• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİİ tələbələri ilə görüş keçirib

Aİİ tələbələri ilə görüş keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2018-2019-cu illər üzrə qəbul edilmiş tələbələri ilə görüş keçirib.

Aİİ rektoru Ceyhun Məmmədov valideynləri və tələbə adını qazanmış abituriyentləri təbrik edərək, onlara qədəm qoyduqları  şərəfli və məsuliyyətli yolda uğurlar arzulayıb. Tələbəliyin insan həyatının ən müqəddəs və şərəfli mərhələlərindən birini təşkil etdiyini söyləyən rektor millətin gələcəyinin onun təhsilə və elmə verdiyi dəyərlə ölçüldüyünü bildirib.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan C.Məmmədov bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. Aİİ rektoru gənc nəslin sağlam ruhda yetişməsi, yüksək dünya standartları ilə ayaqlaşan təhsillə təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərdiyini vurğulayıb. C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu qeyd edib. Dərin bilikli, güclü şəxsiyyətli, zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin institutun əsas vəzifələrindən olduğunu nəzərə çatdıran C.Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər edəcəyini, ona göstərilən yüksək inam və etimadı doğrultmağa çalışacağını bildirib.

Ceyhun Məmmədov Aİİ-yə 2018-2019-cu tədris ilində islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə ümumilikdə 60 tələbənin qəbul olduğunu deyərək  cari il üçün institutun ümumi hesabatını açıqlayıb: “Dinşünaslıq ixtisasına 25 tələbə, islamşünaslıq ixtisasına 35 tələbə qəbul olunub. Dinşünaslıq ixtisası üzrə ən yüksək nəticə göstərən tələbə 463 bal toplayan Əliyev Məhəmməd Xəyaməddin oğludur. İslamşünaslıq ixtisası üzrə ən yüksək nəticə göstərən tələbə 396 bal toplayan Məmmədova Aysel Elçin qızıdır.”

C.Məmmədov tələbə və valideynlərə tədris prosesi, keçiriləcək fənlər haqqında ümumi məlumat verərək, Aİİ-də tədrisin yüksək ixtisaslı kadrlar tərəfindən təşkil olunduğunu, İslamla yanaşı, müasir sosial elmlərin metodları əsasında digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturlarını, o cümlədən fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi digər sosial, humanitar elmlərini də öyrənmək imkanına malik olacaqlarını diqqətə çatdırıb. Rektor, tələbələrə ingilis, ərəb, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanının yaradılacağını qeyd edib. Eyni zamanda, beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmə imkanı olacağını vurğulayıb. C.Məmmədov İnstitutda zəngin kitabxana fondunun olduğunu, tələbələrin bu fonddan açıq rəf sistemi ilə istifadə edə biləcəyini bildirib. Aİİ-də təqdim olunan təhsil imkanlarının ödənişsiz və dövlət sifarişi əsasında həyata keçirildiyini vurğulayan rektor tələbələrin təqaüd, pulsuz yemək, geyim və yataqxana ilə təmin ediləcəyini qeyd edib.

C.Məmmədov institutdan məzun olacaq tələbələrə karyera qurmaq imkanı yaradılacağını, o cümlədən hər iki ixtisas üzrə dövlət qulluqçusu, yaxud din xadimi, tədqiqatçı və pedaqoq sahələrində işlə təmin olunacaqlarını bildirib.

Görüşün sonunda tələbə və valideynlərin sualları cavablandırılıb, ixtisaslar üzrə yüksək bal toplayan tələbələr mükafatlandırılıb.

 

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

 

12 2018 18:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin