• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Yaponiyaya sülh müqaviləsi imzalamağı təklif edib

Rusiya Yaponiyaya sülh müqaviləsi imzalamağı təklif edib

Rusiya prezidenti Vladimir Putin Yaponiyanın baş naziri Sindzo Abeyə 2018-ci ilin sonuna qədər hər hansı ilkin şərtsiz sülh müqaviləsi imzalamağı təklif edib. Bu barədə o, dünən Şərq İqtisadi Forumunda bəyan edib. Məlumatı “Lenta.ru” verib. 
“Mənim ağlıma belə bir fikir gəlib: gəlin sülh müqaviləsini imzalayaq, ancaq indi yox, ilin sonuna qədər. Hər hansı ilkin şərtsiz, – deyə Rusiya lideri bildirib. – Bu müqavilə əsasında ölkələr mübahisəli məsələləri davamlı olaraq həll edər. Mənə elə gəlir ki, bu, 70 il ərzində öhdəsindən gələ bilmədiyimiz problemlərin həllini asanlaşdırar”.
Bir qədər əvvəl baş nazir Abe iqtisadi forum çərçivəsində bəyan edib ki, Moskva və Tokio arasında sülh müqaviləsinin olmaması normal hal deyil. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa isə deyib ki, ərazi mübahisəsi nizamlanmayınca ölkəsi Rusiya ilə sülh müqaviləsi imzalamayacaq. “Biz “şimal ərazilərin” (Kuril adasının cənub hissəsi – İturup, Kunaşir, Şikotan və Xabomai adaları) qaytarılması problemi üzrə kurs əsasında danışıqları inadla davam etdirəcəyik, sonra isə sülh müqaviləsi imzalana bilər”. 
Yaponiyalı rəsmi qeyd edib ki, ölkəsinin hökuməti Rusiya prezidenti Vladimir Putinin hər dediyini, eləcə də bu ilin sonuna qədər sülh müqaviləsini heç bir ilkin şərt olmadan imzalamaq barədəki təklifini şərh etməyəcək. 
Xatırladaq ki, son 70 ildə Rusiya və Yaponiya arasında sülh müqaviləsi imzalamaq mümkün olmur. Müqavilənin imzalanması üçün Yaponiya məlum adaların qaytarılması şərtini irəli sürür. Moskva isə hesab edir ki, Cənubi Kuril adaları İkinci Dünya müharibəsi nəticəsində SSRİ-nin tərkibinə daxil olub və adalar üzərində suverenitet mübahisəyə səbəb ola bilməz. 
IV Şərq İqtisadi Forumu isə sentyabrın 11-də Vladivostokdakı Uzaq Şərq Universitetində öz işinə başlayıb və ayın 13-də yekunlaşacaq. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

12 2018 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin