktı üzrə öhdəliklərinə sadiq olmasının vacibliyini bildirib. Bu xüsusda, nazir E.Məmmədyarov Ermənistanın ATƏT üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirdiyini vurğulayıb. O, təsis olunmasından etibarən ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olduğunu deyərək işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün səylərinin artırılmasının vacibliyini bildirib.
 Elmar Məmmədyarov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır.
 Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, Helsinki Yekun Aktının təşkil etdiyini xatırladıb. Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq, regionda davamlı və ədalətli sülhü təmin etmək üçün substantiv və intensiv danışıqlara hazır olduğunu diqqətə çatdırıb.
 Azərbaycanın regionda və bütövlükdə ATƏT məkanında iqtisadi əməkdaşlığın və uzlaşma xətlərinin yaradılması, multimodal nəqliyyat infrastrukturu imkanlarının təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən nazir Elmar Məmmədyarov bu xüsusda Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat marşrutlarını və artıq istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttini qeyd edib. O əlavə edib ki, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bu kimi layihələr ATƏT məkanında iqtisadi inkişafa və çiçəklənməyə töhfə verməklə bərabər, regional sülh və təhlükəsizliyin də möhkəmlənməsinə xidmət edir.
 Görüşdə ATƏT-in qeyd olunan nəqliyyat layihələrinin inkişafı baxımdan mühüm platforma rolunu oynaya biləcəyi vurğulanıb. 
Söhbət zamanı əlaqələrin inkişafında parlament diplomatiyasının rolu qeyd edilib və bu xüsusda, ATƏT-in Parlament Assambleyası ilə əməkdaşlıq təqdir olunub. Həmçinin Azərbaycan və ATƏT arasında əməkdaşlıq proqramları nəzərdən keçirilib.

12 2018 23:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin