Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 386    Bakı şəhəri, 5 sentyabr 2019-cu il


“Mediasiya reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
“Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Mediasiya reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il  5 sentyabr

tarixli 386 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Mediasiya reyestrinin aparılması

 

QAYDASI

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən hazırlanmışdır və mediasiya reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədi mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının siyahısının müəyyən edilməsi və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir.

1.3. Mediasiya reyestri mediasiya fəaliyyəti ilə məşğul olmaq hüququ olan, həmçinin mediasiya fəaliyyətini həyata keçirmək hüququ dayandırılmış və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmış mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumları barədə məlumatlar əsasında formalaşdırılır.

 

 

2. Mediasiya reyestrinin aparılması qaydası

 

2.1. Mediasiya reyestri Mediasiya Şurası tərəfindən aparılır.

2.2. Mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumları Mediasiya Şurasına üzvlüyə qəbul edildikdən 5 (beş) iş günü müddətində bu Qaydanın 2.8-ci və 2.10-cu bəndlərində göstərilən məlumatlar Mediasiya Şurası tərəfindən reyestrə daxil edilir.

2.3. Mediasiya reyestri açıqdır. Mediasiya reyestri Mediasiya Şurasının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.

2.4. Mediasiya reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır, kağız və elektron daşıyıcılarda tərtib edilir.

2.5. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, kağız daşıyıcılarda olan qeydlər üstün qüvvəyə malik olur.

2.6. Mediasiya reyestri illər üzrə və Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi (rayon və ya şəhər) üzrə aparılır.

2.7. Mediasiya reyestri informasiya ehtiyatıdır və Mediasiya Şurası informasiya ehtiyatının mühafizəsini və istifadəsini təmin edir.

2.8. Mediatorlar barədə aşağıdakı məlumatlar reyestrə daxil edilir:

2.8.1. mediatorun adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

2.8.2. mediatorun ilkin hazırlıq üzrə təlimi bitirməsini təsdiq edən sertifikat barədə məlumat;

2.8.3. mediatorun ixtisasartırma kursunu bitirməsini təsdiq edən sertifikat barədə məlumat;

2.8.4. mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə məlumat;

2.8.5. mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat;

2.8.6. mediatorun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2.8.7. mediatorun mediator kimi fəaliyyət göstərdiyi müddət;

2.8.8. xarici ölkələrdə əldə edilmiş iş təcrübəsinin və ya sertifikatın tanınması barədə məlumat;

2.8.9. mediatorla əlaqə üçün məlumatlar (telefon nömrəsi, olduqda elektron poçt ünvanı).

2.9. Mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat mediasiya reyestrinə daxil edildiyi gündən 6 (altı) ay müddətində reyestrdə saxlanılır.

2.10. Mediasiya təşkilatları və mediasiya təlimi qurumları (bundan sonra – qurum) ilə bağlı aşağıdakı məlumatlar reyestrə daxil edilir:

2.10.1. qurumun adı;

2.10.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer);

2.10.3. qurumun təşkilati-hüquqi forması;

2.10.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), həmçinin qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi;

2.10.5. mediasiya fəaliyyəti göstərdiyi müddət;

2.10.6. Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yaratdığı qurumlarının olduğu yer və təşkilati-hüquqi forması;

2.10.7. mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə məlumat;

2.10.8. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, əlaqə üçün məlumatları (telefon nömrəsi, olduqda elektron poçt ünvanı).

2.11. Mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə məlumatlar bu barədə qərar qüvvəyə mindiyi tarixdən reyestrə daxil edilir.

2.12. Mediasiya təşkilatları, mediatorlar və mediasiya təlimi qurumları mediasiya reyestrində onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər barədə 30 gün müddətində Mediasiya Şurasına məlumat verməlidirlər. Mediasiya Şurası həmin dəyişikliklər barədə məlumat daxil olduqdan sonra dəyişiklikləri reyestrə daxil edir.

2.13. Mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumlarının nümayəndələri onlar barədə reyestrə daxil edilmiş məlumatlarda çatışmazlıqlar aşkar etdikdə, müvafiq düzəlişlərin edilməsi üçün Mediasiya Şurasına ərizə ilə müraciət edə bilərlər.

 

 

3. Xarici ölkələrdə əldə edilmiş iş təcrübəsinin və ya sertifikatların tanınması

 

3.1. Xarici ölkələrdə “Mediasiya haqqında” Azərbaycan Respublikası  Qanununun 14.5.1.1‒14.5.1.3-cü maddələrinə uyğun olaraq əldə edilmiş iş təcrübəsini təsdiq edən sənəd və ya sertifikatın Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edildikdən sonra Mediasiya Şurasına təqdim edilir.

3.2. Mediasiya Şurası həmin sənədlər əsasında xaricdə əldə edilmiş iş təcrübəsi və ya sertifikatın tanınması haqqında qərar qəbul edir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə