• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan rəhbərliyinin qəbuledilməz addımları Avropanı da bezdirib

AŞPA-nın monitorinq komissiyasının Ermənistanda siyasi təqibləri araşdıracağı bildirilir

Ermənistan rəhbərliyinin qəbuledilməz addımları Avropanı da bezdirib

Onsuz da başı min bir bəlada olan Ermənistan Nikol Paşinyanın hakimiyyəti qəsb etməsindən sonra daha acınacaqlı günə düşüb. Çünki onun fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatları ziddiyyətlidir, populist xarakterlidir və bu günə qədər aparılmış danışıqların ruhuna, beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir. Bu adam açıq şəkildə danışıqlar prosesini pozmaq istəyir. Çünki tamamilə uğursuz siyasətçi, təcrübəsiz kadrdır. 
Ölkənin kütləvi informasiya vasitələri iyul ayındakı bir çox materiallara belə sərlövhə vermişdilər: “Baş nazirimiz Brüsseldən əliboş qayıdır.” Sentyabrda isə məhz həmin qəzetlər yazdılar ki, Paşinyan Moskvadan əliboş qayıtdı. Ermənilər bu “əliboşluğun” səbəbini bir çox ölkələrin Azərbaycanın karbohidrogen ehtiyatlarına möhtac olduğu ilə əlaqələndirməyə çalışırlar. Əslində isə heç kəsin İrəvan rəhbərliyinin üzünə baxmaması Ermənistanın işğalçı dövlət, Nikol Paşinyanın isə hakimiyyəti qəsb etmiş diletant olması ilə bağlıdır. 
Bu günlərdə isə İrəvana daha bir üzücü xəbər gəlib. Ermənistanın AŞPA -dakı nümayəndə heyətinin rəhbəri Arpine Ovannisyan xəbər verib ki,  AŞPA-nın siyasi məsələlər və demokratiya üzrə komissiyasıın iclasında Ermənistandakı daxili siyasi vəziyyət və son zamanlar ölkədə baş verən proseslər müzakirə olunub. 
Erməni deputat “Facebook” səhifəsində yazıb: “AŞPA-nın iclasında konkret olaraq Ermənistanda söz azadlığının boğulması, nifrət təbliğ edən materialların yayılması, Ermənistanın ikinci prezidenti (Robert Koçaryan) və digər çoxsaylı keçmiş məmurlar və onların ailə üzvlərinə qarşı açılan cinayət işləri, baş nazirin hakimiyyətinə qarant olaraq təzyiq vasitəsi kimi Ermənistan Konstitusiyasına yenidən dəyişikliklər edilməsinə cəhdlər və digər məsələlər müzakirə olunub.”
Əslində, AŞPA-nın və ya hansısa beynəlxalq təşkilatın bu addımı atacağı tamamilə gözlənilən idi. Çünki heç bir beynəlxalq konvensiya, saziş və ya digər sənədlərə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilatın qətnamələrini qulaqardına vuran Ermənistanın şıltaqlığı, özünü “dəliqardaşlığa” vurması hamını bezdirmişdi. 
Erməni deputat əlavə edib ki, AŞPA-nın monitorinq komissiyasının iclasında  Ermənistan Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinin yayılan gizli səs yazısı da qızğın müzakirələrə səbəb olub. Bütün bunları nəzərə alaraq, AŞPA-nın siyasi məsələlər və demokratiya üzrə komissiyası qanunun aliliyinin, qanunverici və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasını yoxlamaq, o cümlədən siyasi təqiblərlə bağlı Ermənistanda monitorinq keçirmək barədə qərar qəbul edib və bununla bağlı rəsmi İrəvana məktub göndərilib. Yəni deyirlər ki, həyasızlığın bir həddi olmalıdır. 
Yeri gəlmişkən, “Joxovurd” qəzeti Nikol  Paşinyanın  Moskvadan başqa bir məsələ ilə bağlı da əliboş qayıtmalı olduğunu yazır. Belə ki, Ermənistanın baş naziri Moskvadakı erməni iş adamları ilə görüşməli olub. İrəvanın Moskvadakı səfirliyinin aldadıb görüşə gətirdiyi erməni sahibkarların böyük əksəriyyəti Robert Koçaryan və Serj Sarkisyanın adamları olduğuna görə Paşinyanın “ölkəyə maddi yardım etmək barədə” ­çağırışına cavab verməyiblər. 
“Joxovurd” yazır: “Erməni iş adamlarından çoxu Paşinyanla görüşə sadəcə izləyici kimi gəldilər, oturdular və getdilər. Digərləri isə bəyan etdilər ki, daha Ermənistana pul ötürməyəcəklər. Çünki Yerevandakı yeni hökumətin onlar üçün əlavə başağrısı yaradacağından qorxurlar. Belə olduqda, onların yaxın təcrübədə olduğu kimi, şantaj və saxta ittihamlar yolu ilə həbsə atılmamaq üçün Ermənistana “investisiya” ayırmaq niyyətləri yoxdur”.
Yeri gəlmişkən, Ermənistanın baş naziri Rusiyanın “Kommersant” qəzetinə müsahibə verərkən də özünün arqumentsizliyi və baş-ayaq məntiqi ilə İrəvanı pis vəziyyətdə qoyub. "Əgər Azərbaycan güzəştə razıdırsa, Ermənistan da hazırdır"—ifadəsi onun Dağlıq Qarabağ münaqişəsi barədə tamamilə məlumatsız olduğunu sübut edib. 
"Kommersant"ın müxbiri  diletant baş nazirə xatırladıb ki, problemin həllinə maneə olan və danışıqlar prosesini əngəlləyən erməni tərəfindən asılı məsələlər də vardır – məsələn, "hətta Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınan 7 rayon". Müxbir əlavə edib ki,  bir həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya rəsmi səfəri zamanı  əməkdaşlıq haqqında ona yaxın müxtəlif saziş imzalanmışdır.  Paşinyanın işçi səfəri əsnasında isə heç bir sənəd imzalanmadı. Ermənistan rəhbərinin məntiqinə diqqət yetirin: “Mənim səfərim  sırf işçi, qeyri-rəsmi səfər idi. Mənim təxminən son dörd ay ərzində Rusiya prezidenti ilə görüşlərim bir növ adaptasiya xarakteri daşıyır”.
Ancaq Nikol Paşinyan unudur ki, onun Rusiyaya səfəri ərəfəsində rəsmi Moskva açıq şəkildə Ermənistanda baş verən son hadisələrdən narahat olduğunu bildirmişdi.  Rusiya xarici işlər naziri Sergey Lavrovun rəsmi bəyanatında, xüsusilə, KTMT baş katibi Yuri Xaçaturovun "2008-ci il 1 mart" cinayət işi üzrə həbs olunmasının Moskvanı narahat etdiyi göstərilib. Avqustun 31-də isə məlum oldu ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti, hazırda eyni cinayət işi üzrə istintaq altında olan və girovla azadlığa buraxılmış Robert Koçaryanı doğum günü münasibəti ilə təbrik edib.
Yəni “Ermənistanı ağ günə çıxartmaq üçün” hakimiyyəti qəsb edən Nikol Paşinyan öz ölkəsinin başı üstündəki qara buludları daha da qatılaşdıraraq vəziyyətin dalana dirənməsinə səbəb oldu. 

Hazırladı: 
 İttifaq MİRZƏBƏYLİ, 
 “Xalq qəzeti” 

12 2018 22:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Sentyabr 2018 | 23:04
Bu gün Aşuradır

Ən son xəbərləri səhifəmizdən də izləyin