Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 381         Bakı şəhəri, 4 sentyabr 2019-cu il
 
“İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə
 
“Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:     
1. “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla,  “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maliyyə vəsaiti ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il  4 sentyabr

tarixli 381 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən hazırlanmışdır və “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin (bundan sonra - informasiya sistemi) təşkili, fəaliyyəti və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası məsələlərini tənzimləyir.

1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.3. İnformasiya sistemi aşağıdakıları təmin edir:

1.3.1. iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın artırılmasına və səmərəliliyin yüksəldilməsinə nail olunmasını;

1.3.2. iri dövlət şirkətlərinə dair maliyyə, kadr uçotu və daşınmaz əmlak üzrə məlumatların vahid bazada birləşdirilməsini; 

1.3.3. iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin müqayisəli təhlil edilməsini;

1.3.4. informasiya sisteminin istifadəçiləri tərəfindən iri dövlət şirkətlərinə dair müvafiq məlumatların real vaxt rejimində əldə edilməsini.

1.4. İnformasiya sisteminin operatoru Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir.

1.5. İnformasiya sistemi üzrə xidmətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsi, eləcə də “Elektron hökumət” portalı vasitəsilə göstərilir.

1.6. İnformasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.

1.7. İnformasiya sisteminin iştirakçıları (bundan sonra - iştirakçılar) aşağıdakılardır:

1.7.1. bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq informasiya sisteminə öz informasiya sistemi və ehtiyatlarından müvafiq məlumatları ötürən dövlət qurumları;

1.7.2. bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq, informasiya sisteminə müvafiq məlumatları daxil edən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 dekabr tarixli 636s nömrəli Sərəncamının 2 nömrəli əlavəsi ilə siyahısı təsdiq edilmiş iri dövlət şirkətləri.

1.8. İnformasiya sisteminin istifadəçiləri (bundan sonra - istifadəçilər) bu Qaydaların 3.1-ci bəndində qeyd edilən informasiya sisteminin müvafiq altsistemləri üzrə informasiya sisteminin iştirakçıları tərəfindən qeydə alınmış məlumatlardan “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə etmək hüququ olan aşağıdakı dövlət orqanlarıdır:

1.8.1. maliyyə və mühasibat uçotu göstəriciləri üzrə məlumatları özündə əks etdirən altsistem üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

1.8.2. kadr uçotu üzrə məlumatları özündə əks etdirən altsistem üzrə: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat  Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

1.8.3. daşınmaz əmlaka dair məlumatları özündə əks etdirən altsistem üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat  Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.

1.9. İnformasiya sisteminin istifadəçiləri bu Qaydaların 1.7-ci bəndinə uyğun olaraq, sistemin iştirakçıları tərəfindən qeydə alınmış məlumatlardan ödənişsiz istifadə edirlər.

1.10. İnformasiya sisteminin formalaşdırılmasına və aparılmasına, habelə inteqrasiyasına dair bu Qaydalarla tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”) uyğun tənzimlənir.

1.11. İnformasiya sisteminin saxlanılması, fəaliyyəti və inkişafı ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti və normativ hüquqi aktlarla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

2. İnformasiya sisteminin fəaliyyət prinsipləri 

2.1. İnformasiya sisteminin fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.1.1. fəaliyyətin səmərəli təşkili və dayanıqlılığın təmin edilməsi;

2.1.2. təhlükəsizliyin və məlumatların mühafizəsinin təmin edilməsi.

 

3. İnformasiya sisteminin strukturu, qeydiyyata alınan məlumatlar və onların məzmunu

3.1. İnformasiya sistemi aşağıdakı altsistemlərdən ibarətdir:

3.1.1. kadr uçotu üzrə məlumatları özündə əks etdirən altsistem. Bu altsistemdə informasiya sisteminin iştirakçılarına aid ştat vahidi, faktiki işləyənlərin sayı, vakant yerlərin sayı, mühəndis-texniki heyətin sayı və əməkhaqqı fondu barədə məlumatlar əks etdirilir;

3.1.2. maliyyə göstəriciləri üzrə məlumatları özündə əks etdirən altsistem. Bu altsistemdə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 1 və 2 nömrəli əlavələrdəki hesabat formaları və bu formalarda göstərilən məlumatlar əks etdirilir;

3.1.3. daşınmaz əmlaka dair məlumatları özündə əks etdirən altsistem. Bu altsistemdə informasiya sisteminin iştirakçılarına aid daşınmaz əmlakın sayı, tikililərin ümumi sahəsi, istehsal təyinatlı binaların sahəsi, tikililərin balans dəyəri, tikililərin qalıq dəyəri və ümumi torpaq sahəsi barədə məlumatlar əks etdirilir.

3.2. İnformasiya sistemində əks etdirilən məlumat və hesabatların formaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və zərurət yarandıqda, həmin məlumat və hesabatların formalarına yenidən baxılır.

3.3. Bu Qaydaların 3.1-ci bəndində göstərilən məlumatlar iştirakçılar tərəfindən informasiya sisteminə gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə olunmaqla daxil edilməli və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır və ya sistemə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə inteqrasiya olunan digər dövlət informasiya sistemlərindən və ehtiyatlarından elektron formada əldə edilməlidir.

3.4. İştirakçılar informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını təmin edirlər.

3.5. İstifadəçilər bu Qaydaların 1.7-ci bəndinə uyğun olaraq, gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə etməklə, informasiya sisteminə daxil olmağa imkan verən elektron kabinet vasitəsilə informasiya sisteminin müvafiq altsistemləri üzrə iştirakçılar tərəfindən qeydə alınmış məlumatlardan istifadə edirlər.

4. Operatorun funksiyaları

4.1. Operatorun funksiyaları aşağıdakılardan ibarətdir:

4.1.1. informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üzrə işləri layihələrə, texniki normalara, standartlara və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə müəyyən edilən tələblərə uyğun formada aparmaq;

4.1.2. informasiya sistemini EHİS-yə inteqrasiya etdirmək və digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

4.1.3. informasiya sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, tətbiq etmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;

4.1.4. informasiya sisteminə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşları gücləndirilmiş elektron imza ilə təmin etmək;

4.1.5. informasiya sisteminə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər görmək;

4.1.6. informasiya sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;

4.1.7. informasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik işlər aparmaq;

4.1.8. informasiya sistemindən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

4.1.9. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 6-cı hissəsi ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirmək.

 

5. İştirakçıların və istifadəçilərin funksiyaları və vəzifələri

 

5.1. İştirakçılar tərəfindən bu Qaydaların 3.1.1-ci yarımbəndinə uyğun olaraq, kadr uçotuna dair altsistemində göstərilən məlumatlar rüblük olmaqla hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq informasiya sisteminə daxil edilməlidir.

5.2. İştirakçılar tərəfindən bu Qaydaların 3.1.2-ci yarımbəndinə uyğun olaraq, maliyyə göstəriciləri ilə bağlı altsistemində göstərilən məlumat və maliyyə hesabatları illik olmaqla hesabat dövrü başa çatdıqdan sonra müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan etibarən iyun ayının 30-dək informasiya sisteminə daxil edilməlidir.

5.3. İştirakçılar tərəfindən bu Qaydaların 3.1.3-cü yarımbəndinə uyğun olaraq, daşınmaz əmlaka dair altsistemində göstərilən məlumatlar yarımillik olmaqla hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq informasiya sisteminə daxil edilməlidir.

5.4. İştirakçılar və istifadəçilər onların adından informasiya sistemində aparılan bütün əməliyyatlara görə qanuna müvafiq olaraq məsuliyyət daşıyırlar.

5.5. İştirakçının və istifadəçinin, habelə onları təmsil edən səlahiyyətli şəxslərin məlumatlarında hər hansı dəyişiklik olduqda (iş yeri, əlaqə vasitələri barədə məlumatlar, vəzifə və funksiyası dəyişdikdə, əmək müqaviləsinə xitam verildikdə və s.) bu barədə operatora dərhal məlumat verilməlidir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə