Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı müğənnı Beynəlxalq “Şərq təranələri” Musiqi Festivalının birinci mükafatına layiq görüldü

Azərbaycanlı müğənnı Beynəlxalq  “Şərq təranələri”  Musiqi Festivalının birinci mükafatına layiq  görüldü

Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" XII Beynəlxalq Musiqi Festivalı başa çatıb. Bu nüfuzlu musiqi bayramında dünyanın 75 ölkəsindən 340 ifaçı iştirak edib.

UNESKO-nun baş direktoru, xanım Odri Azule festivalın təntənəli bağlanış mərasimində laureatları təbrik edib, musiqiçilərə uğurlar arzulayıb. O deyib ki, mədəniyyətlər bir-birindən ayrı inkişaf edə bilməz. Musiqi festivalı da bu fikri təsdiqləyir.

Festivalın baş mükafatı--Qran-prini Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Mexriniqor Abduraşidova alıb.

Azərbaycandan gələn gənc xanəndə Pərviz Qasımov və Qırğız Respublikasının "Komuzçular" dueti birinci mükafata layiq görülüblər. Pərviz Qasımovu Azərbaycanın Əməkdar artisti Malik Mansurov (tar), Əməkdar artist Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.

İkinci mükafat Türkmənistan və Monqolustan nümayəndələrinə verilib.

Üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistan musiqiçiləri tutublar.

Festivalın münsiflər heyətinin üzvləri arasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Səyavuş Kərimi də olub.

Xatırladırıq ki, musiqi bayramının açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy, bir sıra ölkələrin mədəniyyət nazirləri və digər yüksək səviyyəli qonaqlar, Özbəkistan hökumətinin və parlamentinin üzvləri, səfirlər, habelə beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Festivalın açılışında, həmçinin Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da olublar.

Qeyd edək ki, 1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-pri mükafatına layiq görülmüşdü. XI festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-prini ikinci dəfə qazanıb. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 2019 17:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə