Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsan hüquq və azadlıqlarının Azərbaycan nümunəsi

İnsan hüquq və azadlıqlarının Azərbaycan nümunəsi

Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti ­quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindəndir. İstər ulu öndər Heydər Əliyev, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi ­olmaqla, cəmiyyət həyatının bütün sferalarını əhatə edir.

1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olmuşdur. Demokratiyanın əsas atributlarından biri olan insan hüquq və azadlıqlarının müdafiəsi ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründən dövlət siyasətinin əsasını təşkil edib. Ulu öndərin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə, qəbul edilən qanunvericilik aktlarında öz əksini tapmışdır. Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoymuşdu və bunu prioritet hesab edirdi. Hətta bu sahədə qətiyyətli və prinsipial addımlar atmaqdan da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır.
Ölüm cəzasının ləğv edilməsi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də, Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən idi. Bu qurumun 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, bu təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub.
1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın başlıca qayəsini məhz bu prinsiplər təşkil etdi.
Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradıldı, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edildi. Bu amnistiya aktları 77 mindən çox insana şamil edildi, onlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olundu. 

Ulu öndər, həmçinin törətdiyi cinayət əməlindən peşmanlıq keçirən, cəzasının bir hissəsini çəkən 3 mindən artıq şəxsi də əfv etdi. Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışladı.
Bu, Heydər Əliyev siyasətinin humanist mahiyyətini əks etdirən bariz nümunələrdən biridir. Yəni ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, amnistiya aktlarının qəbul olunması ilə məhkumların yenidən azadlığa qovuşub cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilməsi imkanının verilməsi məhz Heydər Əliyev siyasətinin aparıcı istiqamətlərindən biridir. 
Ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşdı, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edildi. Azərbaycanda müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Konstitusiyamızın ana xətti və mahiyyəti tamamilə beynəlxalq normalara, əsas insan hüquq və azadlıqlarına uyğundur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. 
Möhtərəm Prezidentimizin humanizm prinsiplərinə sadiqliyi, şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, Amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, onlar minlərlə insanı əhatə edən əfv sərəncamlarına və amnistiya aktlarına, humanist addımlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər. 
Ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin və Avropa Şurasının 3-cü Zirvə görüşünün insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən etdiyi prioritetləri nəzərə alaraq, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi humanizm prinsiplərinə sadiqliyin bariz nümunəsidir. 
Artıq hər il dövlət bayramlarında və digər əlamətdar günlərdə əfv fərmanlarının imzalanması, bayram günlərində yüzlərlə ailəyə, minlərlə insana ikiqat bayram sevinci bəxş etmək ənənə halını alıb. Bu vaxta qədər imzalanan 65 əfv sərəncamı, on minlərlə məhkumun azadlığa qovuşması insan hüquq və azadlıqlarının müdafiəsi yolunda Azərbaycan nümunəsidir. 
İnsan amilini dövlət siyasətinin prioritetinə çevirmiş Prezident İlham Əliyevin insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsində prinsipial mövqeyi əfv sərəncamlarının sayını 65-ə çatdırıb. 
Ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair dövlət proqramları və digər sənədlərin qəbul edilməsi, Azərbaycanın insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlaşdırılması, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi dünya birliyində də yüksək dəyərləndilir. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanda imzalanan əvf fərmanlarının əks – sədası nüfuzlu beynəlxalq təşkilatlardan da eşidilir. ABŞ Dövlət Departamenti Avropa Şurası, ATƏT Parlament Assambleyası və digər nüfuzlu təşkilatlar bu əfv fərmanlarına yüksək qiymət vermələri ölkəmizin humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. 
Ölkəmizin humanizm prinsiplərinə sadiqliyindən söhbət düşəndə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd edilməlidir. Fondun yarandığı vaxtdan etibarən həyata keçirdiyi çoxşaxəli fəaliyyətindən biri də ardıcıl olaraq humanist addımların atılmasıdır. Mərhəmət və insanpərvərlik Heydər Əliyev Fondunun humanizm siyasətinin qayəsidir. Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən fond fəaliyyəti ilə insanların ümid yerinə çevrilib.
Son 16 ildə həyata keçirilən dövlət siyasəti sayəsində respublikamız bütün sahələrdə böyük tərəqqiyə nail olmuş, dünya birliyində layiqli yerini möhkəmləndirmişdir. Bu illərdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, imzalanan fərman və sərəncamlar Prezident İlham Əliyevin əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini daha da təkmilləşdirib. Artıq ölkəmiz insan hüquq və azadlıqlarının müdafiəsində dünyaya öz layiqli töhfəsini bəxş edir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

24 2019 16:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə