• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlamətdar günə yüksək nailiyyətlərlə

Azərbaycan Prokurorluğu – 100

Əlamətdar günə yüksək  nailiyyətlərlə

Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət 
qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan 
Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram. 
Heydər Əliyev 
Ümummilli lider

 

 

 

Azərbaycanda müasir, hüquqi və dünyəvi dövlətin qurulmasında, azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində, mənəviyyatımızın yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, davamlı inkişaf perspektivlərinin gerçəkləşdirilməsinə zəmin yaradan sosial-iqtisadi konsepsiyanın və dünya standartlarına uyğun məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində, demokratik prinsiplər əsasında fəaliyyət göstərən işlək dövlət idarəetmə sisteminin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Ölkəmizin Əsas Qanununun qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. 
Müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını formalaşdıraraq respublikamızda hüquq sisteminin bünövrəsini yaradan Konstitusiyada Respublika Prokurorluğuna xüsusi maddə həsr edilmiş, dövlət idarətmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir. Prokurorluğun məhkəmə hakimiyyətinə aid edilməsi ilə onun dövlət idarəetmə mexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində aydınlıq gətirilməklə yanaşı, müasir Azərbaycan Respublikasının prokurorluq orqanlarının 1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olması təsdiq edilmişdir. 
Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. 
Ulu öndər Heydər Əliyev məhkəmə-hüquq islahatlarının  əhəmiyyətindən  danışarkən demişdir: "Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirləşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir. Əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir." 
Ümummilli liderin titanik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirilməklə, onun 1996-cı ilin fevralında imzaladığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradılmışdır. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzim edən çoxlu qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktların Avropanın aparıcı ekspertlərinin müsbət rəyini almış layihələri hazırlanmışdır. Bu layihələr əsasında qəbul edilmiş "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar ölkənin hüquq sisteminin formalaşması prosesinə böyük töhfə olmuşdur. 
Ulu öndər prokurorluq orqanlarının işinin təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həmişə xüsusi qayğı göstərmişdir. 
Milli prokurorluq orqanlarının tarixinin 1918-ci ildən başlanmasına baxmayaraq, idarəetmənin digər sahələrində mövcud olsa da, prokurorluq işçilərinin peşə bayramı uzun illər ərzində qeyd olunmamışdır. Belə bir təşəbbüs məhz ümummilli lider Heydər Əliyev tərəfindən göstərilərək, onun 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. 
Ümummilli liderin  həyata keçirdiyi məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabrında qəbul edilmiş "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda prokurorluğun sovetlər dönəminin totalitar rejiminə xas olan funksiyalardan azad olunması, onun fəaliyyətinin forma və metodlarının demokratik prinsiplərə uyğunlaşdırılması nəzərdə tutulmaqla bu təsisatın sistemi və təşkili, səlahiyyətləri və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi, fəaliyyəti ilə bağlı digər məsələlər müasir beynəlxalq standartlara uyğun tənzimlənmişdir. 
Ulu öndər Heydər Əliyevin Respublika Prokurorluğunun rəhbər işçiləri ilə 2000-ci il apreıin 26-da keçirdiyi görüş prokurorluq orqanlarının tarixində həlledici əhəmiyyətə malik dönüş nöqtəsi olmuşdur. Məhz bu görüşdə Heydər Əliyevin verdiyi rəhbər göstərişlərin nəticəsi olaraq, həmin vaxtdan Azərbaycan Prokurorluğu orqanlarında aparılan və bu gün də eyni intensivliklə yeni müstəvidə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi, fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin və milli maraqların etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işi yüksək tələblər səviyyəsinə çatdırılmışdır. 
Demokratik prinsiplərə və milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin onun tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir. "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli sərəncamla keçid dövrünün obyektiv çətinliklərinin mövcud olduğu bir şəraitdə prokurorluq işçilərinin maddi və sosial təminatları beynəlxalq standartlar səviyyəsinə qaldırılmışdır. 
Beynəlxalq təcrübə və milli xüsusiyyətlər nəzərə alınaraq qısa müddət ərzində prokurorluğun tarixində ilk dəfə olaraq "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə prokurorluğun fəaliyyətinin və gündəlik işinin səmərəli təşkili və həyata keçirilməsi üçün ümumi və sahəvi xarakterli əmr, təlimat və qaydalar hazırlanaraq icraya yönəldilmişdir. 
Ümummilli liderin imzaladığı 2001-ci il 19 iyun tarixli fərmanla təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin icraya yönəldilməsi Azərbaycan Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından biri olmuş və kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm işin əsasını təşkil etmişdir. 
Sevindirici haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilməklə, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyətə malik olmuşdur. 
Dövlət başçısının “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 3 mart tarixli sərəncamı ilə korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanının – Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında yaradılması prokurorluğa olan inam və etimadın təzahürü kimi bu mühüm dövlət təsisatının hüquqi sistemin formalaşdırılmasında rolunu daha da möhkəmləndirmişdir. Prezidentin bu sərəncamı korrupsiyaya qarşı mübarizənin aparılmasını Azərbaycan Respublikası Prokurorluğunun və onun mühüm strukturlarından biri olan Hərbi Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti kimi müəyyən edilməsini şərtləndirməklə bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizə aparılmasına zəmin yaratmışdır. 
Müasir dövr korrupsiyaya qarşı effektiv mübarizədə  yeni metodların tətbiqini, şəffaflığın təmin edilməsini, məsuliyyət və nəzarət mexanizmlərinin gücləndirilməsini, səmərəli maarifləndirmə tədbirlərini və informasiya texnologiyalarından istifadənin genişləndirilməsini zəruri edir. Korrupsiyanın qarşısını almaq üçün ona şərait yaradan halların müəyyən edilməsi, risklərin daim qiymətləndirilməsi, struktur islahatlara, institusional metodlara geniş yer verilməsi, ictimai nəzarətin subyektləri olan vətəndaş cəmiyyəti, özəl sektor və kütləvi informasiya vasitələri ilə dövlət orqanları arasında əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Qeyd edilməlidir ki, korrupsiya cinayətlərinə qarşı mübarizənin vəziyyəti mütəmadi olaraq Respublika Hərbi Prokurorluğunda ümumiləşdirilib, kollegiya iclaslarında müzakirə edilməklə, diqqət mərkəzində saxlanılır. Bu sahədə işin daha səmərəli təşkili, hərbi hissə və birləşmələrdə həmin cinayətlərin vaxtında aşkarlanması sahəsində ərazi hərbi prokurorluqlarının fəaliyyətləri təhlil olunur, müvafiq hərbi idarəetmə orqanlarına təqdimatlar, informasiya və icmal məktubları göndərilməklə zəruri qabaqlayıcı tədbirlərin görülməsi tələb edilir. 
Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi tərəfindən  Azərbaycan Respublikasının Konstitusiyası, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının baş prokuroru və respublika hərbi prokurorunun əmr, sərəncam və göstərişləri, eləcə də Azərbaycan Respublikası hərbi prokuroru tərəfindən təsdiq edilmiş “Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi haqqında Əsasnamə”nin müddəaları rəhbər tutularaq, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli işlər görülür.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” fərmanında prokurorluğa ünvanlanmış tövsiyələrdən irəli gələn vəzifələrin icrasına dair” respublika baş prokurorunun 9 iyul 2009-cu il tarixli 10/44 nömrəli əmrinin icrası ilə əlaqədar hərbi prokurorluq orqanlarının üzərinə düşən əlavə vəzifələrə dair 11 may 2018-ci il tarixdə  Azərbaycan Respublikasının hərbi prokuroru tərəfindən 83 nömrəli əmr imzalanmış və bu da şöbədə işin səmərəliliyinin daha da artırılmasına səbəb olmuşdur.
   Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin  siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilir. 
Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində müvafiq işlər görülmüş, bu xarakterli  faktlar üzrə 70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanmışdır.
Şöbənin əsas vəzifələri qanunla müəyyən edilmiş səlahiyyətləri dairəsində hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi , həmçinin:
– Azərbaycan Respublikasının müdafiəsinə və təhlükəsizliyinə, şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyinə, Silahlı Qüvvələrin döyüş qabiliyyətinə və döyüş hazırlığına, hərbi intizama və hərbi qulluğun müəyyən edilmiş qaydalarına;
–   hərbi qulluqçuların, toplanışlara çağırılmış hərbi mükəlləfiyyətlilərin və onların ailə üzvlərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının, hərbi müəssisələrin fəhlə və qulluqçularının hüquq və azadlıqlarına;
–   hərbi müəssisələrin hüquqlarına və qanuni mənafelərinə qəsd edən hər hansı qanunazidd hərəkətlərdən hüquqi müdafiəsini təmin etməkdən ibarətdir.
Şöbə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi əmlakın qorunub saxlanması, maliyyə məsələləri, hərbi nizamnamələrə əməl edilməsi vəziyyətinin araşdırılması üzrə müvafiq müfəttişliklər, komissiyalar, mütəxəssislər tərəfindən aparılmış idarədaxili yoxlamaların materiallarını tələb edir, həmin materiallar üzrə qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığını yoxlayır. Zəruri hallarda bu materiallar üzrə əlavə yoxlama aparır, pozulmuş hüquqların bərpa edilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür.
Bundan başqa, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə müraciətləri, həmçinin əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatları öyrənir, həmin məlumatlar üzrə ilkin araşdırmalar aparır. Zərurət yarandıqda bu məlumatlar üzrə şöbə mütəxəssislərinin iştirakı ilə, bəzən isə səlahiyyətli dövlət orqanlarının xüsusi biliyə malik  mütəxəssislərini cəlb etməklə Azərbaycan Respublikası hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını və nəticəsindən asılı olaraq cinayət və ya inzibati hüquq pozuntusu aşkar etdikdə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə müvafiq olaraq, cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət işi, yaxud inzibati qanunvericiliyə uyğun olaraq inzibati hüquqpozmalara dair icraat başlamaq haqqında  qərar çıxarır. Bəzən yoxlama zamanı aşkar edilmiş faktlar cinayət işinin başlanmasına kifayət qədər əsas vermədiyi hallarda cinayət işinin başlanılmasına ehtiyac olmur.
Bu günlərdə biz – prokurorluq əməkdaşları böyük fərəh hissi ilə əlamətdar bir  tarixi – Azərbaycan Respublikası Prokurorluğunun 100  yaşını  qeyd  etməyə  hazırlaşırıq. Sevindirici  haldır  ki, biz bu əlamətdar  günə  xidməti  fəaliyyətimizdə qazandığımız böyük nailiyyətlərlə gedirik.

Toğrul Hüseynov, 
Azərbaycan Respublikası Hərbi Prokurorluğu  Silahlı Qüvvələrdə qanun pozuntuları barədə  məlumatların araşdırılması şöbəsinin rəisi,  ədliyyə polkovniki                                                            

 

12 2018 22:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Sentyabr 2018 | 23:04
Bu gün Aşuradır

Ən son xəbərləri səhifəmizdən də izləyin