Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda etirazlar səngimək bilmir

Ermənistanda etirazlar səngimək bilmir

Ermənistanın baş naziri Nikol Paşinyanın saxta, ­populist siyasətindən ölkə əhalisi arasında narazılıq günbəgün artır. Yerli və xarici KİV-lər yazırlar ki, bu dəfə əsgər valideynləri Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar hərbi hissələrdə komandirlərin övladlarına etdikləri təzyiq və işgəncələrə son qoymalarını tələb ediblər. Ermənistan əhalisi başa düşür ki, hakim elitanın qatı millətçi və təcavüzkar siyasəti sadə vətəndaşlara, erməni xalqına yalnız aclıq, səfalət, əsgər ölümləri gətirir. Təsadüfi deyil ki, etirazçılar Ermənistan ordusunda özbaşınalıq və xaosun tüğyan etdiyini bildiriblər. Son altı ayın statistikasına görə, orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 33-ə çatıb. Onlardan 14-ü hərbi hissələrdəki ­özbaşınalığa dözə bilməyərək intihar edib.

Narazı əsgər valideynləri etiraz aksiyası zamanı haqlı olaraq qeyd ediblər ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Bəli, bu gün Ermənistan cəmiyyətinin orduya inamı yoxdur. Çünki xidmət keçənlərin əksəriyyəti evlərinə, ən yaxşı halda, əlil olaraq qayıdır. Hökuməti isə onların sonrakı taleyi maraqlandırmır. 
Valideyn Ağban Vardanyan bildirib ki, övladı bir il əvvəl məcburi olaraq Dağlıq Qarabağa hərbi xidmətə göndərilib. Valideynin sözlərinə görə, oğlu bu yaxınlarda hərbi hospitala yerləşdirilib. Övladının hərbi hissənin komandir müavini tərəfindən döyüldüyünü deyən narazı valideyn vurğulayıb ki, həmin şəxs oğluna işgəncə verdikdən sonra onu boğaraq öldürmək istəyib. Etirazçılar bildiriblər ki, müdafiə naziri onları qəbul etməsə, aksiyanı dayandırmayacaqlar.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən bildirilir ki, orduda baş verən problemlərin kökündə rüşvət və korrupsiya dayanır. Ermənistan təhlükəsizlik xidmətinin keçirdiyi istintaq nəticəsində Müdafiə Nazirliyinin ehtiyacları üçün xərclənməli olan pulların mənimsənilməsi üzə çıxıb. İstintaq məlumatına görə, Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri təchizatçı şirkətlə cinayət əlaqəsinə girərək dəyəri aşağı olan malları bağladıqları müqavilədə yüksək qiymətlə göstərirlər. Məlumatda bildirilib ki, faktlar bağlı cinayət işi də açılıb, istintaq gedir.
Bu günlərdə Ermənistanın hazırda həbsdə olan sabiq prezidenti Robert ­Koçaryanın tərəfdarları İtaliya və Fransanın Yerevandakı səfirlikləri qarşısında etiraz aksiyaları keçiriblər. Aksiyaların iştirakçıları sabiq dövlət başçısının siyasi motivlərlə bağlı həbs olunduğunu bildiriblər və onun azad olunmasına dair tələblərini diplomatik missiyaların nümayəndələrinə təqdim ediblər. Məktubda Koçaryanın cinayət işi ilə əlaqədar bir il əvvəl açılmış cinayət işində qeydə alınmış 29 qanun pozuntusunun qeydə alınmış siyahısı təqdim edilib.
Robert Koçaryanın tərəfdarları bir gün əvvəl də Almaniyanın İrəvandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar diplomatik missiyanın nümayəndəsinə Ermənistanda məhkəmə-hüquq sistemində baş verən özbaşınalıqlar barədə məlumat veriblər.
Paşinyan və onun komandası Dağlıq Qarabağda yeni bir seçki şousu təşkil etməyə hazırlaşır. Hətta bunun üçün yerli QHT-lərin birinin hesabına vəsait də ayırıblar. Ermənistan hökumətinin niyyəti bəllidir. Belə ki, rəsmi İrəvan bir daha saxta seçkilər yolu ilə qondarma respublikanı beynəlxalq ictimaiyyətə legitim qurum kimi qəbul etdirməyə cəhd edir. 
Təbii ki, budəfəki seçkilər də əvvəlki psevdoseçkilər kimi dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınmayacaq. Bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, ölkəmizin işğal olunmuş ərazilərində “seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti bir daha ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir”.
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli idarəetmə orqanlarına seçkilər”i demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır: “Dünya birliyi azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir”. 

M.HACIXANLI,
“Xalq qəzeti” 

24 2019 15:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə