Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli bəstəkar Arif Məlikovun 85 yaşı tamam olur

Sentyabrın 13-də görkəmli Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiri, Xalq artisti, "Şərəf nişanı" və "İstiqlal" ordenləri laureatı, akademik Arif Məlikovun 85 yaşı tamam olur.

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) Qara Qarayevin bəstəkarlıq sinfində bitirib. Həmin ildən orada dərs deməyə başlayıb və hazırda qurumun professoru və Bəstəkarlıq kafedrasının müdiri kimi fəaliyyət göstərir.

Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət əfsanəsi" (1961) baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. A.Məlikov "Ölümdən güclü ", "Yer üzündə iki nəfər", "Əlibaba və qırx quldur", "İki ürək dastanı", "Yusif və Züleyxa" baletlərinin, “Azərbaycan” balladasının, "Dalğalar" 3 hissəli operettanın və 8 simfoniyanın müəllifidir. O, həmçinin 30-a yaxın Azərbaycan filminə musiqi bəstələyib. 2016-cı ildə bəstəkarın 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap edilib.

Onun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

A.Məlikov Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1965), "Şərəf nişanı" ordeni (1971), Azərbaycan SSR Xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), SSRİ Xalq artisti (1986), "İstiqlal" ordeni (1998), "Heydər Əliyev" ordeni (2013) kimi yüksək dövlət mükafatlarına, eyni zamanda, "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" (2015) və digər mükafatlara layiq görülüb.

www.science.gov.az saytı yazır ki, 85 illiyini qeyd etməyə hazırlaşan canlı klassikimiz Arif Məlikovun sənət yaşını heç kəs bilmir. Onun yaşı musiqimizin yaşı qədər qədim və gəncdir. “Məhəbbət əfsanəsi” ilə şöhrəti əfsanələşmiş bənzərsiz sənətkara yeni-yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayırıq.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

12 2018 13:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə