Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 383    Bakı şəhəri, 5 sentyabr 2019-cu il


“Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın təsdiq edilməsi haqqında
“Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri 

 

 

                                                                         Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il  5 sentyabr

tarixli 383 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Mediatorların hazırlığı və ixtisaslarının

artırılması ilə bağlı təlim QAYDASI

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci, 25.2-ci, 26.6-cı və 27.2-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və mediator olmaq istəyən şəxslərin ilkin hazırlığı, habelə mediatorların ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədi mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin qarşılıqlı razılıq əsasında həlli sahəsində peşəkar mediatorların hazırlanmasını təmin etməkdir.

1.3. Bu Qaydanın müddəaları ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimi də əhatə edir.

 

 

 

2. Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimin aparılması qaydası

 

2.1. Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən mediasiya təlimi qurumları tərəfindən ödənişli əsaslarla həyata keçirilir.

2.2. Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim aşağıda göstərilən şəxslər tərəfindən həyata keçirilir:

2.2.1. son 2 (iki) il müddətində ən azı 10 mediasiya işi aparmış mediator;

2.2.2. son 6 (altı) ildə mediasiya üzrə (o cümlədən, mübahisələrin alternativ həlli fənninin tərkib hissəsi olaraq) azı 2 (iki) il pedaqoji staja malik və ya son 3 (üç) il müddətində beynəlxalq layihələr çərçivəsində ən azı 2 mediasiya təlimi aparmış təlimçi;

2.2.3. beynəlxalq mediasiya qurumlarının mediasiya sahəsində təşkil etdiyi mediasiya təlimçilərinin təlimindən keçməsi barədə müvafiq sertifikatı olan təlimçilər.

2.3. Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması bu Qaydanın tələbləri nəzərə alınmaqla, mediasiya təlimi qurumları tərəfindən hazırlanmış təfsilatlı tədris proqramları əsasında həyata keçirilir.

2.4. Mediatorların tədris proqramları nəzəri hissə (mühazirələr), praktiki məşğələlər, treninqlər və səhnələşdirilmiş mediasiya oyunlarından ibarətdir.

2.5. Mediatorların fəaliyyətinin təcrübi xarakter daşıdığını nəzərə alaraq, nəzəri hissə ümumi məşğələlərin 40 faizindən çoxunu təşkil etməməlidir.

2.6. Mediatorların ilkin hazırlığı üzrə təlim üçün tədris proqramında nəzərdə tutulmuş mediasiya dərslərinin saatı 48 saat, ixtisasartırma kursları üçün isə 32 saatdan az olmamalıdır.

2.7. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim üçün tədris proqramında nəzərdə tutulmuş dərslərin saatı ümumi mediasiya dərsləri saatının üçdə bir hissəsi qədər artıq olmalıdır.

2.8. Mediasiya təlimi qurumuna mediator olmaq istəyən ali təhsilli şəxslər və mediator fəaliyyətini həyata keçirən şəxslər müraciət edə bilərlər.

2.9. Mediator olmaq istəyən şəxslər ilkin hazırlıq üzrə təlimdə iştirak etmək üçün aşağıdakı sənədləri mediasiya təlimi qurumuna təqdim etməlidirlər:

2.9.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;

2.9.2. ali təhsil haqqında sənədin surəti (sənədin əsli təqdim edilməmişdirsə, notarial qaydada təsdiq olunmuş surəti);

2.9.3. sağlamlıq barədə tibbi arayışın surəti (quruma təqdim etməzdən əvvəl ən tezi 1 ay əvvəl alınmış);

2.9.4. 2 ədəd fotoşəkil (3x4 sm ölçüsündə).

2.10. İxtisasartırma kurslarında iştirak etmək üçün müraciət edən mediatorlar mediasiya təlimi qurumuna şəxsiyyəti təsdiq edən sənədin surətini və mediatorların ilkin hazırlığı üzrə təlimi bitirməsini təsdiq edən sertifikatı təqdim edirlər.

2.11. Mediasiya təlimi qurumuna elektron qaydada müraciət edilən zaman yuxarıda qeyd edilən sənədlərin skan edilmiş surəti göndərilir.

2.12. Bu Qaydanın 2.9-cu və 2.10-cu bəndlərində göstərilən sənədlər təqdim edildikdən sonra mediasiya təlimi qurumu “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mediasiya Şurası üzvlüyündən çıxarıldıqda və ya fəaliyyəti dayandırıldıqda təqdim olunmuş sənədlər ödəniş də daxil olmaqla, müraciət edildiyi gündən 2 (iki) iş günü müddətində geri qaytarılır.

2.13. Təlimdə iştirak etmək üçün müraciət etmiş və müvafiq sənədləri təqdim etmiş şəxslərə təlimin başlanılmasına azı 10 gün qalmış bu barədə məlumat verilir.

2.14. Mediator olmaq istəyən şəxslərin və mediatorların (bundan sonra - dinləyici) ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim əyani formada aparılır.

2.15. Təlim qruplarında dinləyicilərin sayı 15 nəfərdən çox olmamalıdır.

2.16. Təlim zamanı dinləyicilər kağız və (və ya) elektron daşıyıcılarda təlim materialları ilə təmin olunurlar.

 

 

 

3. Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimin nəticələrinin qiymətləndirilməsi

 

3.1. Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində imtahan keçirilir.

3.2. İmtahanda mediatorun nəzəri bilikləri müsahibə vasitəsilə, praktiki vərdişləri isə mediasiya imitasiyası vasitəsilə yoxlanılır.

3.3. Müsahibə hər bir dinləyici ilə fərdi qaydada, Azərbaycan Respublikasının dövlət dilində və azı 20 dəqiqə aparılır.

3.4. İmtahan təlim qurumunun rəhbəri tərəfindən formalaşdırılan komissiya tərəfindən keçirilir. İmtahan komissiyası Mediasiya Şurasının, mediasiya təlimi qurumunun nümayəndəsi və müstəqil ekspertdən ibarət olmaqla, 3 nəfər tərkibdə formalaşdırılır və qərar səsvermə yolu ilə komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

3.5. İmtahanın nəticələri dinləyicilərə səsvermədən dərhal sonra bildirilir.

3.6. Dinləyici imtahanın nəticələrindən Mediasiya Şurasına və (və ya) məhkəməyə şikayət edə bilər.

3.7. İmtahanın nəticəsi protokolla rəsmiləşdirilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır.

3.8. İmtahanı müvəffəqiyyətlə keçmiş şəxslərə forması Mediasiya Şurası tərəfindən təsdiq edilən sertifikat təqdim edilir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə