Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb. Kollektivin səfəri Qazaxıstandan başlayıb.

Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edib. Sentyabrın 6-da  isə yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verəcək.

Daha sonra isə kollektiv Bakıya gələcək. Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edəcək.

Qeyd edək ki, 2010-cu ildə yaradılan orkestr dünyanın müxtəlif şəhərlərində 60-a yaxın konsert verib. On ölkəni təmsil edən gənc ifaçılardan ibarət orkestrə üç dirijor – Azərbaycandan Mustafa Mehmandarov, Qazaxıstandan Ənvər Əkbərov və Tatarıstandan Renat Salavatov rəhbərlik edirlər.

Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Qazaxıstanda keçirilən konsertlərdə çıxış edərək, gənc istedadların bu konsertlər vasitəsilə türkdilli ölkələrin  bəstəkarlarını dünyaya tanıtdıqlarını bildirib. Baş katib orkestrin turnesinin Türk Şurasının yaradılmasının 10 illiyinə həsr olunduğunu söyləyib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 2019 12:22 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə