Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib

Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib

Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ­dövrü hər birimiz yaxşı xatırlayırıq. Həmin dövrdə digər sahələr kimi, idmançılarımız və idman yarışları da tamamilə unudulmuşdu. Tanınmış idmançılarımız öz üstalıqlarını artırmaq, həmçinin beynəlxalq miqyaslı yarışlarda iştirak etmək üçün xarici ölkələrə üz tuturdular. 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Respublikamızın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Müxtəlif adamlar stadionda bazar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Yalnız ulu öndər Heydər Əliyevin ölkəyə qayıdışından sonra idmana və idmançılara qayğı artdı. 

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 
1993-cü ilin noyabrında ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev  qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Ulu öndər respublika fəallarının yığıncağında idmanın inkişafına xüsusi diqqət göstəriləcəyini bildirdi: “Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir.”
Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Qeyd etdiyimiz kimi, həmin il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. 
2003- cü ildə keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən cənab İlham Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində qətiyyətli addımlar atdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi.
Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı fərmanla martın 5-i Azərbaycanda İdman və Bədən Tərbiyəsi Günü kimi qeyd edilir. Həmin vaxtdan başlayaraq, idmançılar dövlət başçısının fərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlar. İdmançılara göstərilən dövlət qayğısı ildən-ilə artırılır. Buna görə də ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, idmançılarımız isə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil ediblər. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, Olimpiya komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib, idmanın kütləviliyi təmin edilib.
İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Son illərin idman nailiyyətlərinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bütün bunlar Azərbaycanda idmana dövlət qayğısının müsbət nəticələrini və idmanın inkişaf səviyyəsini əyani göstərir.
Respublikamızda idmanın yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir. 
Möhtərəm Prezidentimiz idmançıların böyük dostu və hamisidir. İdman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirləri, görülən işləri yüksək qiymətləndirirlər. Eyni zamanda, bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də təqdir olunur. Bu, təsadüfi deyil, çünki Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, Olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük dəyər verir. 
İdman sahəsində qazanılan qələbələr, Azərbaycanın bayrağının yüksəkliyə qaldırılması, Dövlət himnimizin səsləndirilməsi hər bir gəncdə qürur hissi yaradır. Müxtəlif növlər üzrə federasiyaların, idman klublarının, cəmiyyətlərin uğurla fəaliyyət göstərməsi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və digər müvafiq qurumların vahid siyasət aparmaları uğurlarımızı daha da zənginləşdirir.
Dünyanın ən mötəbər idman tədbirlərindən olan Olimpiya Oyunlarında Azərbaycan idmançılarının möhtəşəm qələbələr qazanması xüsusi qeyd edilməlidir. Olimpiya Oyunlarında Azərbaycan komandasının əldə etdiyi nəticələrə nəzər salsaq, olimpiadadan-olimpiadaya çox böyük uğurların əldə edildiyinin şahidi olarıq. Azərbaycan yığma komandası son Rio Olimpiadasında əvvəlki olimpiadalarla müqayisədə daha geniş heyətlə – idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunmuşdu. “Atlanta-1996”da 1, “Sidney-2000”də 3, “Afina-2004”də 5, “Pekin-2008”də 7, “London-2012”də 10 medal qazanan Azərbaycan komandası “Rio-2016” Yay Olimpiya Oyunlarında tarixi qələbəyə imza ataraq, 18 medal əldə etdi. Bu nəticə ilə yığmamız medalların sayına görə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 14-cü yeri tutdu.
Bu uğurlarımız, ümumiyyətlə. Milli Olimpiya Komitəmizin fəaliyyəti beynəlxalq aləmdə də yüksək dəyərləndirlir.Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti cənab Cak Roq Milli Olimpiya Komitəmizin fəaliyyətinə yüksək qiyməti dünyanın digər milli Olimpiya komitələrinə müraciətində vermişdir: “Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələri üçün örnək olmalıdır, Azərbaycan MOK-dan nümunə götürməlisiniz”. 
Artıq Tokio Yay Olimpiya Oyunlarına hazırlıq həlledici mərhələyə qədəm qoyub. Müxtəlif idman növləri üzrə təmsilçilərimiz Olimpiadaya lisenziya qazanmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Atletlərimiz ənənəyə sadiq qalaraq növbəti Olimpiya Oyunlarında qələbələrin sayını daha da artırmaq əzmindədirlər.

Yusif BABANLI,
Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor

24 2019 15:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə